İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan XƏBƏRDARLIQ: “Azərbaycan Vardanyanı belə cəzalandıracaq”

1202 28.12.2022 19:05 Siyasət A A

“Ruben Vardanyan Moskvanın ümidlərini doğrulda bilmir. Eyni zamanda Xankəndidəki separatçı quldurbaşılar arasında ciddi problemlər yaranıb və son mitinqdə Arutunyanın ümumiyyətlə çıxış etməməsi bunu bir daha təsdiqlədi”.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, Vardanyan özünün maliyyə dəstəyi ilə Xankəndidə insanları zorla və məcbur etməklə mitinqə gətirib: “Bu, hamıya bəlli olan məsələdir ki, mitinq pulla təşkil edilib. Bununla o, özünü Moskvadakı ağalarına göstərməyə çalışır. Eyni zamanda Vardanyan mitinqdə 3 məsələ irəli sürüb: birincisi, Azərbaycan tərəfinin tələblərinə tabe olmamaq, ikincisi, tabe olmasa da, mütləq şəkildə qarşıdurmaya getmək, üçüncüsü, bütün beynəlxalq təşkilatları bu məsələyə cəlb etmək”.

Arzu Nağıyevin sözlərinə görə, separatçılar ciddi cəhdlə istəyirlər ki, BMT-də hansısa qətnamələr qəbul olunsun: “Məlum məsələdir ki, BMT Azərbaycanla bağlı 4 qətnaməsini heç 30 il ərzində yerinə yetirməyib. Rusiya ilə bağlı dəfələrlə qətnamələr qəbul olunub, heç biri yerinə yetirilmir. Qarabağ separatçılarının atdıqları addımlarla bağlı Azərbaycana qarşı hansısa qətnamə qəbul olunacağı da inandırıcı görünmür və MDB rəhbərliyinin Sankt-Peterburqda keçirilən qeyri-formal görüşündə yolun açılması ilə bağlı ciddi qərar qəbul edilməsinə də ümid bəsləyirdilər, bu da alınmadı. Saxta mitinqlərlə əlaqədar bəyanatlar verirlər, guya mitinq 26 min kvadratmetr ərazidə keçirilir, hər kvadratmetri 3 nəfərdən hesablayırlar. Ümumiyyətlə, belə analoqu olmayan hesablamalar aparmaqla kütləviliyi qadabartmağa çalışırlar”.

Deputat qeyd edib ki, Vardanyanın Xankəndidə peyda olması oradakı separatçıların yuxusuna haram qatıb:

“Onlar bir-birlərini ciddi rəqib gözündə görürlər. Baxmayaraq ki, mitinqdə hamısı bir yerdə idi. Amma bu, görüntü xarakteri daşıyırdı. Aralarında ciddi fikir ayrılığı və parçalanma mövcuddur, bu, getdikcə dərinləşməkdədir. Vardanyanın bir həftə əvvəl mitinq keçirə bilməməsi də bunun bariz nümunəsidir. Yerli erməni xalqı da ondan narazıdır. Bu gedişlə Vardanyanı ermənilər özləri gec-tez oradan çıxaracaqlar. Vardanyan özü də başa düşür ki, Azərbaycan qanunlarını pozub, onun bütün hərəkətlərində cinayət tərkibi var və Azərbaycan hüquq-mühafizə orqanları onun haqqında ciddi tədbirlər görəcək. Bunun hansı formada olacağını isə zaman göstərəcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR