Vahid Əhmədov: “Biz işsizlərin sayının 5 faiz olduğunu deyiriksə, bəs bu gün müraciət edən işsizlərin sayı niyə belə çoxdur?”
Samir Əliyev: “Mövcud metodologiya da işsizliyin müəyyənləşdirilməsi üçün tam yetərli deyil”
Pandemiya səbəbindən karatin elan olunması, iş yerlərinin bağlanması, daha sonra dövlət tərəfidən işsizlərə və pandemiya işini itirənlərə 190 manat ödənişin verilməsi ilə bağlı proqramın gündəmə gəlməsi işsizliyin səviyyəsini də gündəmə gətirmiş oldu. Məlum oldu ki, ölkədə əmək müqavilə olmadan çalışanların və ümumiyyətlə işsiz olanların sayı əmək müqaviləsi ilə çalışanlardan qat-qat yüksək imiş.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da açıqlama verib. Onun sözlərinə görə, prezidentin də bildirdiyi kimi, işsizlərin sayı dəqiq deyil: “190 manatlıq birdəfəlik ödəmə zamanı da işsizlərin sayı müəyyən qədər bilinir. Bu çox ciddi problemdir və bunu araşdırmaq lazımdır. Prezidentə yanlış informasiya verənlər mütləq cəzalandırılmalıdır. İşsiz adamı işləyən kimi göstərirsən və o da faktiki olaraq yardımlardan kənarda qalır?! Yaxşı ki, prezident bu kimi neqativləri aşkarlayır. Qeyd edim ki, bu indinin məsələsi deyil. Bununla bağlı Dövlət Statistika Komitəsində ciddi problemlər var. Ölkədə aparılan siyahıyaalma dəqiq olsa, digər sahələrdə də dəqiqləşmə aparmaq çətin olmaz. Hər kəs öz mundirini, öz kreslosunu qorumaq üçün istənilən addımı atır. Biz işsizlərin sayının 5 faiz olduğunu deyiriksə, bəs bu gün müraciət edən işsizlərin sayı niyə belə çoxdur?”,-deyə millət vəkili soruşub.
Vahid Əhmədov əlavə edib ki, düzgün məlumat vermək lazımdır ki, Prezident də mövcud vəziyyəti analiz edə bilsin: “Bilsin ki, ölkədə həqiqi vəziyyət nə cürdür. Prezident təkdir, o hər şeylə tək-tək məşğul ola bilməz. Ona məlumatlar hökumət, nazirlər, icra hakimiyyətləri tərəfindən verilir. Koronavirus göstərdi ki, bəzi məlumatlar dövlət başçısına düzgün verilmir. Bu yalnız işsizlərin sayı ilə bağlı deyil, problem digər sahələrdə də var. Hər məmur öz yerini qorumağın hayındadır”.
İşsizliklə bağlı statistikanın yanlış olduğun təsdiq edən iqtisadçı ekspert Samir Əliyev də Musavat.com-a açıqlamasında bildirdi ki, işsizliyin real səviyyəsi hər zaman müzakirə mövzusu olub: “Amerika kimi inkişaf etmiş ölkədə də işsizliyin səviyyəsi 5 faizdir. Halbuki insanlar orada rahatlıqla iş tapa bilir, Azərbaycanda isə insanlar daim iş tapa bilmədiklərindən şikayət edirlər və bizdə də işsizlik 5 faiz qeydə alınır. Bu əlbəttə, nonsesdir. 4-5 il öncəyə qədər İspaniya kimi ölkədə 10-15 faiz işsizlik var idi. Avropa ölkələrində işsizlik 5 faiz civarındadırsa, Azərbaycanda 5 faiz olması reallığı tam əks etdirmir, bunu da gözümüzlə görürük. Burada işsizliyin hesablanması metodologiyasında da yanlışlıq var”.
İqtisadçı qeyd etdi ki, Azərbaycanda əgər sizin pay torpağınız varsa, artıq şəxs işsiz sayılmır: “Digər bir göstərici isə odur ki, sahibkar kimi VÖEN-niz varsa, artıq işsiz sayılmırsınız. Ancaq ola bilər ki, qeydiyyata durmusunuz, ancaq işləmirsiniz. Bu metodologiya da işsizliyin müəyyənləşdirilməsi üçün tam yetərli deyil, ona görə də, bu gün rəsmi işsizlik 5 faizə düşüb. Koronavirus pandemiyasının olması özlüyündə mənfi bir hal olsa da, iqtisadiyyatda olan boşluqları, çatışmazlıqları üzə çıxartdı. İnsan xəstələnərkən, hər zaman bədənində olan zəif və problemli yerlər ortaya çıxır”.
Samir Əliyev hesab edir ki, qeyri-rəsmi çalışanların çox olmasının səbəbi vergi və sosial ödəmələr yükünün çox olmasıdır: “Rəsmi çalışanların sayı 1,5 milyon nəfərdir, onun 900 min nəfəri dövlət sektorunda, qalan hissəsi isə özəl şirkətlərin payına düşür. Yerdə qalanlar isə qeyri-formal əmək bazarının iştirakçılarıdır. Burada məşğulluq məsələsi var. İnsanlar işləyir, ancaq onların fəaliyyəti qeydə alınmır. Bunun səbəbi də çox sadədir. Sahibkarların işçiləri rəsmi qaydada işə götürməməsinin səbəbi vergi yükünün çox olmasıdır, sosial sığorta ayırmalarının çox olmasıdır. Sosial sığorta əmək haqqı məbləğinin 25 faizi həcmindədir, bunun 15 faizi sahibkarın, 10 faizi işləyənin üzərinə düşür. Bu öhdəlik paylaşıldı, bu yaxşıdır. Ancaq işləyən adamı alacağı pul maraqlandırır. İşçi deyir ki, aylıq məsələn 500 manat pul almalıyam, vergi məsələsi bu məbləğdən çıxılmasın. Yenə də yük sahibkarın üzərinə düşür. Nəticəsə sahibkar ya işçini rəsmi qeydiyyata almır, ya da qeydiyyata alsa belə rəsmi əmək haqqını az göstərir, əksər hallarda minimum əmək haqqı məbləğində qeydə alır”.
İqtisadçı vurğuladı ki, istənilən halda Azərbaycanda işsizliyin hazırki səviyyəsi 5 faiz deyil, fikrimcə bu rəqəmdən 3-4 dəfə çoxdur: “Pay torpağı məsələsi də insanlar üçün bəlaya çevrilib. Bu şəxslər nə işsiz kimi qediyyata düşə bilirlər, nə də ünvanlı sosial yardım ala bilirlər. Burada kənd təsərrüfatı koorperasiyalarının yaradılması da önəmlidir, koorporativlərinin formalaşdırılması ilə bu məsələni canlandıra bilərlər. Və ya kimlərəsə idarəetməyə verə bilərlər. Lakin istənilən halda işsizliyin və ünvanlı sosial yardımın müəyyən edilməsində pay torpağı məsələsi çıxarılmalıdır”.
Nərgiz Liftiyeva,
Musavat.com