İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Qərbi Azərbaycanla bağlı bu faktı qabartmaq vacibdir”

839 10.01.2023 15:52 Siyasət A A

“Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi tarixi faktdır. Bu, bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş haqsızlıqdır. Yüz minlərlə insan öz dədə-baba yurdundan məcburən çıxarılıb. Bu baxımdan, cənab Prezidentin də Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə vurğuladığı kimi, Ermənistandan deportasiya olunmuş soydaşlarımızın öz doğma torpaqlarına qayıtması bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb”.

Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Ramin Məmmədov bildirib.

O hesab edir ki, dövlət başçısı öz çıxışında əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib: “İlk növbədə bu tarixi faktı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ardıcıl və sistemli iş aparılmalıdır. Kütləvi informasiya vasitələri, tarixçilər, araşdırma mərkəzləri, siyasi dairələrin məlumatlandırılması istiqamətində tədbirlər görülməlidir. Beynəlxalq hüquq müstəvisində azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində də addımlar atılmalıdır. Burada iki mühüm vəzifə meydana çıxır: birincisi, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbuluna, müzakirələrin təşkilinə nail olunması; ikincisi, mövzuya nüfuzlu insan hüquqları təşkilatlarının cəlb olunması, onların hesabatlarında məsələnin əksini tapması üçün müvafiq iş aparılması. Təbii ki, diplomatiyamızın üzərinə də böyük məsuliyyət düşür, belə ki, bütün beynəlxalq platformalardan maksimum istifadə etmək lazımdır. Hər bir görüş, beynəlxalq tədbirdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası faktını imkan daxilində qabartmaq vacibdir. Azərbaycan ictimaiyyətində də bu məsələnin unudulmaması, ideoloji hədəf kimi qavranılması, onun tarixi, ictimai-siyasi əhəmiyyətinin düzgün qiymətləndirilməsi istiqmətində iş getməlidir. Düşünürəm ki, qeyd olunan bütün istiqamətlər üzrə ekspertlərin təklifləri əsasında hazırlanmış ayrıca fəaliyyət planları qəbul edilməlidir. Hər bir fəaliyyət planında görüləcək işlərə dair yüzlərlə təklif öz əksini tapa bilər”.

Ramin Məmmədov vurğulayıb ki, Qərbi Azərbaycan İcması fəaliyyətini qarşı tərəfin reaksiyası üzərində qurmalı deyil: “Qarşı tərəfin reaksiyası ümumi fəaliyyət planında nəzərə alınması mümkün elementlərdən yalnız biri ola bilər. Bizim tələbimiz həm tarixi, həm də beynəlxalq hüquq kontekstində tam əsaslıdır, sadəcə inandığımız, əmin olduğumuz bir məsələnin həlli üçün səylərimizi birləşdirməliyik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR