İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Qərarlar elə Strasburqda qəbul olunub, Fransanın bundan xəbəri yoxdurmu?”

386 27.12.2022 16:15 Siyasət A A

Milli Məclisin iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov əvvəlcə Şuşa-Xankəndi yolunda dinc aksiya keçirən iştirakçılara göstərdikləri əzmə görə təşəkkür edib.

Musavat.com-un xəbərinə görə, o, daha sonra bildirib ki, Azərbaycan Konstitusiyanın 28-ci maddəsi, 1948-ci ilin İnsan hüquqları Bəyannaməsinin 13-cü və 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Paktın 12-ci maddəsində qanuni şəkildə ölkə ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilməsi açıq formada təsbit olunub:

“Konstitusiyamızın 14-cü maddəsinə əsasən təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. 39-cu maddənin məzmununa görə isə ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törəilə, zərər vura bilməz və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ var. Eyni zamanda sərvətlərimizin təbiətə bərpası mümkün olmayan zərərlərlə müşahidə olun talanı Azərbaycan Cinayət Məcəlləsin 28-ci fəsili üzrə ən azı 8 maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərini əhatələyir. Ortada cinayətlərin, o cümlədən beynəlxalq cinayətlərin məcmusu var”. Deputat əlavə etdi ki, Avropa İnsan Haqları Məhkəməsinin bu məsələ ilə bağlı çox ciddi mövqeyi var: “2006-cı il Cakomelli İtaliyaya qarşı, açıq tələb qoyulub ki, “şəxslərin sağlamlığı üçün mənfi nəticələr doğura bilən ekoloji zərərli fəaliyyətlər zamanı maraqlı şəxslərin bütün aktual və lazımi informasiyaları əldə etməsi üçün səmərəli və əlçatan prosedur təşkil edilməlidir. 2015-ci il Roman Zaxarov Rusiyaya qarşı işi var, ekoloji təhlükəsizliyə qarşı təhlükə yaradan hadisələr və ya hərəkətlər olanda çoxsaylı hüquqların, hətta şəxsi və ailə həyatı kimi həssas hüquq belə ikinci plana keçir. Yaxud Tatar Rumıniyaya qarşı- 2009-ci il, Makginli və İqan Birləşmiş Krallığa qarşı -1998-ci il və azı 20 qərar saya bilərik, bu Avropanın mövqeyidir. Yaxşı, indi Azərbaycana çatanda Avropanın hüquq sistemi niyə çökür? Avropa Məhkəməsinin presedentləri yaxud məhkəmə təcrübəsi hara gedir? Axı, bu qərarlar uzaqda yox, elə Strasburqda qəbul olunub, Fransanın bundan xəbəri yoxdurmu?”

B.Məhərrəmov qeyd edib ki, Fransanın məqsədləri aydındır, Fransanı hansısa erməni maraqlandırmır:

“Fransa Azərbaycanın çoxsaylı obyektlərində inhisarçıya çevrilmək, Azərbaycanın milli təhlükəsizliyində imperialistcəsinə rol almaq niyyəti ilə hücuma keçmişdi, Makron reket kimi davranmaq istəyirdi ki, Azərbaycan Prezidenti ona yerini göstərdi. Çünki cənab İlham Əliyev özü bu gün qlobal siyasətin mərkəzi oyunçularındadır və onun sayəsində Azərbaycan böyük mərkəzlərə “dur” deyə biləcək gücə və müstəqilliyə sahibdir. Yəni, bu gün Fransanı qəzəbləndirən Parisin özünün “ova gedərkən İlham Əliyev tərəfindən ovlanması”dır. Vətəndaşlarımız prosesə açıq gözlə baxsınlar, necə oldu, həm İran, həm ölkə daxilindəki antimilli düşərgə məhz bu aralar aktivləşib? Çox sadə, Fransanın İran kartı fiaskoya uğradıqdan sonra indi də Azərbaycan siyasi sistemindəki 5-ci kolonunu işə salıb, amma bunlar da zatən siyasi cəhətdən bitdiyi üçün addımlar effektiv deyil. Heç kim Azərbaycanı dayandıra, cənab İlham Əliyevin iradəsinə təsir edə bilmədi və möhtərəm Prezidentin də dediyi kimi, “zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”. Əksinə, indi hədəfimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına, sülh yolu ilə, beynəlxalq konvensiyalara uyğun dönüşü dayanır. Əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin bu layihəsi Azərbaycanın hücum siyasəti doktrinasının qızıl səhifələrindən biri kimi yadda qalacaq, əhəmiyyətcə Vətən müharibəsindəki Zəfərimiz qədər önəmli hadisə kimi tarixə düşəcək”.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR