İnsanlara hürriyət, millətlərə istiqlal!

Delimitasiya zamanı Azərbaycana qaytarılacaq 8 kənd - Ermənistan bundan imtina edərsə...

2493 29.12.2022 08:35 Siyasət A A

Hüquq eksperti: “BMT-nin Ermənistandan Azərbaycanın 8 kəndini geri qaytarmaq tələbinin əks olunduğu qətnamə qəbul etmək hüququ da var”

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Qarabağdan kənar 8 kəndi də işğal edilib. Bunlar Qazax rayonunun 7 anklav kəndi, habelə Naxçıvanın Kərki kəndidir. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatda (ilk variantda) bununla da bağlı məqam var və razılaşmaya, anlaşmaya görə, habelə bu bəyanat olmasaydı belə, Ermənistanla Azərbaycan arasında delimtasiya həyata keçirilərkən bu 8 kənd də təhvil verilməlidir.  Ancaq indiyədək bu məsələdən danışılanda Ermənistan həyasız açıqlamalar verir. Rəsmi İrəvan deyir ki, bunun qarşılığında Azərbaycan da Gədəbəydəki Başkənd kəndini  Ermənistana təhvil verməlidir. Hansı ki, bunun hüquqi əsası yoxdur, Başkənd birmənalı olaraq Azərbaycan torpağıdır. Azərbaycanın xarici işlər naziri keçirdiyi mətbuat konfransında bu məsələdən danışıb. O təsdiq edib ki, delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılmalıdır: “Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.

O, delimitasiya ilə bağlı danışıqların Ermənistanla müzakirələrdə mühüm istiqamət olduğunu deyib: “30 ildir, bu ölkələr arasında sərhədlər müəyyənləşməyib, çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib”.

Nazir Ceyhun Bayramov bütün hüquqi sənədlərin mütəxəssislər tərəfindən araşdırılaraq delimitasiya prosesinin davam etməli olduğunu nəzərə çatdırıb.

O, Ermənistana delimitasiya olunmamış sərhədlərdə təxribatlardan çəkinməyə çağırış olunduğunu deyib. Nazir bu ilin sentyabrında sərhəddə baş verən təxribatları xatırladıb.

Delimitasiya prosesində Ermənistan bu məsələdə dirəniş göstərərsə, Azərbaycan hüquqi və hərbi güc olaraq hansı addımları ata bilər? Növbəti dəfə sərhəd savaşı-12-14 sentyabr hadisələri təkrarlana bilərmi? Eyni zamanda bir suala aydınlıq gətirmək də zəruridir: Beynəlxalq qurumların, BMT-nin sərhəd müəyyənləşməsində hansısa mandatı, real təzyiq mexanizmləri varmı? Faktiki olaraq bu 8 kənd də işğala məruz qalıb və işğaldan azad edilməli, Azərbaycana təhvil verilməlidir. Buna görə Ermənistana sanksiyalar tətbiq edilməsi məsələsi də qaldırılmalıdırmı?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

 Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, ümumiyyətlə, Ermənistan Azərbaycana qarşı işğalçılığa başladıqdan sonra həm o zamankı Dağlıq Qarabağ bölgəsi, həm də bu bölgədən kənarda olan Azərbaycanın 7 rayonu işğal edildi: "Eyni zamanda Qarabağdan xeyli uzaqda yerləşən Qazax rayonunun 7 kəndi, Naxçıvanın isə bir kəndi Ermənistan tərəfindən işğal olundu. İkinci Qarabağ müharibəsi nəticəsində qəhrəman ordumuz həmin 7 rayonumuzu azad etdi. Lakin həmin 8 kəndimiz hələ də işğalda qalır. Ermənistan bəhanə edir ki, bu kəndlər anklav ərazilər kimi Ermənistanın ərazisinə düşür, ona görə də Ermənistan torpağıdır. Amma qəbul olunmuş beynəlxalq prinsiplər, sərhədlər var, bütün dünya da bilir ki, əgər biz köhnə sovet dövründəki sərhədlərə qayıdırıqsa, həmin 8 kənd mütləq Azərbaycana qaytarılmalıdır. 10 noyabr üçtərəfli bəyanatı imzalanarkən əldə olunan razılaşmalarda da 8 kəndin geri qaytarılması və sərhədlərin delimitasiyası, demarkasiyası həyata keçirilməlidir. Bu zaman isə həmin anklavlar da Azərbaycana qaytarılmalıdır. Lakin Ermənistan tərəfi həyasızcasına bu razılaşmadan boyun qaçırır. Bu fakt da bir daha onu göstərir ki, Ermənistan sülh istəmir, Ermənistan hər bir məsələdə pozuculuq etməklə məşğuldur. Ermənistan bu davranışı ilə, həmin 8 kəndi geri qaytarmamaqla beynəlxalq hüquqa da qarşı çıxmış olur. Azərbaycanın həm güc yolu ilə, həm də beynəlxalq təşkilatlar qarşısında hüquqi məsələ qaldırıb Ermənistana qarşı sanksiya tətbiq olunmasına nail olmaq yolu ilə torpaqlarını azad etməyə hüququ çatır. Azərbaycan BMT-yə qəbul olunarkən həmin 8 kənd də Azərbaycanın ərazisi olaraq tanınıb. Ona görə də bu məsələni Azərbaycanın istər BMT qarşısında, istər digər beynəlxalq təşkilatlar qarşısında tələb kimi qaldırması mümkündür. BMT-nin Ermənistandan Azərbaycanın 8 kəndini geri qaytarmaq tələbinin əks olunduğu qətnamə qəbul etmək hüququ da var. Azərbaycan bu istiqamətdə addımlar atmalıdır, BMT-yə rəsmi müraciət etməlidir. BMT-nin belə bir qətnamə qəbul etməsinə nail olsaq və Ermənistan bu qətnamələrə məhəl qoymasa, Azərbaycan həmin qətnamələri də əlindəki beynəlxalq hüquqi sənəd kimi əsas tutaraq qətnamənin tələbinin güc yolu ilə gerçəkləşdirilməsinə nail ola bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR