İnsanlara hürriyət, millətlərə istiqlal!

Çərçivə sazişi masada - Zəngəzur üçün alternativ də var...

3992 22.05.2024 10:36 Siyasət A A

Siyasətçilərin fikrincə, noyabra qədər Bakı və İrəvan sənəd imzalaya bilər, lakin delimitasiya və kommunikasiya prosesində ləngimə gözlənilir - əgər koridor açılmasa...

Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəkləri quraşdırılıb. Ermənistan KİV-ləri məlumat yayıb. Sərhəd dirəklərinin yanında sərhədçilərin dayandığı bildirilir. 

Amma Ermənistan sülh müqaviləsinin daha etibarlı olması üçün yeni konstitusiya qəbul etməlidir. Yəni Ermənistanın mövcud qanunvericiliyi Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə normallaşma prosesinə zidd olmamalıdır. Çünki ərazi iddialarını ehtiva edən mövcud konstitusiya qaldıqca, gərginlik də tam aradan qalxmayacaq. “Yeni Müsavat” bildirir ki, baş nazir Nikol Paşinyan artıq belə bir dəyişikliyin anonsunu verib və çərçivə sazişinin imzalanmasından sonra Ermənistan yeni konstitusiya qəbul edə bilər. Ona görə ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 10-11 may tarixlərində Almatı şəhərində danışıqların nəticəsi ilə bağlı verilmiş açıqlama sülh sazişinə hələ məsafə qaldığını göstərdi. “Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar”. 

Bu, Bakı və İrəvanın danışıqlarda müsbət atmosferin davamında maraqlı olduğunu gks etdirsə də, sülh saziş üçün hələ “məsafə” olduğunu göstərir. Mayın 19-da Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş hidroqovşaqların açılış mərasimində də sülh sazişinin imzalanmasının vacibliyindən danışıb. “İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır. Hesab edirəm ki, bu, ümidverici hadisədir. Çünki bu, ümid verir ki, nəhayət, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər”, - deyə Prezident bildirib. 

Dövlət başçısı daha sonra bunları deyib: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni növbəti səhv buraxmasın. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcəkdir”.

Qeyd edək ki, ötən həftə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-2029-cu illərdə tam gücü ilə işləməyə başlayacağını bildirib. Nazir oxşar açıqlamanı bu il ərzində bir neçə dəfə səsləndirib. Ermənistan Zəngəzur dəhlizini yubadacağı halda İrandan keçən Araz dəhlizi işə düşəcək. Bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq və Orta dəhlizin tərkib hissəsi ola bilməyəcək. Prezident Xudafərindəki açılışda Zəngəzur dəhlizinin bir hissəsi olacaq Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikildiyini yada salıb. “Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq”, - deyə İ.Əliyev bildirib.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı çərçivə sənədinin imzalanmasını mümkün sayır. Partiya sədrinin “Yeni Müsavat”a dediyinə görə, hər iki tərəf səy göstərir və Ermənistan həmişə boyun qaçırırdısa, indi yola gəldiyi görünməkdədir: “Delimitasiya işi bunu sübut etdi və keşişin keçirdiyi aksiyalar da hökumətin bu məsələdə mövqeyini dəyişmədi. Əvvəllər kənar müdaxilələr də olurdu, indi bu da yoxdur. Prosesi pozmaq üçün heç bir addım atılmır, Qərb də sənədin imzalanmasında maraqlı görünür. Fikrimcə, hamı Zəngəzur dəhlizinin işə düşməsini istəyir. Ona görə danışıqlara müdaxilə etmirlər”. A.Nağının bildirdiyinə görə, sadəcə, Ermənistan yola nəzarətin onda olmasını istəyir və problem bu məsələdədir: “Rusiyanın hərbi qüvvələri Zəngəzurda qalır, bəzi postlardan çıxsalar da, sülhməramlıların bir hissəsi bu bölgədəki dislokasiya məntəqələrinə göndəriliblər. O baxımdan Zəngəzur dəhlizinin işə düşməsi üçün sülh müqaviləsi olmalıdır və hazırda vasitəçisiz danışıqlar gedir. Zənnimcə, COP29-a qədər hansısa sənəd imzalanacaq. Bu, minimum çərçivə sazişi, maksimal sülh müqaviləsi ola bilər”. 

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yeni Çağ Media

Arzuxan Əlizadə 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də çərçivə sazişini istisna etmir: “Təqdiredici haldır ki, ikitərəfli qaydada danışıqlar aparılır. Yaxın dövrlərdə bir sənəd imzalanması mümkündür. Noyabra qədər imzalanması ona görə ifadə edilir ki, COP29 ərəfəsində sülh müqaviləsi bağlana, Paşinyanın Bakıdakı tədbirdə iştirakı ola bilər. İstənilən halda, görüşlərin dinamikası, delimitasiya prosesinin getməsi, kommunikasiyaların müzakirəsi irəliləyişdir”. A.Əlizadənin fikrincə, hazırda tərəflərin tam razılaşdıra bilmədiyi məqam delimitasiya işləri ilə bağlıdır: “İrəvan iddia edir ki, 1976-cı il xəritələri ilə aparılacaq, amma bununla bağlı Bakının etiraz etməyə haqlı əsasları var. Ümumiyyətlə, sülh müqaviləsinin imzalanması sərhədlərin dəqiqləşməsi ilə eyni vaxtda olmaya bilər. Çünki sərhədləri müəyyən etmək illərlə vaxt aparan məsələdir. Bu da prosesi uzada bilər”.

Eyni zamanda AMİP sədri hesab edir ki, kommunikasiyaların açılmasında fikir ayrılığı mövcuddur: “Xüsusən Zəngəzur koridoruna nəzarətin kimdə olmasında ciddi mübahisə var. Bu da böyük güclərin və region dövlətlərinin maraqlarının toqquşmasından irəli gəlir. Ona görə də bu razılaşmalarda ləngimələr ola bilər. Əgər qarşı tərəfdə siyasi iradə varsa, sülh sənədi imzalanacaq. Azərbaycan qalib tərəfdir, Ermənistan məğlub və işğalçı dövlətdir, indi bizim şərtlərimizi qəbul etməlidirlər. Yəni delimitasiya və kommunikasiyalarda ləngimə ola bilər, digər məsələlər isə həllini tapacaq. Ermənistan tərəfinin atmalı olduğu bir addım da əraz iddialarına son qoymaq və bunu müstəqillik aktından çıxarmaqdır. Ondan sonra etibarlı bir sənəd mümkündür”.  

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadəyə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması kənar güclərin Cənubi Qafqaza müdaxilələrinin qarşısını alacaq. Onun qiymətləndirməsi budur ki, çərçivə sazişinin imzalanması ilə bağlı ikitərəfli danışıqlar gedir: “Artıq iki ölkə arasında bu sazişi reallığa çevirə biləcək mühüm razılaşmalar əldə edilib. Hətta İrəvanın Zəngəzur dəhlizinin Bakının təklif etdiyi "Kalininqrad statusu" ilə açılması təklifini qəbul etməsi barədə iddialar var. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daşınacaq yüklər və sərnişinlərin sərbəst keçidi demək olacaq. Çərçivə sazişinin noyabradək - COP29-dək imzalanacağını düşünürəm. Qarşılıqlı etimadın gücləndirilməsi üçün Nikol Paşinyan Bakının dəvəti ilə COP29-a da qatıla bilər". Onun fikrincə, növbəti mərhələdə əsas hədəf yekun sülh müqaviləsinin bağlanmasıdır.

Emil SALAMOĞLU, 
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR