Son günlər sosial şəbəkələrdə yayılan və xüsusi qayğıya ehtiyacı olan bir uşağın liftə daxil olarkən fiziki zorakılığa məruz qalmasını əks etdirən görüntülər cəmiyyətimizdə haqlı narahatlıq və dərin təəssüf doğurdu. Həmin kadrlar təkcə bir uşağa qarşı edilən qəddar davranışın deyil, həm də hamımızı düşündürməli olan daha böyük bir problemin göstəricisidir.
Uşağa qarşı zorakılığın heç bir bəraəti ola bilməz. Bu, yalnız hüquqi məsuliyyət doğuran əməl deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə zidd olan davranışdır. Xüsusilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı nümayiş etdirilən aqressiya hər bir vicdanlı insan tərəfindən qətiyyətlə rədd edilməlidir.
Bu hadisə bizi bir mühüm sual qarşısında qoyur: biz necə bir cəmiyyət qururuq? Bu gün uşaqları rəqəmsal mühitin təhlükələrindən qorumaq üçün müxtəlif proqramlar həyata keçirir, maarifləndirmə tədbirləri təşkil edir, onların təhlükəsiz internet mühitində böyüməsi üçün çalışırıq. Lakin eyni zamanda real həyatda onların təhlükəsizliyini, ləyaqətini və psixoloji rahatlığını təmin edə bilmiriksə, deməli, problemin kökü daha dərindir.
Texnologiya heç vaxt insanın mərhəmət hissini əlindən almır. Aqressiyanın, dözümsüzlüyün və laqeydliyin səbəbini yalnız sosial şəbəkələrdə və ya rəqəmsal platformalarda axtarmaq doğru olmaz. İnsan davranışının təməli ailədə formalaşır. Uşaq ilk olaraq evdə şəfqəti, hörməti, empatiyanı və başqasının hüququna sayğı göstərməyi öyrənir. Milli-mənəvi dəyərlərimiz də məhz bu prinsiplər üzərində qurulub. Böyüyə ehtiram, kiçiyə qayğı, zəifə dayaq olmaq xalqımızın əsrlər boyu yaşatdığı dəyərlərdir.
Bu gün həmin dəyərlərin ailədə, məktəbdə və cəmiyyət həyatında yenidən daha güclü şəkildə yaşadılmasına ehtiyac var. Çünki qanun insanı cəzalandıra bilər, amma vicdanı yalnız düzgün tərbiyə formalaşdırır.
Digər mühüm məsələ isə ictimai münasibətdir. Vaxtilə cəmiyyətimizdə qəbul olunmayan davranışlar ictimai qınaqla qarşılanır, insanlar öz hərəkətlərinə görə mənəvi məsuliyyət hiss edirdilər. Bu gün də zorakılığa, xüsusilə uşaqlara, qadınlara, yaşlılara və xüsusi qayğıya ehtiyacı olan şəxslərə qarşı hər hansı aqressiv davranış cəmiyyət tərəfindən birmənalı şəkildə rədd edilməlidir. İctimai qınaq kimisə alçaltmaq üçün deyil, sağlam ictimai mövqenin formalaşması, zorakılığın cəmiyyət tərəfindən qəbul edilmədiyini nümayiş etdirmək və bu kimi halların təkrarlanmaması üçün vacib ictimai məsuliyyət mexanizmidir.
Xüsusi qayğıya ehtiyacı olan şəxslər cəmiyyətimizin ayrılmaz üzvləridir. Onların təhlükəsizliyi, cəmiyyətə inteqrasiyası və ləyaqətli həyat sürməsi yalnız ailələrinin deyil, hər birimizin məsuliyyətidir. Onların fərqliliyi aqressiyaya deyil, anlayışa, dəstəyə və mərhəmətə səbəb olmalıdır.
Bu hadisə təkcə bir uşağa qarşı törədilmiş zorakılıq faktı deyil. Bu, hər birimizə ünvanlanmış vicdan çağırışıdır. Bu gün susduğumuz hər haqsızlıq, laqeyd yanaşdığımız hər zorakılıq sabah cəmiyyətimizin adi mənzərəsinə çevrilə bilər.
Biz uşaqlarımıza yalnız yaxşı təhsil, rahat həyat və müasir texnologiyalar deyil, hər şeydən əvvəl insanlıq miras qoymalıyıq. Onlara mərhəməti, şəfqəti, qarşılıqlı hörməti və başqasının ağrısını duya bilməyi öyrətməliyik. Çünki bu dəyərlər ailədə formalaşır, cəmiyyət tərəfindən möhkəmlənir və gələcəyimizi müəyyənləşdirir.
Unutmamalıyıq ki, cəmiyyətin həqiqi böyüklüyü ən güclülərə deyil, özünü müdafiə etməkdə çətinlik çəkən insanlara göstərdiyi münasibətlə ölçülür. Xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən anlayış, qayğı və hörmət cəmiyyətimizin mənəvi yetkinliyinin, milli-mənəvi dəyərlərimizin və insanlığımızın ən mühüm göstəricisidir. Bu dəyərləri qorumaq isə yalnız dövlətin və ya ayrı-ayrı ailələrin deyil, hər birimizin ortaq məsuliyyətidir. Çünki mərhəmət qanunla məcbur edilmir – o, vicdanla yaşadılır. Vicdanını qoruyan cəmiyyət isə gələcəyini də qoruya bilir.
Könül Axundova
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini,
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri






