İnsanlara hürriyət, millətlərə istiqlal!

Buxarestdən Laçın yolundakı aksiyaya tarixi dəstək, Ər-Riyaddan Zəngilana gələn nazir və...

3047 18.12.2022 11:42 Yazarlar A A

Sabah, dekabrın 18-də Zəngilan Hava Limanına növbəti beynəlxalq uçuş həyata keçiriləcək. Belə ki, Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyaddan havaya qalxan təyyarə Zəngilan Beynəlxalq Hava Limanına enəcək. Xatırladaq ki, noyabr ayında, hava limanının açılış günündə, həm də Zəngilanın azadlığının ikinci ildönümündə bu əraziyə ilk beynəlxalq uçuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərğodanın səfəri ilə reallaşmışdı.

e01dfb64-b7f1-310a-8499-9549652494b0_850.jpg (117 KB)

Tarixi günlər yaşayırıq, tarixə şahidlik edirik. Azərbaycanın tarixində heç vaxt olmayan hadisələr baş verir: azad olunmuş ərazilər beynəlxalq miqyaslı səfərlərə ev sahibliyi edir!

Rəsmi məlumata görə, Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh Zəngilana səfəri çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovla görüşəcək. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq imkanları, investisiya imkanları müzakirə ediləcək.

faleh.jpg (238 KB)

Dekabrın ilk günləri ABŞ-dan gəlmiş bir qrup tədqiqatçı azad olunmuş ərazilərə səfərinə də Zəngilandan başlamışdı. Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərini azad etdikdən sonra sürətlə bərpa, quruculuq işlərini davam etdirir, eyni zamanda bu ərazilərə beynəlxalq investisiyaların cəlb olunması, bölgənin böyük potensialına xarici kapitalın diqqətinin cəlb olunması istiqamətində mühüm əməkdaşlıq imkanlarından yararlanmağa çalışır. Bu uzaqgörən siyasətin təməlində heç şübhəsiz ki, yer üzündən silinən şəhər, qəsəbə və kəndlərimizin bərpası, infrastrukturun qurulması və Böyük Qayıdışın həyata keçirilməsi dayanır. Ali hədəf məhz Azərbaycan vətəndaşlarının öz yurd-yuvalarına dönüşünü təmin etmək, on illərlə çəkən həsrətin sona çatmasına nail olmaqdır.

Bu hədəfə nail olmaqdan ötrü fundamental əsaslar yaradılıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının qəbulu bu baxımdan tarixi Sərəncamdır. Torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Məhz bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.

8b9c265b-01ae-3278-b4a1-5897230d9ab5_850.jpg (77 KB)

Dövlət Proqramının əhatə dairəsi olduqca geniş və mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Bu Proqramın əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

Qəbul edilmiş Dövlət Proqramı qlobal trendləri özündə ehtiva edir ki, bu da önəmli məqamdır. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. Təbii ki, bu, regionun aparıcı dövləti olan Azərbaycana xas xüsusiyyətdir.

Elə bu məqamda qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya səfəri də tarixi əhəmiyyət daşıyır. Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

saziş.jpg (121 KB)

Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Əhatə dairəsinə diqqət edəndə Azərbaycanın nə qədər önəmli rola və potensiala malik olduğu, dövlət siyasətinin nə qədər incə və dəqiqliklə yürüdüldüyünü aydın şəkildə təsəvvür etmək imkanı yaranır. Azərbaycan hazırda azad etdiyi ərazilərində “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviqi istiqamətində siyasət yürüdür. Belə bir məqamda həm də qlobal məkanda yaşıl enerji sahəsində əməkdaşlıq sazişlərində yer alır.

Diqqət edin, Azərbaycan qonşu Gürcüstanın da daxil olduğu növbəti mühüm, qlobal əhəmiyyətli layihənin müəllifi olaraq çıxış edir, köhnə və saxta iddialardan əl çəkmək istəməyən, hətta qlobal əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi ilə bağlı mənasız müqavimətini davam etdirən Ermənistan dalan dövlət funksiyasını icra etməkdən sanki zövq alır. Hansı ki, erməni ekspertlər özləri də təkləndiklərini davamlı şəkildə etiraf edirlər, kədər içərisindədirlər, amma revanş üçün marıta yatan daşnak təfəkkürü yenə də ənənəvi zəvzəmələrindən əl götürmək istəmir. Azəraycanınsa müttəfiqləri Türkiyə başda olmaqla Gürcüstan, İtaliya, Macarıstan, Rumıniya, İsrail... Avropanın və ümumən aparıcı rola malik ölkələri ilə əməkdaşlıq strateji səviyyəyə qaldırılır. Bütün bu əməkdaşlıq imkanları həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında daha da möhkəmlənməyimiz, bölgənin sürətli inkişafına nail olmağımız baxımından mühüm əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

f102f6a5-4144-3916-bab9-9cf4d18b9f17_850.jpg (59 KB)

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin formalaşdırılması olduqca mühüm məsələ sayılmalıdır. Bu idarəçilik mexanizminin yaxın perspektivdə bütün ölkə miqyasında da tətbiq ediləcəyi şübhə doğurmur, çünki özünü doğrultdu. Bu baxımdan idarəetmədəki islahatların dərinləşdirilməsi istiqamətində də önəmli addımların şahidiyik. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılıb. Amma heç şübhəsiz ki, bu istiqamətdə atılmalı olan ilkin addımlardan biri və bəlkə də birincisi bölgədə təhlükəsizliyin təmin olunmasıdır. 30 ilə yaxın müddətdə erməni işğalında olan, darmadağın edilən ərazilərimizdəki şəhər və kəndlərimizin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün öncə mina təhlükəsini aradan qaldırmaq, partlamamış hərbi sursatların olmadığına əmin olmaq lazımdır. Elə bu günlərdə Kəlbəcərdə çalışan işçilərin və hərbi qulluqçuların mina partlayışları nəticəsində itki vermələri və xəsarət alması faktı erməni faşizminin nə dərəcədə təhlükəli olduğunu bir daha ortaya çıxartdı.

mina.jpg (74 KB)

Təkcə 44 günlük savaşdan sonra 300-ə yaxın vətəndaşımız mina partlayışının qurbanı olub. Ümumilikdə isə işğaldan azad olunmuş zonada 1 milyona yaxın minanın basdırıldığı təxmin edilir ki, bu dəhşətli təhlükənin aradan qaldırılması üçün illər, böyük vəsait, mütəxəssislər, həmçinin lazımi avadanlıq tələb olunur. Bu isə əlavə müttəfiqlərin olması zərurətini yaradır. Şübhə yoxdur ki, bölgədə hansısa layihələrin icrasında, yaxud reallaşdırılmasında iştirakçı olmaq istəyən tərəfdaşlar üçün də təhlükəsizlik birinci dərəcəli məsələdir, bu mənada əməkdaşlıq ümumi işin xeyrinədir. Beynəlxalq konsorsiumların ölkəmizə marağı təkcə kapital axını, iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb etmir, həm də Azərbaycanın bütün ərazilərində suveren hüquqlarını bərpa etmək, bununla bağlı şübhələrə birdəfəlik son qoymaq, erməni yalanlarının əbədilik darmadağın edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimiz Avropa İttifaqının aparıcı ölkələrini də bu prosesə cəlb etməklə torpaq bütünlüyümüzlə bağlı mövqeyimizin möhkəmləndirilməsində yeni mövqelər qazanmış olur. İqtisadi əlaqələrin müasir dünyada nə qədər önəmli olduğu danılmaz faktdır. İqtisadi əlaqələrin qurulması diplomatik münasibətlərin inkişafı, strateji tərəfdaşlığa çevrilməsi fonunda baş verirsə, daha gözəl. Üstəlik, bütün bunlar Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda ƏBƏDİLİK möhkəmlənməsinə təkan verirsə, əməkdaşlığın üstünlüklərinin fövqələhəmiyyəti var deyə bilərik.  

Hazırda azad olunmuş ərazilərimizdə yol tikintisi sürətlə davam etdirilir. Eyni zamanda bölgənin rabitə infrastrukturu əsaslı şəkildə şaxələnir. Mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkili istiqamətində mühüm işlər görülür. Eyni zamanda Ağalı kəndindən başlayan yaşayış məntəqələrinin tikintisi Baş Plana uyğun şəkildə aparılmaqdadır. Su, qaz, istilik infrastrukturunun yenidən qurulması da plana daxildir. Eyni zamanda dəmir yolu xətlərinin çəkilişi.

trend_agali_qayidish_07_19.jpg (257 KB)

Paralel şəkildə böyük potensiala malik olan bölgədə qeyri-neft sektoruna töhfə verə biləcək iqtisadiyyatın yenidən formalaşdırılması, istehsal müəssisəslərinin qurulması, bu sahəyə investisiyaların cəlb olunması, həmçinin azad sahibkarlıq mühitinin yaradılması, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi də ali hədəflərdəndir.

Torpaq sahələrinin mina çirkliliyindən təmizlənməsindən sonra kənd təsərrüfatının inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması kimi vacib işlərlə bağlı da səylər davam edir. Bu günlərdə Qırğızıstandan 100 baş jak cinsinin gətirilərək Laçın və Kəlbəcər ərazisinə buraxılmasını da aparılan işlərin tərkib hissəsi kimi qeyd etmək olar.

jak.jpg (953 KB)

Bundan əlavə, Şərqi Zəngəzur və Qarabağin böyük turizm potensialı da bu sektorun inkişaf etdirilməsinə mühüm töhfələr verəcək ki, Dövlət Proqramı bu sahənin inkişafı üçün də vacib vəzifələri qarşıya qoyur.

Ən nəhayət, artıq bir həftəyə yaxındır ki, Azərbaycanın ekoloqları, vətəndaş cəmiyyətinin təmsilçiləri Laçın-Xankəndi yolunda sivil etiraz aksiyası keçirir, erməni separatçıların qanunsuz istismar etdikləri yataqlarla bağlı.

91915aa180dcd3a7f746aeee756d7992.jpeg (189 KB)

Göründüyü kimi, ermənilər hər hansı ciddi dəstəyə malik deyillər. Azərbaycan qalibdir, eyni zamanda Avropanın aparıcı paytaxtlarında qlobal əhəmiyyətli layihələrdə aparıcı statusda çıxış edir və belə olduğu halda ciddi dairələrin haqqın tərəfində olan ölkəmizə qarşı çıxması nonses olardı. Azərbaycan beynəlxalq məkanda yaşıl enerji, təbii ehtiyatlardan səmərəli istifadə, təmiz ekologiya, təhlükəsizlik, enerji mövzularında aparıcı rola malik ölkə olduğu halda, onun ərazilərində bütün bu təməl prinsiplərə zidd fəaliyyətin bundan sonra da həyata keçirilməsinə biganə qala bilməz. Eyni zamanda Azərbaycanla əməkdaşlığa qərarlı olan ölkələr və təsisatların da bu prosesdə daha açıq mətnlə dəstək verməsi arzuolunandır! Dayanıqlı əməkdaşlığımızı şərtləndirən həm də ərazi bütövlüyümüzə münasibətdir... Bu mənada Azərbaycan Prezidentinin Rumıniyada imzaladığı sənəd həm də Xankəndi yolundakı ekofəalların aksiyasına BÖYÜK DƏSTƏKdir, digər 3 tərəfdaşı ilə birgə!

Böyük Qayıdış üçün daha bir tarix yazılır!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR