Bir ayda xaricdən 260 min ton buğda almışıq
Azərbaycan buğda idxalını kəskin artırıb. Belə ki, bu ilin doqquz ayında xaricdən 240 milyon 747.291 min dollarlıq 1 milyon 112 min 878.72 ton buğda almışıq. Yalnız sentyabr ayı ərzində 260 min ton buğda idxal olunub.
“Yeni Müsavat” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin doqquz ayında buğda idxalımız 829 min 249.40 ton təşkil edib. Dəyər ifadəsində isə idxal 151 milyon 427.93 min dollar olub.
Onu da qeyd edək ki, bu il Azərbaycanda buğda istehsalı 7 faizə qədər artaraq 2,2 milyon tona yaxın olub. Lakin bu artım qiymətlərdə azalmaya səbəb olmayıb. Əksinə, bu il əvvəlki illərdən fərqli olaraq biçin dövründə buğdanın qiyməti 35-40 qəpiyə yüksəlib.
Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, Azərbaycanın buğdaya olan illik tələbatı 4 milyon ton civarındadır. Bunun 2,1 milyon tonu un və yarma istehsalında, 500 min tonu mal-qara və quş yemi kimi, 35-37 min tonu qarışıq yem istehsalında, 147 min tonu toxum üçün və sair istifadə edilir. Ölkədə istehsal olunan buğdanın əksəriyyəti keyfiyyət baxımından aşağı kateqoriyalı olduğu üçün un və yarma istehsalı üçün buğdanən mühüm bir hissəsi xaricdən alınır.
Rəsmi statistikaya əsasən, illik hesabıyla götürdükdə, son 3 ildə buğda idxalının azaldığı görünür. Belə ki, 2016-cı ildə Azərbaycan xaricdən 1 milyon 599 min 599 ton, 2017-ci ildə 1 milyon 274 min 434.18 ton, 2018-ci ildə isə 1 milyon 80 905.51 ton buğda alıb. İllik azalma 200 min ton civarında olub.
Kənd Təsərrüfatı Nazirliyi bu il də buğda idxalının azalmasını, yaxud ötənilki səviyyədə qalmasını proqnozlaşdırırdı. Lakin bu ilin 9 ayında qeydə alınan rəqəmlər göstərir ki, buğda idxalı ilin başa çatmasına 3 ay qaldığı vaxtda ötənilki səviyyəni xeyli keçib.
Buğda idxalındakı kəskin çoxalmanın bir səbəbi dünyada bu məhsulun istehsalında qeydə alınan artım səbəbilə qiymətlərin əlverişli həddə düşməsi ola bilər. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2016-2018-ci illər ərzində buğdanın dünya bazarı qiymətində artım müşahidə olunsa da, bu ilin aprelindən proses azalma ilə əvəz olunub. Məsələn, 2019-cu ilin avqust ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 8.8 faiz azalaraq 149.4 ABŞ dolları səviyyəsində qərarlaşıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2018-ci ilin avqust ayından etibarən Rusiyanın daxili bazarında buğdanın qiymətində müşahidə olunan artım 2019-cu ilin aprel ayından azalma trendi ilə əvəz olunub. 2019-cu ilin avqust ayında 1 ton buğdanın qiyməti əvvəlki aya nisbətən 8.8 faiz azalaraq 168.8 ABŞ dolları təşkil edib. 2019-cu ilin avqust ayı ərzində Qara dəniz və Azov dənizi portlarında buğdanın 1 tonunun qiyməti müvafiq olaraq 192.0 ABŞ dolları ilə 198.0 ABŞ dolları və 177.0 ABŞ dolları ilə 181.0 ABŞ dolları arasında dəyişib.
Bu azalma Azərbaycana idxal olunan buğdanın qiymətində də özünü büruzə verir. Belə ki, bu ilin yanvar-iyununda buğdanın hər kiloqramı 22 sentə idxal olunubsa, növbəti 3 ayda- iyul-sentyabrda bu qiymət 20 sentə düşüb.
Qiymətlərdə qeydə alınan bu azalmaya dünyada buğda istehsalının artması səbəb olub. 2019/20-ci məhsul ili üzrə qlobal buğda istehsalı həcminin 766 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da son zamanların ən yüksək göstəricisidir. Qlobal miqyasda bazara təklif olunan buğdanın həcminin 2018/19-cu məhsul ili ilə müqayisədə 30 milyon ton artaraq 1043 milyon ton olacağı təxmin edilir. Dünya buğda ticarətinin 181 milyon ton olacağı proqnozlaşdırılır ki, bu göstərici son 5 ilin orta göstəricisi ilə müqayisədə 3.0 faiz çoxdur. Eyni zamanda 2018/2019-cu məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 2.9 faiz artaraq 213 milyon ton olması proqnozlaşdırılır.
İstehsalla yanaşı, istehlak da artır. Belə ki, dünyada buğda üzrə istehlakın 2019/20-ci məhsul ili üzrə 756 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da son zamanların ən yüksək göstəricisidir.
Azərbaycanın buğda idxalının artmasına gətirən daha bir amil 2018-ci ildə qiymətlər yüksək olduğuna görə daxili ehtiyatlardan daha çox istifadə edilməsi ola bilər. Nəticədə ötən ilin sonuna ehtiyatların həcmində 130 min tona yaxın azalma baş verib. Belə görünür ki, bu il emal müəssisələri azalan ehtiyatları bərpa etmək üçün əlverişli qiymət şəraitindən istifadə ediblər.
DÜNYA,
“Yeni Müsavat”