İnsanlara hürriyət, millətlərə istiqlal!

Borclu mərhum, radara 120 ilə düşən “T-40”, interneti qarğıyan qəssab

3060 24.02.2023 13:40 Yazarlar A A

 

Üç il əvvəlki parlament seçkilərində dəb olan məşhur replika (“ölüv e, ölüv, aparıf basırıflar”) hələ də aktualdır.

Xatırlayırsınızsa, o vaxt qərb rayonlarımızdan birində seçici öz vəfat etmiş qohumunun adını seçici siyahısında görərək məntəqə seçki komissiyasının üzvlərinə belə bir söz demiş və daha tutarlı cavab almışdı: “O sizin üçün ölüf”.

Düzdür, sonradan dəbbələdilər, necəsə izahatlar verdilər, “elə deyil, belədir”, “o mənada deməyib”, “yanlış anlaşılıb” dedilər, amma qədirbilən və tükü tükdən seçən xalqımız hələ də o sözü təkrarlaya-təkrarlaya durur.

Üstəlik, yerli məmurlar hərdən elə şeylər edirlər ki, o söhbət unudulmur. Məsələn, bir neçə gün öncə şəhidin adına bildiriş göndərmişdilər: “Hörmətli Mahmudov, fərdi məşğulluq proqramının tərtib və əldə edilməsi üçün 5 iş günü müddətində regional məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşmağınız xahiş olunur. Əks halda işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılacaqsınız”.

Dünən isə məlum olub ki, 5 il əvvəl vəfat edən Tovuz sakininin adına olan telefona 187 manat məcburi dövlət sosial sığorta və 40 manat icbari tibbi sığorta borcu gəlib. Heç demə, rəhmətlik hələ də tibbi sığortadan yararlanırmış.

Belə şeylər, əlbəttə ki, bir az başqa insanların həyatına biganələyin, bir az qeyri-peşəkarlığın, bir az səriştəsizliyin, bir az işbilməzliyin və işə başdansovdu yanaşmağın, bir az da bisavadlığın məhsuludur. Öz-özünə olmaz. Hamı öz işini yola verir, belə olanda da bəzi şeylər yolunda getmir.

Bu cür hadisələr əvvəllər də olub. Məsələn, bir dəfə dostlar sosial şəbəkədə aran rayonlarından birində öz “T-40” markalı traktoru ilə radara düşən bir nəfərə gələn cərimə kağızını paylaşmışdılar. Məzəli iş idi. Məsələ ondaydı ki, traktorçu lələ radara 120 km\saat sürəti ilə düşmüşdü.

Bilməyənlər deyəcək, pah, gör nə qudurubmuş e, traktorla avtoşluq edirmiş. Amma bilənlər bilir ki, “T-40”-ın maksimum sürəti 35-40-dır, o da qoşqusuz olanda. Ondan artıq, minəsən də, getməz.

Bəs necə olub ki, radar elə səhv eləsin. Heç necə. Radar səhv etməyib. Radar həmin traktorun yanından 120 ilə keçən “Mersedes”in sürətini qeydə alıb, “T-40” da şəkilə düşüb. Bu işə baxan məmur da götürüb cəriməni “T-40”-ın Alonsosuna göndərib. (Ola bilər, o, “Mersedes”in sürücüsünü də yaddan çıxarmayıb).

Heç bilmədik, o haqq-hesabın axırı necə oldu, traktorçunu çığırda-çığırda cəriməni ödətdilər, yoxsa araşdırıb haqq-ədaləti bərpa etdilər.

Goranboy və Göygöl rayonlarındakı körpünün oğurlanması xəbərini mediaya servis edərək jurnalistləri etibardan salan məmurun hərəkəti isə heç dəftərə-kitaba sığan deyil.

“İki rayonu birləşdirən körpü oğurlanıb” xəbəri gələndə bütün media əhli, eləcə də sosial şəbəkə üzvləri elə bilmişdi ki, ortada zırıltı bir oğurluq hadisəsi var. Hamının gözünün qabağına dəli Kürün, yaralı Arazın belindəki körpülərə tən bir körpü gəlmişdi və istər-istəməz elə təəssürat yaranırdı ki, o boyda körpünün metal konstruksiyalarının gecəylə doğranıb-daşınması mütəşəkkil cinayətkar dəstənin, mafiyanın işidir.

Ertəsi gün məlum oldu ki, o “müdhiş körpü” artezian quyusu qədər suyu olmayan bir arxın üstündəki beş-altı şpaldan ibarət imiş və iki rayonu yox, iki kəndi birləşdirirmiş, hətta birləşdirməsə də, insanla “hop” deyə o “sakit Don”u keçə bilərmiş.
İş belədirsə, söhbəti niyə şişirdib-böyüdürsən, məmur qardaş? Ara yerdə camaat bu xəbərə və yan-yana qoyulub şəkli çəkilmiş dörd kələ boyda kişiyə görə jurnalistlərə rişxənd elədi.

Əvvəlki illərdə belə şişirtmə xəbərlərin alt məqsədi olurdu. Müstəntiqlər mediaya ötürdükləri bu cür xəbərlərin çap olunduğu qəzeti “ilişənlər”in qarşısına qoyur, qiymət oxuyurdular: “Material generalın stolunun üstündədir, bu səhər idarədən zəng eləmişdilər ki, nə oldu o işin axırı. Ağır işdir. Haqq-hesab dəyişir”.

Nəticədə “ilişənlər” daha çox tərləyirdilər, “ilanı Seyid Əhməd əli ilə tutan” müstəntiq 5 manat qabağa düşürdü. Buraxılanlar isə günahı müstəntiqdə-filanda görmürdülər, oturub-durub deyirdilər, qəzetlər bizi zibilə saldı.

Srağagün belə bir iş oldu: şair Qasım bəy Zakirin “aləm aşikar” deyə məşhurlaşdırdığı kənddən olan qəssabdan ətin qiymətini soruşuram, demir, gözünü qaçırdır. İsrar edirəm, xəcalət çəkə-çəkə ətin yeni qiymətini deyir və dərhal da əlavə edir ki, Allah internet, sayt, feysbuk çıxardanın atasna lənət eləsin. Deyirəm, eloğlu, ətin yeni qiyməti ilə internetin nə əlaqəsi var. Qəssab qardaş məhzun-məhzun deyir: “O əlaqəsi var ki, saytlarda yazırlar, ətin qiyməti qalxıb, hamının da əlində telefon var, oxuyur. Gedirəm Beyləqana ki, ətlik heyvan alım, mal yiyəsi telefonunda mənə xəbər göstərir ki, bax, burda yazılıb ki, ətin qiyməti qalxıb, ona görə də diri heyvanın qiyməti dəyişib”.

Bu baxımdan, əziz həmkarlar, gəlin biz də hər eşitdiyimizi yazmayaq, yaxud hər ünvanımıza göndərilən xəbəri yaymayaq. Möhtəkirlər bizim tribunamızdan istifadə edib çox pul qazanmaq istəyirlər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR