İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim bahacıl ölkəmiz

1875 28.02.2023 13:50 Yazarlar A A

İl yarım əvvəl Daşkənddən qayıdanda orda yaşayan xətirli həmvətənlərimizdən biri mənə bir bağlama verdi ki, bunu vətənə apar, zəng edib, gəlib, götürəcəklər. “Yaxşı” dedim və hər ehtimala qarşı maraqlandım ki, bağlamanın içindəki nədir. Soydaşımız dedi, bir şey deyil, dərman preparatlarıdır.

“Dərman preparatları” cürbəcürdür axı, bunun morfini var, psixotropik olanı var, nə bilim, hansısa ölkədə qadağan edilmişi var. Amma ta əndişəmi büruzə vermədim, eləcə soruşdum ki, öz ölkəmizdə də yaxşı apteklər var, hər cür dərman da satırlar, nə əcəb ölkədən-ölkəyə dərman göndərmək zərurəti yaranıb. Eloğlumuz dedi ki, bu dərmanlar öz ölkəmizdə üçqat baha satılır, ona görə də 2-3 aydan bir, lazım olduqca buradan alıb göndərirəm.

Dərmanları Daşkənd aeroportunun gömrüyündən, Türkiyə aerportundakı görəvlilərdən izahat verə-verə keçirərək ölkəyə gətirdim və yiyəsinə verdim, amma sonrakı günlərdə yolum aptekə düşəndə o dərmanlardan bir-ikisinin qiymətini soruşdum, məlum oldu ki, gerçəkdən də bu dərmanlar bizdə Özbəkistandakından 3 dəfə baha satılır.

Birinci dəfə onda əmin oldum ki, deyilənlər düz imiş, biz dünyanın ən baha dərmanlarını alırıq. Sonralar bu reallıq azı yüz dəfə təsdiqləndi.

Dünən isə sosial şəbəkədə qarşıma belə bir qeyd çıxdı: “İldə ən az on dəfə Azərbaycana poçtla dərman göndərirdim. Fərqli dostlara, tanışlara. Bu il ilk dəfə belə bir xahiş gəldi, dərmanları aldım, getdim poçta və bildirildi ki, Azərbaycana dərman göndərilmir artıq. Azərbaycan tərəf dərmanları imha edir, dedilər”.

Bunu Türkiyədə yaşayan həmvətənimiz yazıb. “Qəliz türk dili”ni bilməyənlər üçün deyim ki, “imha” bizim ləhcəyə çevirəndə “məhv etmək” deməkdir. Məsələn, minaları, qaçaqmalçılıq mmulatlarını imha edirlər.

Demək, bahalı dərman almaq məsələsində vəziyyət dəyişməyib. Dəyişən odur ki, biz əvvəllər yaxın xaricdən analoji dərmanları ucuz alıb gətirə bilirdiksə, indi o imkan da yoxdur, tutub imha edirlər və eyham vururlar ki, ölün, öldüyünüz yerdə, ucuz dərmanlarla sağalacağınızımı güman edirdiniz.

Bu xüsusda bir epizod da var: Ötən il yaxın adamlarla birlikdə şəhərdəki alış-veriş mərkəzlərindən birində gəzirdik. Bir mağazanın vitrinində çoxdan axtardığım rəngdə və fasonda ayaqqabı gördüm. Dönüb mağazaya girdik, ayaqqabının qiymətinə baxdım və peşman oldum – 180 (yüz səksən) manat. Məyus olduğumu görən müşayiətçilərdən biri dedi ki, mən bu ayaqqabının eynisini sənin üçün “Trendyol”la gətirdərəm, özü də ən azı iki dəfə yarım ucuz. Razılaşdıq. 1 aydan sonra həmin ayaqqabının eynisi gəlib çıxdı - gətirilmə xərciylə birlikdə 65 manat manata.

Bu da o anlama gəldi ki, biz regionun ən bahalı ayaqqabılarını almalı oluruq. Üst-trikotaj malları da o cümlədən. Türkiyədən 150 lirəyə alınıb gətirilən mallar ölkəmizdə 150 manatdan aşağı deyil. Milli valyutaların məzənnəsi arasındakı fərq isə 3 dəfədən çoxdur. Başqa sözlə, 150 lirəlik malın ölkəmizdəki qiyməti 60 manatdan çox olmamalıdır.

Söz düşmüşkən, başqa şeyləri də yazım. Regionda karbohidrogen ehtiyatlarına malik ölkələrin içində ən bahalı yanacaq bizdədir. İnanmayanlar axtarış verib, baxsınlar. Hə, ABŞ, Norveç, Kanada kimi ölkələrdə yanacağın daha baha olduğunu deyənlər üçün bunu qeyd edə bilərəm ki, türkün sözü, sakın, belə bir müqayisəyə əl atmayın. O adı çəkilən ölkələrdə santexniklərin maaşı bizim ölkənin deputatlarınınkından yüksəkdir və onlar avtomobillərini “polnu bak” edəndə maaş kartlarındakı rəqəmlərin sonuncusunda dəyişiklik olur.

Bilmirəm, bunu qürur duya-duya deməliyik, ya xəcalət çəkə-çəkə, amma dünyada ən bahalı təyyarə biletləri bizdədir. Sanki hamımız hər dəfə biznes-klassda uçuruq.

Dünyanın ən bahalı çay dəstgahının bizdə olduğunu hələ ötən ilin yayında bir dəfə yazmışam, durub təzədən dastan, dəstərxan və dəstgah açmaq fikrim yoxdur. Amma bizdə dostlarla oturub 2 stəkan çay hortlatmağa görə ödənilən pulla, yalan, olmasın, bəzi Asiya ölkələrində toy eləmək olar.

Qəbələdə 150 manatlıq bir toğlunun kababının “böyür-başıyla” birlikdə əcnəbi müştərilərə 1750 manata satılması hadisəsini yada salanda aydın olur ki, dünyanın ən bahalı kababı da bizdədir.

Xaricdən qonaqlarımız gələsi idi, normal otel soraqladıq. Aydın oldu ki, bizdə “normal otel”lərin tarifləri Avropanın, ABŞ-ın ən bahalı 5-7 ulduzlu otellərində olduğundan fərqli deyil, hətta bahadır. Yenə onlarda 2, 3. 4 ulduzlu, amma yaxşı şəraitli otellər tapmaq olur, bizdəki azulduzlu otellərin, hostellərin təyinatı bir az başqa cürdür.

Yəni, Tokionun, Londonun, Parisin, Moskvanın adı çıxıb, əziz oxucular, namxuda, özümüz dünyanın ən bahalı ölkəsində və şəhərində yaşayırıq. İmkanınız varsa, qürur duyun, yoxdursa, eybi yox.

“Niyə belə olmalıdır, nədən belə edirlər” sualının isə cəmi bir sözdən ibarət cavabı var: “Acgözlükdən”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR