İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizə dəyməyən manyak 100 il yaşasın, eləmi?

1434 02.02.2023 12:39 Yazarlar A A

 

"Nəsimi" filmində bir epizod var: Fəzlullah Nəiminin müridi Yusif şairin qızına deyir ki, başını ört, dərə-təpə dərvşlərlə doludur.

Çünki şairin qızına biganə olmayan mürid bilir ki, nə qədər tərki-dünya, sufi-mufi olsalar belə, o dərvişlərin də qarşı cinsə münasibətdə boş damarları var, yanıq şeydirlər, qıza həris-həris baxar, girəvələrinə düşsə, təcavüz edərlər.

İqlimdəndir, ya nədəndir, 39-42-ci paralellərdə belədir: seksual manyaklıqlar barədə xəbərlər birməz, tükənməz. Az qala hər gün ordan-burdan bənzər xəbərlər gəlir və camaat həyəcanlanır. İrz-namus və həyat məsələsidir, təbiidir.

Bu gün daha bir Zaur adlı şəxsin dəhşətli təcavüz aktı törətməsi, daha sonra zorladığı azyaşlı qızı bıçaqlayıb öldürməsi barədə xəbər yayılıb. İnsanlar gerçəkdən şokdadır, bu hadisədən xəbəri olan on minlərlə (bir azdan yüz minlərlə, hətta milyonlarla olacaq) adam bu hadisəni müzakirə edir, birlikdə yaşadığı qadının qızına qarşı bu əməli törədən (həm də anasının əl-ayağını iplə sarıyaraq, onun gözü önündə) alçaq manyakın pəstəhasından dəhşətə gəlir.

Əmin olun ki, minlərlə adam eyni anda belə fikirləşir ki, bu cür, insanlıqdan nəsibini almamış məxluq niyə yaşamalıdır, niyə oksigen tükətməlidir, onun qudurmuş çaqqaldan, Ebolaya yoluxmuş meymundan nəyi artıqdır? Gerçəkdən. Beləsi cəmiyyət üçün çox təhlükəlidir və islaholunan deyil. Seksual manyaklar islah olunmurlar. O yaramaz həm manyakdır, həm də psixopat qatildir.

Belə bir geniş yayılmış fikir də var ki, elələrinin günü türmədə qara olur, dəmir qab-qaşıqları deşilir, “üzdəniraq” elan edilir, zorlanırlar, axırda da ya türmədən meyitləri çıxır, ya da əldən düşmüş, xəstəhal çıxırlar və bir daha normal cəmiyyətə uyğunlaşa bilmirlər.

Onların sonrakı aqibətinin dəhşətli olması məgər qurbanlarının həyatını geri qaytarır, yaxud travmalarını xilas edir? Əsla.

Ona görə də dünyanın demək olar ki, bütün ölkələrində manyaklarla sərt davranırlar. Hərçənd elə ölkələr də var ki, orada onların canını almırlar, “onun da yaşamaq haqqı var” deyir, az ulduzlu otellərə bənzəyən cəzaçəkmə müəssisələrində “şirin xatirələr”lə yaşamalarına şərait yaradırlar.

Belə ölkələrdə ictimaiyyət tez-tez tələb edir ki, ölüm cəzası bərpa edilsin, belə qatil-manyakların təpəsinə paslı güllə vurulsun, havayı yerə yaşamasınlar.

Söz yox, belə durumlarda mütləq aşırı humanistlər meydana çıxırlar və ölüm cəzasının bərpasını tələb edənləri “inkvizist”, “cəllad”, “sadist”-filan adlandırır, yıxıb-sürüyürlər, deyirlər ki, onlar qatil olsalar da, həyatlarını sona qədər yaşamaq haqları var.

Ancaq təcrübə göstərir ki, qatillərin yaşamaq haqqını müdafiə edən humanistlərin özləri bir gün qaranlıq küçədə manyaka rast olanda, zorlanıb-öldürülməsələr də, travma yaşayır, sonra belə alçaqların güllələnməli olduğunu dilə gətirirlər. Manyaka şəxsən ürcah olmasalar isə fikir dəyişmir. Necə deyərlər, “mənə dəyməyən manyak 100 il yaşasın”.

Bəlkə də sırf zorakı qatillər üçün istisna hal kimi ölüm cəzasının bərpası qızmış manyakları bir az soyuda bilər. Hiss olunur ki, paça qorxusu artıq kar eləmir, bəlkə də bəziləri bunu özləri üçün “lüks”, ekstra “həzz mənbəyi” bilirlər, amma can, güllə, kəndir qorxusu onlara daha islahedici təsir göstərə bilər.

Hər halda, qoy bunu kriminoloq və psixoloqlar müəyyənləşdirsinlər ki, manyakların qarşısını almaq üçün hansı tədbirlərin görülməsi daha effektiv ola bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR