İnsanlara hürriyət, millətlərə istiqlal!

Binalar yıxılsa da, Türkiyəmiz ayaqda qalacaq!!!

3449 06.02.2023 17:43 Yazarlar A A

Ağır xəbər, gərgin gün oldu. Qardaş ölkədə, canımız Türkiyəmizdə baş verən dəhşətli zəlzələnin qurbanları artdıqca ürəyimizin sızıltısı da çoxalır. Hamımız sarsılmışıq, bu zəlzələ Azərbaycandan yan keçsə də, hər birimiz üstümüzə binalar yıxılmış kimiyik...

İlk dağıdıcı - 7,7 bal gücündə zəlzələ gecənin bir aləmi, uşaqdan-böyüyə hər kəsin şirin yuxuda olduğu vaxt haqlayıb qardaş-bacılarımızı. Saatlardır arama-qurtarma heyətləri insanları xilas etməyə çalışır. Dağıntılar altında, yataq paltarında olan insanlar da həyat mücadiləsi aparırlar... Uşaqların yalvarış dolu səsləri: “Qurtarın bizi” hayqırtıları... Adam o səhnəni göz önünə gətirəndə belə, dəhşətə gəlir.

Və... Kahramanmaraşın 4 km-liyindəki Elbistan qəsəbəsi mərkəz olmaqla 7,8 bal gücündə daha bir zəlzələ xəbəri gəldi. Hələ bu azmış kimi... Adıyaman, Kahramanmaraş və Malatyada qarlı hava şəraiti davam edir. Fəlakət ardınca fəlakət... Təsəvvür edin, qar yağması səbəbindən universitetlərdə tətil də elan olunmuşdu. Həmçinin zəlzələdən öncəki gün Türkiyədə 180 aviareys təxirə salınmışdı.

Amma Türkiyənin bu sınaqdan da məğrurcasına çıxacağına əminik. Tarix boyunca qardaşımız çox fəlakətlərə sinə gərib, çox dəhşətli çətinliklərdən keçib, amma itkilərinə rəğmən QALİB olub. Allahın rizası ilə bu dəfə də elə olacaq.

c417ea80-a5ec-11ed-8f65-71bfa052.jpg (96 KB)

Son illərdə dəfələrlə qardaş ölkə dağıdıcı zəlzələlərə tuş gəlib, ən dəhşətlisi kimi 1999-cu il zəlzələsini bilirdik, 17 mindən çox itki vermişdi Türkiyə. Amma Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan xatırlatdı: 6 fevral zəlzələsi 1939-cu il Erzincan zələzələsindən sonra ən dəhşətli zəlzələymiş! Erzincan zəlzələsinin 33 min qurbanı olub, 100 mindən çox yaralı...Bu rəqəmləri düşündükcə, adamı soyuq tər basır. Allah qorusun yaralılarımızı və dağıntılar altında qalmış insanları!

Türkiyəmiz nəhəngdir, böyükdür, təkbaşına da bütün çətinlikləri dəf etmək gücündədir. Amma qardaş ölkə zəlzələdən dərhal sonra ən yüksək dərəcədə vəziyyət elan edərək, yardım üçün bütün dünyaya müraciət ünvanladı. Çünki Türkiyə təkəbbüslü ölkə deyil, üstəlik onun üçün insan həyatı hər şeydən üstündür, hər bir vətəndaşının taleyini düşünür, nəzərə alınır ki, saatlar keçdikcə dağıntılar altında qalan insanların yaşamaq şansı da azala bilər, o səbəbdən bütün qüvvələri səfərbər etmək ən doğru yoldur.

Artıq dünyanın ayrı-ayrı təşkilatlarından, ölkələrindən Türkiyəyə yardım göstərməyə hazır olduqlarını bildiriblər, yardıma tələsənlər də var. Amma bu dəfə də qardaşın yardımına ilk yetişən qardaşı oldu. Azərbaycan hadisə baş verən andan ayaqdadır, təkcə “keçmiş olsun”la kifayətlənmir, artıq iki böyük xilasedicilər qrupu, üst-üstə 500-ədək şəxsi heyət qardaş ölkəyə yollanıb. Dünənədək ordularımız bir yerdə hərbi təlimlər keçirdilər Qars vilayətində...Bu gün xəbər aldıq ki, Azərbaycan ordusunun heyəti də qardaş ölkədəki xilasetmə işlərində iştirak üçün yollanıb. Təbii, başqa cür ola bilməzdi, qardaş qardaşa yardım edər, “yardıma ehtiyacın varmı” - soruşmaz.

81a05030-a613-11ed-8f65-71bfa052.jpg (76 KB)

Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında “Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”-deməklə hər birimizin fikrini ifadə etmiş olub. Azərbaycan və Türkiyə tarixin müxtəlif dönəmlərində ağır sınaqlardan birgə çıxıblar, kürək-kürəyə verib, düşmənə qarşı bərabər savaşıblar, Çanaqqalada da, Bakıda da, Qarabağda da...Eyni zamanda ötən əsrdə Türkiyənin sıxıntısı olanda Azərbaycan kömək əlini uzadaraq “qardaş qardaşa borc verməz”-deyilib. Biz borc bilmişik, amma əlborcu yox, vəfa borcu olaraq...Eynən qardaş ölkə də beləcə münasibət göstərib Azərbaycana.

2020-ci ildə düşmən və havadarları Tovuz rayonuna hücuma keçərkən qardaş Türkiyə xəbərdarlıq etdi “boyunu aşan” düşmənə və havadarlarına! Qarabağ Zəfərini birgə qazandıq və bu gün Qarabağı, Şərqi Zəngəzuru bərabər qurur Türkiyə və Azərbaycan şirkətləri!

Əminik ki, Türkiyədəki dağıntıların da yerində müasir, daha keyfiyyətli binaların əsasını bərabər qoyacağıq, yenidən bu bölgələrdə gözəl həyat davam edəcək, inşallah! Çox təəssüflər olsun ki, həyatdan gedənləri geri qaytarmaq mümkün olmayacaq. Amma nə etməli, taleyin belə amansız, yazılmayan qanunları da var...

Hər dəfə zəlzələlər baş verəndə şübhələr də çoxalır, ehtimallar ortaya çıxır ki, bu hadisənin arxasında insan amili var, teknotik silahlar işə salıb və sair. Sözsüz ki, bu dəfə də eyni fərziyələr eşidiləcək, xüsusilə də son həftələr Qərb ölkələrindən səslənmiş “Türkiyəyə getməyin”-xəbərdarlıqlarının fonunda...Həm də Türkiyənin daşının necə ağır olduğu və dünyanın bir çox ölkələrinin, mərkəzlərinin başına düşdüyünü bilirik. Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən düşürmək, Türkiyəni məğlub duruma salmaq, əlaltısına çevirmək üçün nə qədər xain planlara əl atdılar: fetoçular, Türkiyəni “ürəyindən vurmaqla”-İstanbulda terror törətməklə onu sarsıtmağa çalışanlar...Diqqət edin, dünyanın o başından yapon türkə yardıma tələsir, Türkiyənin üzv olduğu Alyans hələ yardım etmək haqda fikirləşir...Bu, necə müttəfiqlik?!

Hatay təmsilçisinin baş məşqçisi Volkan Dəmirəlin “Allah rizası üçün Hataya kömək edin. Nə qədər imkan varsa, bizə yardım göndərin” sözlərindən sonra gərəkirdi ki, UEFA belə, Türkyəyə yardıma tələssin. Amma hanı?

hatay-da-deprem-anini-yasayan-volkan-demirel-15610556_7149_amp.jpg (68 KB)

Qardaş ölkənin turizmə nə qədər böyük önəm verdiyini hər kəs bilir. Təkcə 2022-ci ildə Türkiyə qəbul etdiyi 50 milyondan artıq turistin məmnunluğu hesabına 70 milyarda dollara yaxın gəlir əldə edib! Nəhəng rəqəmdir. Türkiyəni çökdürmək istəyənlərin gözünə girən rəqəm həm də! Amma qardaş ölkə bununla kifayətlənmək niyyətində deyil. Hətta 2028-ci ildə 90 milyon (!!!), yəni Türkiyə əhalisi qədər turisti qəbul etməyi hədəfləyib!

Yanvarın 30-da belə bir xəbər oxuduq ki, ABŞ-ın Türkiyədəki səfirliyi Avropada Quranın yandırılması ilə bağlı insidentlər fonunda İstanbulun mərkəzində terror aktlarının baş verə biləcəyi ilə bağlı amerikalılara xəbərdarlıq edib. “ABŞ hökuməti öz vətəndaşlarını İstanbulda kilsələrə, sinaqoqlara, diplomatik missiyalara və ya Qərb ölkələrinin vətəndaşlarının tez-tez ziyarət etdiyi digər yerlərə qarşı mümkün terror hücumları barədə xəbərdar edir”,- səfirlik bildirmişdi. Yanvarın 27-də isə ABŞ-ın Türkiyədəki səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edərək, Avropada Quran yandırma hadisələrindən sonra terror aktları ehtimalının artdığını bəyan etmişdi. Hətta ABŞ səfirinin Avropa ölkələrinin diplomatlarına da səfirlik və konsulluqları bağlamaqla bağlı çağırış etdiyi xəbərləri var. Xatırlayırıq, qısa müddətdə azı 9 səfirlik bağlandı.

Necə olur, Quran Avropada yandırılır, amma dünyanın “ən məlumatlı ölkəsi” Türkiyədən ehtiyatlanır, qapıları qıfıllamağa çağırır? Məntiqlə xəbərdarlıq İsveç, yaxud Hollandiyada, ya da Danimarka ilə bağlı olmalı idi. Türkiyə Allahı, Quranı müdafiə edən ölkədir, müqəddəs kitabı yandıran yox! Bunun qarşılığında niyə qəzəbə tuş gəlsin ki? Deməli, hansısa məkrli niyyət olmamış deyil…

Yazını yekunlaşdıranda qarşıma Publika.az-ın hazırladığı material çıxdı. Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli deyib ki, süni zəlzələlər yaratmaq mümkün deyil.

“HAARP Silahı və NiKola Tesla” kitabının müəllifi olan tədqiqatçı-yazar Kürşad Berkkan aktiv qırılma xətləri olmayan və miqyasına görə xəritəsi çəkilməyən ərazilərdə qısa qırılma xətlərinin tapıla biləcəyinə diqqət çəkib: “Bu, təbii zəlzələdir. Ancaq bunun HAARP texnologiyasının istifadə edilib-edilməyədiyi anlamına da gəlmir. ABŞ əvvəllər “USS Providence” sualtı qayığı ilə MHD generatorundan istifadə edərək nasazlıqlara müdaxilə edib. MHD generatoru ilə plazma vəziyyətində olan qazlar keçiricilər vasitəsilə elektromaqnit dalğalarına çevrilir, silah kimi hədəfə çatır və məhvə səbəb olur”.

Professor Okan Tüysüz isə zəlzələ baş verən ərazinin seysmik zonada yerləşmədiyini deyib. “Bu zəlzələ partlayışla da bağlı ola bilər...”

16756494384376351158_1000x669.jpg (171 KB)

Üstəlik, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Arleigh Burke” sinfinə aid döyüş gəmisi “USS Nitze”nin fevralın 3-də Dolmabahçe yaxınlığında lövbər salması da sosial mediada geniş müzakirə olunur...

2017-ci ildə Türkiyədə yerləşmiş suriyalı qaçqınların durumu ilə tanış olmaq üçün Qahramanmaraş-Qazientep-Şanlıurfa bölgəsinə səfər etmişdik. Müharibənin od-alovundan qaçmış, Türkiyəyə pənah gətirmiş insanların sayı 3 milyonu keçmişdi onda...Müharibə uşaqlarının gözlərində dərin bir kədər sarsıtmışdı məni səfər boyunca. Amma Türkiyəyə minnətdarlıq var idi, sahib çıxmışdı təkbaşına! Avropanın imtina etdiyi milyonlara sahib çıxmışdı, bağrına basmışdı. O bölgədə baş vermiş zəlzələ həm də Suriyanın bir hissəsini dağıtdı, onsuz da dağılmışdı, yenə insanlar qırıldı. Suriyanın da bu hissəsinin yükünü Türkiyə çəkir illərdir...Çətin olacaq, amma Türkiyə bu dəfə də bacaracaq!

2023-cü il Türkiyə Cümhuriyyətinin 100 illik yubiley ilidir. Kaş ki, belə başlamayayadı il! Amma oldu. Fəlakətli sürprizlə üzləşdi qardaş ölkə...

Qarşıda həm də seçimlər var, 100 yaşlı Cümhuriyyət Cumhurbaşqanını seçəcək may ayında. Əminik ki, Türk düşmənləri bu dəfə də yeniləcəklər!

Binalar yıxılsa da, Türkiyəmiz ayaqda qalacaq!!! Yanındayıq, Türkiyə!!! 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR