İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərpa olunan müstəqillik və onun qorunmasında azərbaycançılıq ideologiyası

1445 18.10.2022 10:00 Media A A

Aydın Hüseynov: “Müstəqilliyi bərpa etmək nə qədər çətin bir proses idisə, onu qoruyub saxlamaq ondan da çətin və məsuliyyətli bir iş idi”

1988-ci ildən başlanan müstəqillik uğrunda milli azadlıq hərəkatı 1991-ci ilin 18 oktyabrında Azərbaycanın SSRİ-dən ayrılması və müstəqiliyinin bərpa edilməsi ilə nəticələndi. Təxminən üç ilə yaxın davam edən xalq hərəkatı Azərbaycan xalqının vahid ideya ətrafında birliyini meydana gətirdi.  Azərbaycançılıq ideyasının formalaşmasında ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində-dövlət müstəqilliyinin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, sonra isə milli azadlıq hərəkatının əhəmiyyətli rolu olub.

Bu dövrdə azərbaycançılıqla bağlı müxtəlif əsərlərin yenidən çap olunması və yayılması, yeni kitab və məqalələrin yazılması, milli şüurun, ruhun yüksəlişinə xidmət edən xalq hərəkatının vüsət alması insanların kütləvi düşüncə tərzinə öz müsbət təsirini göstərdi. 1993-cü ildən Heydər Əliyevin Azərbaycan siyasi rəhbərliyinə qayıdışı ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı, azərbaycançılıq ideologiyası Azərbaycan dövlətinin ideologiyasına çevrilməyə başladı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və elmi-mədəni dairələrin gündəliyinə çıxarıldı. Bunun ardınca, Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, 31 dekabrın hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunələri idi.

Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a aşıqlamasında bildirdi ki, müstəqilliyinin ilk illərində, xüsusən 1991-1994-cü illərin təhlükəli milli-vətəndaş qarşıdurması və ictimai-siyasi böhranı dövründə Heydər Əliyev azərbaycançılıq ideyasını daha çox ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi təlqin edir və bu istiqamətdə onu inkişaf etdirməyə çalışırdı: “Müstəqilliyi bərpa etmək nə qədər çətin bir proses idisə, bərpa olunan müstəqilliyi qoruyub saxlamaq ondan da çətin və məsuliyyətli bir proses idi. Ulu öndər Heydər Əliyev üzərinə bax bu cür ən ağır və tarixi məsuliyyətli işi xalqın dəstəyinə arxalanaraq götürmüşdü. Heydər Əliyev bu şərəfli işi çox böyük məharətlə həyata keçirdi, müstəqilliyimizi sarsılmaz etdi, ölkəni parçalanmadan, vətəndaş qarşıdurmalarından xilas etməyi bacardı. Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası millliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını birləşdirdi. O dövrlər Ulu öndər mövcud təhlükəli vəziyyəti dəyərləndirərək qeyd edirdi ki, hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz. Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik təlimi - azərbaycançılıq ideologiyası, ilk növbədə, bütün ölkə vətəndaşlarından Azərbaycanın dövlətçilik maraqlarına, xalqımızın milli-mənəvi dəyərlərinə, dövlət dilinə həqiqi sevgi və qayğı tələb edirdi”.

Deputat xatırlatdı ki, sonrakı illərdə, xüsusən də 1995-ci ildə Azərbaycanın yeni konstitusiyasının hazırlanması və qəbulu ərəfəsində Ulu öndər Heydər Əliyev azərbaycançılıqla bağlı əvvəlki illərdə səsləndirdiyi fikirlərini bir qədər də inkişaf etdirərək, bu birləşdirici ideyaya tamamilə yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının- dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir: “Çünki azərbaycançılıq ideologiyası məhz Ulu öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Azərbaycançılıq ideologiyası sonrakı illərdə mükəmməl bir konsepsiya kimi tədricən bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan əksər həmvətənlərimizin, Azərbaycanla bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. Əgər Heydər Əliyevə qədər azərbaycançılıq ideyası əsasən etnolinqvistik, ədəbi-bədii, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi hüquqi-siyasi məzmun alaraq bitkin ideyalar sisteminə - dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi. 2001-ci ildə Bakıda tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının bir daha geniş müzakirə edildi, mövcud vəziyyət qiymətləndirildi və gələcək vəzifələr müəyyən olundu ki, bununla da milli ideologiyamızın formalaşması və daha da inkişafında yeni bir mərhələ start götürdü. 2003-cü ildən azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu xətt Azərbaycanın uğurlarının, qələbələrinin nüvəsində dayanan xətdir-ideologiyadır. Bu ideologiya müstəqilliyimizin qarantı rolunda çıxış edən amillərdən biridir. Çünki bu ideologiya Azərbaycanın bütün vətəndaşlarını vahid dövlət ətrafında birləşdirir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb.

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR