İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden nəhəng "barıt çəlləyi"ni partlatmaq üzrədir: Üçüncü dünya savaşı çox yaxındır

2475 28.10.2023 19:45 Analitika A A

Hazırda üçüncü dünya savaşına səbəb ola biləcək əsas addımların arxasında ABŞ və müttəfiqlərinin izləri mövcuddur... Bu səbəbdən də, dünyanı xaosa, kataklizmlərə sürüklədiyi üçün ABŞ və müttəfiqləri bəşəriyyət qarşısında birbaşa məsuliyyət daşıyır...

Son vaxtlara qədər dünyada mövcud olan beynəlxalq düzən əməlli-başlı qarışııb. Hər halda, mövcud dünya düzəninin əvvəlki kimi işləmədiyini, hətta müəyyən mənada, artıq formal xarakter daşımağa başladığını təsdiqləyən bəzi önəmli əlamətlər müşahidə olunur. Yəni, müasir dünyanı artıq əvvəlki kimi idarə etmək mümkün görünmür. Və bu, son vaxtlar dünyada baş verən hadisələrin timsalında da özünü qabarıq şəkildə büruzə verir.

Təbii ki, mövcud dünya düzəninin qarışıq olması, öz siyasi idarəçilik potensialını tükənməsi olduqca təhlükəli prosesdir. Çünki belə vəziyyət öz arxasınca beynəlxalq deqradasiya prosesini də stimullaşdırmış olur. Yəni, dünya sistemində növbəti dəfə dağılma mərhələsinə keçid sürətlə yaxınlaşır. Və dünya tarixi bir neçə dəfə analoji mərhələdən keçməyi bacarıb.

Ancaq hər dəfə dünya düzəninin belə kobud şəkildə pozulması bəşəriyyət üçün kataklizmlər də yaradıb. İndi cərəyan edən proseslər təxminən ikinci dünya savaşından sonra yaranmış beynəlxalq situasiyanı xatırladır. Çünki həmin dövrdə də köhnə dünya düzəni dağılmışdı, əvəzində isə yenisi yaranmamışdı. Və dünyanın gələcək taleyi böyük ölçüdə ikinci dünya savaşının qaliblərindən, eləcə də, bir neçə nəhəng dövlətin maraqlarından asılı vəziyyətə düşmüşdü.

f5421420-397c-4206-8a5c-bb81e8b5bbaa.jpg (100 KB)

Nəticədə beş nəhəng dövlətin maraqlarına uyğun model üzrə qurulmuş BMT peyda oldu. Ondan sonrakı onilliklər isə məhz dünya nəhənglərinin BMT üzərindən diqtə etdiyi siyasi iradənin hegemonluğu altında keçdi. Heç də hər şey ədalətli deyildi. Ancaq dünya nəhəngləri mövcud ədalətsizliyi ortaq maraqlar çərçivəsində nəzarət altında saxlamağı bacarırdılar. Və bu, bəşəriyyətə beynəlxalq hüquq normaları kimi təqdim olunurdu.

Ancaq son beş il ərzində baş verənlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyanın beşdən böyük olması barədə məşhur tezisini birmənalı şəkildə təsdiqləməyə başlayıb. Hər halda, BMT daha dünya düzənini əvvəlki kimi tənzimləyə bilmir. Bu qurumun Təhlükəsizlik Şurasında qəbul edilən qərarlar bir çox hallarda qərəzli olur, bəziləri isə ümumiyyətlə, yerinə yetirilmir. Yəni, hələlik birmənalı şəkildə etiraf edilməsə də, BMT artıq tədricən tarixin arxivinə doğru istiqamət almağa başlayıb. Və bu, yaxın gələcəkdə dünyanın siyasi sistemində "nəhəng boşluğun" yarana biləcəyindən xəbər verir.

Təbii ki, belə nəhəng siyasi boşluq beynəlxalq xaos təhlükəsi yarada biləcək faktordur. Beynəlxalq xaos isə öz növbəsində nəhəng hərbi münaqişələrin əsas stimulverici amilidir. Çünki belə situasiyalarda güclü dövlətlər mütləq dünyanı yenidən bölüşdürmək ehtiyacı duyurlar. Və bu da genişmiqyaslı müharibələr üçün münbit şərait yaradır.

Ukrayna savaşının başlanmasından sonra dünyada yeni situasiya yaranıb. İndi hər kəs anlayır ki, Ukrayna savaşı sona çatdıqdan sonra dünya müharibədən əvvəlki kimi olmayacaq. Beynəlxalq məkanda yeni qaydalar hökm sürəcək. Dünyanın idarə olunması prosesinə buna qədər ikinci planda olan bəzi dövlətlər artıq beynəlxalq siyasi iradə mərkəzinə çevrilmək şansı qazana bilərlər. Və bu ehtimallar artıq indidən beynəlxalq məkanda siyasi maraq toqquşmalarından qaynaqlanan ziddiyyətləri kəskinləşdirir.

67c8a581-f170-4a00-b0a8-6ce8abcfc1699.jpg (199 KB)

Belə anlaşılır ki, yeni dünya düzəninin qurulma ehtimalı kifayət qədər yüksəkdir. Hətta ABŞ prezidenti Co Bayden belə, yaxın gələcəkdə yeni dünya düzəninin ilkin əlamətlərinin müşahidə edilə biləcəyini vurğulayıb. Onun fikrincə, dünya yaxın onilliklərdə yeni qaydalarla idarə ediləcək. Və bu yeni qaydalar indikindən tamamilə fərqli beynəlxalq düzənin əsas mexanizmlərini təşkil edə bilər.

Şübhəsiz ki, Yaxın Şərqdə son vaxtlar baş verən hadisələr yeni dünya düzəninə keçid prosesinin daha da sürətləndirəcək. Çünki bu proseslərdə dünyanın parçalanmasına yol aça biləcək faktorlar hazırda daha ön planda yer alır. Qərblə Şərq arasında kəskin ziddiyyətlər indi həddindən artıq qabarıq şəkildə müşahidə olunur. Əgər, İsrail-Həmas savaşı nəzarətdən çıxarsa, bu halda, ümumiyyətlə, Yaxın Şərqin nəhəng savaş poliqonuna çevrilməsi də qaçılmaz olacaq. Və bu, üçüncü dünya müharibəsinə qədər inkişaf edə biləcək təhlükəli situasiyadan xəbər verir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Ukrayna savaşı və Yaxın Şərqdə baş verənlər dünyanın bir çox önəmli dövlətlərini qarşıdurma vəziyyətinə yaxınlaşdırıb. Yəni, hər iki münaqişə ocağı dünyanı əsl hər an partlaya biləcək "barıt çəlləyi"nə çevirib. Əgər, bu, baş verərsə, onda həmişə ehtimallar arasında müzakirə mövzusu kimi mövcud olan üçüncü dünya müharibəsi qaçılmaz olacaq. Və bu baxımdan, bəşəriyyətin böyük kataklizmlər qarşısında olduğu qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, üçüncü dünya savaşının reallığa çevrilə biləcəyi barədə ehtimallar bəzi ölkələr tərəfindən ciddi xəbərdarlıq mesajları kimi gündəmə gətirilməyə başlayıb. Nüvə silahına malik olan Şimali Koreya bəşəriyyətin üçüncü dünya ərəfəsində olduğunu bəyan edib. Rəsmi Pxenyan dünya ictimaiyyətini bu savaşa indidən hazır olmağa çağırıb.

0fe4e26c-685a-437c-982a-5e8b34c622c4.jpg (265 KB)

Digər tərəfdən, Belarus prezidenti Aleksandr Lukaşenko da təxminən oxşar bəyanatla çıxış edib. O, bildirib ki, ən xırda səhv üçüncü dünya müharibəsini reallığa çevirə bilər. Nəticədə bəşəriyyət onilliklər boyu xaos və kataklizmlərin girovunda qalar. Ona görə də, buna səbəb ola biləcək beynəlxalq siyasi iradə mərkəzləri öz davranışlarına mütləq diqqət etməlidirlər. Və bu mesajla "Batka"nın ilk növbədə ABŞ-ı hədəfə aldığı qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, üçüncü dünya müharibəsinin baş verə biləcəyi ilə bağlı xəbərdarlıqlar son vaxtlara qədər əsasən Rusiya siyasi dairələri tərəfindən dilə gətirilirdi. Hətta Kreml bu savaşın qaçılmazlığına əmin olduğunu da qətiyyən şübhə etmədiyi biruzə verir. Rusiya üçüncü dünya savaşında iştirak etmək məcburiyyətində qalacağı təqdirdə, nüvə silahından istifadə edəcəyini də gizlətmir. Belə ki, Rusiyada ABŞ-a və Avropaya taktiki nüvə silahı ilə zərbə endirilməsi ilə bağlı ciddi təlimlər keçirilib. Və Kreml artıq hər şeyə hazır olduğunu qabarıq şəkildə sezdirməyə çalışır.

Digər tərəfdən, Kreml üçüncü dünya savaşında ortaq düşərgədə yer almaq baxımından, həm Çin, həm də Şimali Koreya ilə prinsipial anlaşma əldə etdiyini də qətiyyən gizlətmir. ABŞ-ın sərt təzyiqləri ilə üzləşən Çin hələlik dünyada cərəyan edən proseslərə təmkinli yanaşmağa çalışsa da, rəsmi Pekin son vaxtlar bunun həmişə belə olmayacağına eyham vurur. Yəni, ABŞ və Qərb Şərq nəhənglərinə qarşı hücumları dayandırmazsa, Çin də Rusiya ilə eyni savaş düşərgəsində yer almaq məcburiyyətində qala bilər.

Belə anlaşılır ki, Bayden adminstrasiyası öz hakimiyyəti dövründə bütün dünyanı nəhəng "barıt çəlləyi"nə çevirməyi bacarıb. Bu baxımdan, hazırda üçüncü dünya savaşına səbəb ola biləcək əsas addımların arxasında ABŞ və müttəfiqlərinin izləri mövcuddur. Və bu səbəbdən də, dünyanı xaosa, kataklizmlərə sürüklədiyi üçün ABŞ bəşəriyyət qarşısında birbaşa məsuliyyət daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR