İnsanlara hürriyət, millətlərə istiqlal!

Başqa ölkədə prezident seçmək mərəzimiz

5852 10.02.2023 14:50 Yazarlar A A

Maşallah, sosial şəbəklərin milli seqmentində yenə müharibə gedir. Bizə təfavütü yoxdur, dünya dağılsa da, planet məhvərindən çıxıb allay-bullay olsa da, biz öcəşməyə mövzu tapacağıq.

İndi qonşuluğumuzda, 3 ölkədə (Türkiyə, Suriya, İran) zəlzələ baş verib, minlərlə ölən, on minlərlə yaralanan var, gerçək bir bəşəri faciə yaşanır, içində insanlıq duyğusu olan hər kəs baş verənləri TV xəbərlərindən kövrələrək, ağlayaraq izləyir, bizdə isə stalinçilər, fətullahçılar, xomeyniçilər, qasımçılar, putinçilər, baydençilər, ərdoğançılar, avropaçılar, natoçular, nataçılar bir-birinə qarışıb, qırğın gedir.

İddialar, hökmlər sıralanır: “Ərdoğan bu zəlzələdən sonra hakimiyyətdə qala bilməz”; “sovet vaxtı daha möhkəm binalar tikilirdi”; “bu da sizin Türkiyəniz, “ikinci əl” paltar-palazdan imtina etdi”; “Türkiyənin inşaat sektorunun bərbadlığı üzə çıxdı”; “hər şeyə görə AK parti iqtidarı günahkardır, çökən binaların yarısı onun dövründə tikilib”; “o getməsə, düzəlməyəcək” və s.

Türkiyə seçicisi hələ tərəddüd edir, bizimkilər artıq qərarlarını veriblər: “Ərdoğan getməlidir”. Bu, bizim köhnə mərəzimizdir, adı da “başqa ölkədə prezident seçmək”dir.

Bizdəki Ərdoöan müxaliflərinin bir çoxunda nəyə görəsə belə bir güman var ki, Ərdoğan prezident seçilməsə, bu, xalqımızı xoşbəxt edəcək. Amma bu, necə olacaq, deyən yoxdur.

ABŞ-da, Fransada, Ermənistanda, İranda, Rusiyada, Almaniyada bunu istəyənlər çoxdur, hamısının da niyə bu istəkdə olduğu bəllidir. Çünki Ərdoğan birinin qlobal və regional planına mane olur, o birini sözlə zəhərləyir, bu birinin təkləyib döymək istədiyinə qahmar çıxır, başqa birinin sözünün qabağından söz deyir və s.

Ona görə də onlar istəyirlər ki, hakimiyyətdə o olmasın, bu olsun – 1938-ci ildən ta 2002-ci ilə qədərki sözəbaxan türk liderlərindən biri. Onlar o liderləri aeroportda qarşılamırdılar, özlərini və sözlərini saya salmırdılar, sammitlərdə yanlarına barmaqla çağırırdılar, “yox, mən bunu edə bilmərəm, xalqımızın, dövlətimizin mənafelərinə ziddir” deyəndə devirirdilər, asırdılar, yerinə daha sözəbaxan, dişsiz birini gətirirdilər. Son vaxtlarda artıq ABŞ-ın bu ölkədə qiyam törətməsinə də ehtiyac qalmamışdı, hökumət yüngülvari müstəqil qərarlar vermək istəyəndə NATO-ya tabe olan milli generallar mühtira (ultimatum) verirdi, hökumət başçısı devrilib asılmağın qorxusundan istefaya çıxırdı, koalisiya dağılırdı, yeni seçkilər təyin olunurdu.

Türk siyasiləri burdan-bura bizim haqq işimizə dəstək verə bilmirdilər. Söz yox, bizi çox istəyirdilər, amma kömək etməyə qorxurdular, ABŞ-ın, Fransanın, Rusiyanın, İranın xoşuna gəlməyə bilərdi.

Amma Ərdoğan hakimiyyətə gəldikdən və yerini möhkəmlətdikdən bir müddət sonra ortaya iradə qoydu, bizi açıq-aşkar və birmənalı şəkildə dəstəklədi və onun da nəticəsi o oldu ki, iki il yarımdır bizimkilər Şuşanın dumanlı dağlarında şəkil çəkdirirlər, Kəlbəcərdə arı saxlayırlar.

Düşmən ona görə Ərdoğanın yenidən prezident seçilməsini istəmir ki, onun qeyrətinə, qətiyyətinə, siyasətinə, prioritetinə bələddir, bilir ki, o, Azərbaycana həmişə arxa-dayaq olacaq, ümid edir ki, hakimiyyətdə o yox, başqa biri olsa, ABŞ və Fransa təpinər, həmin adam Bakıya dəstək verməz və özünün işi avand olar, Şuşanı təzədən işğal edər.

Əslində bu da illüziyadır. Hələ onu bilmək olmaz ki, Türkiyədə hakimiyyətə gələn başqa biri bizə soyuq münasibət bəsləyər, ya bəsləməz. Ermənilərdə belə gözləntilər çox olur, suda boğulanda saman çöpünə də əl atırlar. Amma biz gördüyümüzü görmüşük, kəsilməmiş qarpızın içini nə bilmək olar. Ona görə də bizim anti-Ərdoğançıların qarnının ağrısı nədir, onu anlamaq çətindir.

Görünür, belə düşünməyi və danışmağı onlardan tələb edənlər var. Musiqini qrant verənlər sifariş edir, yəqin.

Bu xüsusda demokratiya-dikatatura söhbətləri boş şeydir. Xalq kimi seçirsə, hakimiyyətə o gəlməli deyilmi? Kişinin oğlunu xalq seçir. Yaxşı, necə olsun? Hakimiyyətə xalq seçən şəxs yox, ABŞ, NATO, Avropa İttifaqı seçən adam, özü də zorla gəlsin? Onda demokratiya olacaq?

Bu mənada Ərdoğanın yenidən prezident seçilməsi məsələsinin bizə isti-soyuğu var. Seçilməsə, üşüyərik, üşənərik. Seçilsə, belimiz bağlı, dilimiz uzun olar.

Ona görə də imkan verək, ağsaqqal yenidən seçilsin, daha bir neçə il işləsin, üstümüzə gələnlərin ağzının payını versin, ermənilərlə sülhə gələk, saziş bağlayaq, ondan sonra ağa durur, ağacan durur.

Əlimizdə yarımçıq iş var, usta dəyişmək vaxtıdır?

P.S. Türkiyədəki zəlzələdə çökən binaların yarısının Ərdoğanın vaxtında tikilməsi faktı gerçəkdirsə, bu o deməkdir ki, o biri yarısı da onun vaxtında tikilməyib. Üstəlik, Suriyada çökən binalar da onluq deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR