İnsanlara hürriyət, millətlərə istiqlal!

Başlıbel qətliamından 31 il keçdi

1127 18.04.2024 00:16 Ölkə A A

Ermənistanın hərbi cinayətinə hüquqi qiymət verilməsi üçün addımlar atılır

Başlıbel qətliamından bu gün 31 il keçir. Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. 

Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıb. Amma Ermənistan silahlı qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənistan hərbçilərinin Başlıbel kəndinə daxil olduqları 5 aprel 1993-cü ildən 17 aprel 1993-cü il tarixinədək Başlıbel kəndi ərzisində 6 nəfər qətlə yetirilib. Bunlardan 3 nəfəri 68, 98 və 102 yaşlı qadın, 3 nəfəri isə 53, 72 və 76 yaşlı kişi olub. Həmin müddətdə Başlıbel kəndini tərk edib xilas olmaq istəyən 27, 54, 58, 93 yaşlı 4 qadın, 38, 64, 65, 79 və 103 yaşlı 5 nəfər kişi Kəlbəcər rayonu ərazisində güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər Başlıbel kəndini işğal edən gün II Dünya müharibəsi iştirakçısı olan bir nəfəri - Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 5 nəfər Başlıbel sakini isə Kəlbəcər rayonunun müxtəlif ərazilərində girov götürülüb.

18 aprel 1993-cü ildə erməni hərbçiləri 62 nəfərin gizləndiyi kahaların yerini müəyyən edib və ərazini mühasirəyə alaraq insanlara qarşı dəhşətli qətliam törədiblər. Aralarında 2 nəfər azyaşlı uşaq, 4 nəfər qadın, 6 nəfər kişi (4 nəfəri ahıl yaşda) düşməndən gizləndikləri kahalarda güllələnib qətlə yetirilib. Sıralarında azyaşlı uşaqlar olmaqla, 10 nəfərdən yuxarı dinc sakin yaralanıb. Eləcə də həmin gün 9 nəfər qadın, 2 nəfər azyaşlı uşaq, 3 nəfər ahıl girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib. Həmin şəxslərin mühasirə həyatı 113 gün çəkib. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də mühasirədən çıxa və həyatlarını xilas edə biliblər. Amma 1 nəfər - I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.

2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Faciə qurbanları 2021-ci il sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərini dəfn etdikləri ərazidə torpağa tapşırılıblar.

Həmçinin işğaldan sonra Başlıbel kəndinə səfər edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının səfəri zamanı kəndin tarixi-mədəni abidələrinin, o cümlədən XVII-XVIII əsrin yadigarı olan məscidin dağıdılması müəyyən olunub. Kəndin qəbiristanlığı erməni vandalları tərəfindən dağıdılıb, məzarların içərisi dağıdılaraq cəsədlərin üzərində olan qiymətli metallar qarət edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Başlıbeldə törədilən kütləvi qətli vurğulayaraq dünya birliyinin diqqətini Ermənistanın törətdiyi bu müharibə cinayətinə çəkib.

2023-cü ilin oktyabrında Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi Almaniyada Başlıbel qətliamının tanıdılması istiqamətində tədbirlər həyata keçirib. Həmçinin qətliamın 30 illiyində beynəlxalq təşkilatlara və dünya dövlətlərinə Başlıbel qətliamına münasibət bildirilməsi üçün yazılı müraciət ünvanlanıb. 

Başlıbel qətliamı Ermənistanın dinc mülki azərbaycanlılara qarşı yol verdiyi müharibə cinayətlərindən biridir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR