İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan kritik Şuşa xəbərdarlığı - Ermənistan “saatı”nı düz qurmasa, bölgədə təklənəcək!

1509 15.06.2023 10:53 Siyasət A A

İrəvan Azərbaycana qarşı Qarabağ şərti ilə regionda yalnız öz təcridini gücləndirir; Ermənistan ona təklif ediləni yenə götürməsə, zaman gələcək, yalvaracaq...

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan təzədən prezident seçiləndən sonra ilk xarici səfərini Azərbaycana etməklə (ŞKTC hələ ki beynəlxalq birliyin üzvü deyil) dünyaya hər şeydən öncə iki qardaş ölkənin ittifaqının sarsılmazlığı mesajını verdi. Bu mesaj isə özəlliklə “erməni kartı” hesabına bölgəni təzədən qarışdırmaq niyyətində olan xarici güclərə ünvanlı idi.

Səfər həmçinin mürəkkəb regional durumda Bakı və Ankaranın saat əqrəblərini son dəfə tutuşdurması ilə yadda qaldı. Xarici siyasətdəki prioritetləri üst-üstə düşən iki Türk dövlətinin bundan sonra da bölgə ilə bağlı müştərək siyasət yürüdəcəyinə şəkk-şübhə saxlamadı.

Ərdoğanın 2021-ci il Şuşa Bəyannaməsini və oradakı əsas müddəaları yada salması, Şuşada Türkiyə konsulluğunun açılmasının tezləşdirilməsindən söz etməsi, “konsulluğun açılması hamıya, xüsusən də Ermənistana mesaj olacaq” söyləməsi bu mənada çox mühüm idi.

Meclis.info - Parlament Şuşa Bəyannaməsini təsdiqləyib.

Ermənistana ünvanlı ismarış-xəbərdarlıqlar təbii ki, həm də onun əsas havadarlarına - Fransaya, Rusiyaya verilmiş sayılır. Hansı qüvvələr ki, hələ də Azərbaycanın ayrılmaz parçası olan Qarabağla bağlı orta və uzaq perspektiv üçün məkrli planlar qurmaqdan əl çəkməyiblər.

Məhz elə öz himayədarlarından cəsarət alan Ermənistan üç ildir Azərbaycanla sülh anlaşmasını müxtəlif bəhanələrlə yubadır. Çünki vaxtı uzatmaqla hərbi cəhətcə dirçəlməyə, danışıq masası arxasında barışmaz mövqe tutmağa çalışır. Erməniləri bizdən yaxşı kim tanıya bilər ki? Bu da növbəti sübut.

“Qarabağın təhlükəsizliyinin təminatları danışıqlarda ən vacib və ən çətin məqamlardan biridir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu iyunun 13-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Bir vaxtlar hamı Qarabağı danışıqlar prosesindən kənarda qoyan hakimiyyəti (Səkisyan-Köçəryan rejimi nəzərdə tutulur - red.) tənqid edirdi. İndi biz "DQR"i hansısa statusda, hansısa formada və formatda prosesə qaytarmışıq (? - red.) Çalışırıq ki, o, danışıqların tərkib hissəsi olsun. Amma heç kim bu haqda danışmır, yaxud əksini söyləyirlər. Əgər bu məsələ olmasaydı, biz çoxdan, 3-4 dəfə sülh sazişi imzalamışdıq", - deyə Simonyan bildirib.

Qarabağ danışıqları prosesində dörd yalan: Paşinyan nəyi gizlədir?

Simonyanın sözləri əslində tər-təmiz etirafdır - rəsmi İrəvan tərəfindən sülh müqaviləsi üçün Qarabağ şərtinin qoyulmasının etirafı. Beləcə, erməni tərəfi deyəsən hələ də fil qulağında yatıb. Kapitulyant ölkə yenə bizimlə həyasızcasına şərt dilində danışmağa cəhdlər edir. Azərbaycanın daxili məsələsi olan bir mövzunu bəhanə gətirərək, sülh sənədindən yayınır.

Bunun başqa bir adı isə ərazi iddiasıdır. Əks halda, niyə sülh müqaviləsi imzalanmasın ki, əgər Ermənistan Azərbaycanı 86.6 min kv km-lik ərazidə tanıyırsa? Məgər biz Ermənistanla sülh müqaviləsi üçün Qərbi Azərbaycan şərtini qoyuruq? Hərçənd buna tamamilə haqqımız var. Hərçənd belə getsə, bu şərti qoyacağıq. Yəni Ermənistanın Qarabağ şərti ən çox onun özünün əleyhinə işləməkdədir...

“14 və 28 may seçkilərindən sonra ilk səfərlərimizi Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edərək dəstəyimizi ortaya qoyduq. Rəbbimiz sevgimizi, qardaşlağımızı daimi etsin. Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik. Qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər, hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini İlham qardaşımla tam koordinasiya şəraitində həyata keçiririk”.

Bunu Azərbaycandan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərodğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Göründüyü kimi, qardaş dövlətin başçısı Bakı-Ankara müttəfiqliyinin sarsılmazlığı, bütün məsələlərdə yekdilliyi  ilə bağlı İrəvana aydın siqnal göndərib. Siqnalın anlamı isə belədir: Ermənistan ümid eləməsin ki, Azərbaycanla sülh oyunları fonunda Türkiyə ilə münasibətlərdə hansısa irəliləyişə, o cümlədən sərhədlərin açılmasına nail ola biləcək. Belə şey əsla gözlənilmir. Çünki cənab Ərdoğanın da vurğuladığı kimi, Bakı və Ankara bölgədə qarşılıqlı dialoq və əməkdaşlıq məsələlərinin həllini sinxron və koordinasiyalı şəkildə, “tək millət, iki dövlət” olaraq və siyasi tandemdə görür.

Bakı-Ankara qardaşlığını kim qısqanır: Kreml, yoxsa Qərb?

Qısası, kapitulyant ölkəyə birtərəfli güzəştlər olmayacaq. Güzəşt dönəmi, dilətutmalar dövrü keçdi. Hansından ki, ermənilər öz maksimalist tələbləri üzündən yararlana bilmədilər. Təklif ediləni zamanında götürmədilər və indi onun üçün yalvarırlar. Siyasətdə isə “bir suya iki dəfə girmək” qeyri-mümkündür. Azərbaycan və Türkiyə yenə Ermənistana mümkün olanı təklif edir. Amma yenə öz xislətlərinə uyğun olaraq, naz edirlər. Burunlarından uzağı görə bilmirlər. Xəyallarla yaşayırlar. Halbuki sabah indi təklif edilənlərdən də məhrum ola bilərlər.

*****

İyunun 12-də Bakı və Ankara növbəti dəfə əqrəbləri tutuşdurdu. Qalır İrəvanın öz “saatı”nı düzgün qurması. Bunu edə bilməzsə, Ermənistan bölgədə təklənəcək. Sadəcə, geci-tezi var. Şuşada Türkiyə konsulluğunun açılması isə bu təcridi yalnızca sürətləndirmiş olacaq...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR