Bakının Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi 74 ünvanında yerləşən ağacları Ağ Amerika kəpənəyinin tırtılları bürüyüb. Ağacların budaq və yarpaqları tırtılların yaratdığı torabənzər örtüklə əhatə olunub.
Sakinlər Musavat.com-a bildiriblər ki, zərərvericilər ağacların yarpaqları ilə qidalanaraq onların qurumasına və zəifləməsinə səbəb olur.
Onların sözlərinə görə, ərazidə bu hal son günlər daha da geniş yayılıb.
Qeyd edək ki, analoji vəziyyət təkcə Səməd bəy Mehmandarov küçəsində deyil, Bakının müxtəlif ərazilərində də müşahidə olunur.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Musavat.com-a bildirilib ki, məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır:
“Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri aparılır”.
Mütəxəssislərin məlumatına görə, Ağ Amerika kəpənəyi insanlar üçün təhlükə yaratmasa da, kənd təsərrüfatı və yaşıllıqlar üçün ciddi zərərvericilərdən hesab olunur. Bu həşərat 120-dən çox bitki növü ilə qidalanır. Onun əsas qida mənbələri arasında tut, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və digər ağac və kollar yer alır.
Abşeron yarımadasında aparılan tədqiqatlar zamanı isə Ağ Amerika kəpənəyinin 30-a yaxın bitki növünə zərər verdiyi müəyyən edilib. Sakinlər aidiyyəti qurumları ərazilərdə dezinfeksiya və zərərvericilərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə çağırırlar.

Şahanə Rəhimli
Musavat.com






