İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda maşın qiymətinə ağac - kimlər alır? FOTO VİDEO

2762 24.05.2022 17:17 Reportaj A A

Paytaxtın bəzi ərazilərində, yol kənarlarında dekorativ ağaclar və kollar satılır. Burada alıcılara yerli bitkilərlə yanaşı, xaricdən gətirilmiş ağac və kollar da təklif olunur. Bu bitkilər müxtəlif qiymətlərə satılır – sərfəli sayılanı da var, qiymətinin şişirdilmiş hesab ediləni də.

Alıcıların fikrincə, ümumiyyətlə, ağacların qiyməti əvvəlki illərə nisbətən bahalaşıb.

Ağac satışı ilə məşğul olan Fərman Kazımovun Musavat.com-a verdiyi açıqlamaya görə, qiymətlərin bahalaşmasının səbəbi ağac ixrac edən ölkələrin baha qiymətə satmasıdır.

O bildirir ki, əvvəl 15 manata satdığı ağacı hazırda 60 manata satır:

“Ağaclar, əsasən, İtaliya və Türkiyədən gətirilir. Qiymətlər 15 manatdan başlayır. Ağacların necə gətirilməsindən asılı olaraq qiyməti dəyişir. Qısaca, hər qiymətə ağac tapmaq mümkündür. Məsələn, “Vazo Oya” ağacı var. Xarici görünüşünə görə insanlarda xüsusi maraq oyadır. Həmin bitki Koreyadan gətirilir və 12 000 manata satılır. Bu ağacın digər özəlliyi isə budur ki, digər ağaclar kimi qayğını sevmir.
İtaliyadan gətirilən çiyələk ağacı var, qiyməti təxminən 35 000 manatdır”.

Həm ağac satışı, həm də bitkilərin bağ evlərində dizaynı ilə məşğul olan satıcı deyir ki, nə qədər maraqlı iş olsa da, çətin tərəfləri çoxdur:

“Meyvə ağaclarına gəldikdə isə, onların qiyməti standart olur. Hazırda meyvə ağacına tələbat yoxdur. Alanlara isə bu aylarda yox, sentyabr və oktyabr aylarında almağı tövsiyə edirəm”.

Alıcılar isə deyirlər ki, ağac alarkən gərək tanıdığın şəxs olsun ki, səni aldatmasın:

“Bəzən ağac alırıq, əkəndə görürük ki, içi quruyub. Qiymətə gəldikdə isə eyni ağac hər mağazada fərqli qiymətə satılır. Ona görə də bütün ağac satılan mağazalardan qiymətləri öyrənib, sonra ən uyğun olanını almaq daha məqsədəuyğundur”.

Ləman Rüfətqızı,
Rafət Şahbazov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR