İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və Vaşinqton münasibətlərində yeni mərhələ

1480 21.05.2024 09:22 Siyasət A A

Ötən həftə ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi  Hikmət Hacıyev   dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub. 

Hikmət Hacıyev  Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüb. Bu barədə Hikmət Hacıyev X Platformasında yazıb: “Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla çox məzmunlu görüş baş tutdu və biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı və əlaqələrimizin gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər də müzakirə edilib. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”. 

Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda da  Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib: “Hörmətli iştirakçılarla Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər və tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi, Azərbaycan üçün COP29 kimi daha qlobal və yeni xarici siyasət baxışı, iqlim və yaşıl həmrəylik gündəliyi, Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkan kimi və regional əməkdaşlığın gücləndirilməsi, Orta dəhliz, Xəzər-Qara dəniz bərpa olunan enerji dəhlizi layihəsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh gündəliyinin təşviqi, Cənubi Qafqaz regionunun transformasiyası və inteqrasiyası ilə bağlı geniş fikir mübadiləsi apardıq”.

Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edir.  Azərbaycan həmçinin Avropa ilə Asiya və Yaxın Şərq regionu arasında mühüm nəqliyyat dəhlizi olan Xəzər dənizinin sağ və sol sahilləri, Uzaq Şərq,  Çinlə Avropa bazarlarını birləşdirən İpək yolu  zolağının strateji bəndidir. 

Məlumdur ki, bir qrup ermənipərəst konqresmen Bakıya qarşı “sanksiya siyahısı” hazırlayıb. Sanksiya təşəbbüsünün qəbul edilməsi perspektivi zəifdir, xüsusilə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində müzakirələrdən ABŞ prezidentinə təqdimata qədər uzanan prosedur qaydaları bunu deməyə əsas verir. Eyni zamanda ABŞ-ın xarici siyasət maraqları bunun mümkün olması ehtimalını azaldır.  Amma belə görünür ki, bu səfər həm də münasibətləri  yenidən gözdən keçirmək, münasibətlərə zərər verən problemlərin müzakirəsi,  eləcə də gələcək əməkdaşlıq perspektivini müzakirə etmək fürsəti kimi dəyərləndirilə bilər. 

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Deputat: “Hikmət Hacıyevin səfərinin və apardığı danışıqların da bu məsələdə müsbət təsirinin olacağını söyləyə bilərik”

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin ABŞ səfəri iki ölkə arasında əlaqələrin inkişafına, şübhəsiz, müsbət təsirini göstərəcək: “Azərbaycan ABŞ-la əlaqələrin həmişə normal olmasında maraqlı olub. Müxtəlif zamanlarda Vaşinqtonla Bakı arasında məsələlərə münasibətdə mövqe fərqliliyi olması isə təbiidir. Əsas məsələ odur ki, hər iki dövlət sonda ümumi, hər iki tərəfi qane edə bilən anlaşmanı əldə etməyi bacarıb. ABŞ-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Cənab Hikmət Hacıyevin ABŞ-a səfəri ilə bağlı həm ölkəmizin bu ölkədəki səfirliyinin yaydığı rəsmi məlumat, həm də dövlət katibi müavininin özünün yaydığı məlumatlara, həm də Hikmət müəllimin yaydığı məlumata istinad etsək görərik ki, ikitərəfli, dövlətlərarası münasibətlərin, strateji xarakter daşıyan sahələrdəki münasibətlərin aydınlaşdırılması və inkişaf etdirilməsi kimi məsələlər müzakirə olunub. COP29-la bağlı ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıq Bakının həmin tədbirə ev sahibliyi edəcəyi ilə bağlı rəsmi məlumatlar dərc edildiyi andan başlayıb. Hikmət Hacıyevin səfəri iki ölkə arasındakı əlaqələrin daha çox inkişafına təkan verəcək. Azərbaycan Prezidenti İlham Əliyev Amerika ilə əlaqələrə həmişə önəm verib. Azərbaycan milli maraqlarının təmin olunmasını ABŞ-la əməkdaşlıqda daim prioritet olaraq görüb və görür. ABŞ-da bir qrup konqresmen və bir sıra siyasi dairələr daim Azərbaycanla münasibətlərin korlanması, Azərbaycana qarşı sanksiyaların qəbul edilməsinə cəhdlər göstərirlər. Bu yaxınlarda kiçik bir qrupdan ibarət erməni lobbisinə bağlı konqresmenlərin Konqresə təqdim etdiyi anti-Azərbaycan layihəsi də bu qəbildəndir. Əslində həmin layihə ABŞ-ın da maraqlarına ziddir. Yəqin ki, ABŞ Konqresi bu avantürist layihəni qəbul etməyəcək. Hətta edilsə belə, ABŞ prezidenti tərəfindən təsdiqlənməyəcək. Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin səfərinin və apardığı danışıqların da bu məsələdə müsbət təsirinin olacağını söyləyə bilərik. Bu səfər ticari-iqtisadi, təhlükəsizlik, siyasi-diplomatik sahələrdə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına xidmət göstərəcək. ABŞ Azərbaycanın regionda söz və nüfuz sahibi olan ölkələrdən olduğunu qəbul edir”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Politoloq: “ABŞ Parisdən fərqli olaraq Azərbaycanın Cənubi Qafqazda oynadığı rolu dəyərləndirə bilir”

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtonda amerikalı rəsmilərlə görüşləri iki ölkə arasında ara verilməyən dialoqun tərkib hissəsidir: “Hikmət Hacıyevin görüşdüyü yüksək vəzifəli rəsmilərdən biri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan oldu. Bu, onu göstərir ki, Vaşinqton Parisdən fərqli olaraq Azərbaycanın Cənubi Qafqazda oynadığı rolu dəyərləndirə bilir. Yeni Kaledoniyada baş verənlər fonunda Fransa-Azərbaycan münasibətlərinin daha da gərginləşəcəyini ehtimal etmək olar. Paris birbaşa və Avropadakı imkanlarından istifadə edərək Azərbaycan əleyhinə çirkin niyyətlərini həyata keçirməyə çalışacaq. Odur ki, belə vəziyyətdə rəsmi Bakının Vaşinqtonla münasibətlərini inkişaf etdirməsinə ehtiyac var, əks halda, iki cəbhədə diplomatik mübarizə Azərbaycana əlavə çətinliklər yarada bilər. 

Vaşinqtondakı görüşdə Azərbaycanla bağlı bu sualların səslənməsi mümkündür: 1. Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin bu il imzalanması nə dərəcədə realdır? 2. Azərbaycan Ermənistanın regional layihələrə qoşulmasına razıdırmı? 3. Rusiyanın danışıqlar prosesini əngəlləməsi mümkündürmü?

Vaşinqton Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlıqda maraqlıdır. Bu, Azərbaycanın maraqları ilə üst-üstə düşür. Bu səbəbdən Vaşinqton Prezident İlham Əliyevin irəli sürdüyü “Qafqaz evi” ideyasını dəstəkləməlidir. Çünki bu ideyanın reallaşması Rusiya və İranın bölgəyə təsir imkanlarını minimuma endirəcək. Moskva ilə Tehranın Cənubi Qafqazda fəallığının əleyhinə olan Vaşinqton eyni zamanda Orta dəhliz layihəsinin əleyhinə olmamalıdır.

Eyni zamanda Vaşinqton Amerikadakı erməni diasporu ilə işbirliyində olan konqresmenlərin qəbul etdirmək istədiyi ant-Azərbaycan sanksiya layihəsinin qəbuluna imkan verməməlidir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR