İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı qərarını verdi - təzə ilə təzə vasitəçi ilə?

3528 10.01.2023 09:02 Siyasət A A

Rusiyanın əlaltıları da, “sülh təşəbbüskarlığı” da bizə gərək deyil, yetər ki, gerçək danışıqlar prosesinə əngəl olmasın; politoloqlar deyir ki...

2023 bir sıra parametrlər baxımından Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ili olmasa da, mütləq ona bənzər hansısa sənədin imzalanması ili olmalıdır. Əsas da o səbəbə ki, kapitulyant ölkə rəhbərliyinin sülh oyunbazlığını davam etdirmək üçün vaxt limiti qalmayıb. Üstəlik, bu oyunbazlıq nəticəsində yeni müharibə faktiki qapını kəsdirib. Odur ki, rəsmi İrəvan, nəhayət, qərarını verməlidir: o, həqiqətən sülh istəyir, yoxsa hərb?

Sözsüz ki, ikitərəfli sülh anlaşması obyektiv vasitəçi olmadan çətin ki, ərsəyə gəlsin. Və yaxşı olar ki, onların sayı çox olmasın. Çünki hər bir vasitəçi bölgədə öz maraqlarını güdür və çox zaman bu maraqlar bir-biri ilə ziddiyyət təşkil edir. Necə ki, keçən il Avropa Birliyinin (AB) Bakı və İrəvan arasında moderatorluğunu Rusiya süngü ucunda qarşıladı və hər vəchlə onu pozmağa çalışdı. Moskvanın özü isə Brüsseldən daha sanballı sənəd layihəsi ortaya çıxarmadı. Əksinə, məlum oldu ki, Kreml AB-dən, ABŞ-dan fərqli olaraq, sənədə “münaqişənin həlli sonrakı nəsillərə saxlansın” (oxu: “münaqişə sonraya saxlanılsın” - red.) bəndini əlavə eləməklə, müstəsna olaraq, özünü düşünür və tərəflərə sülh müqaviləsi deyil, “müharibə müqaviləsi” imzalatmaq niyyətindədir. Belə vasitəçi bizim nəyimizə gərək?! Yetər ki, Kreml əsl sülh danışıqlarına əngəl olmasın.

Üçtərəfli görüş keçirilir

Yəni moderator, vasitəçi kim olur-olsun, Azərbaycan üçün ən önəmlisi sülh müqaviləsində Bakının 5 prinsipinin əsas götürülməsidir. Bu mənada Rusiya hələlik bizə ən az əl verən ölkədir. Bir sıra analitiklərə görə, Azərbaycan üçün ən uyğunu elə Qərbin moderatorluğudur. Məsələn, ABŞ-dakı Kornegi Fondunun eksperti Tomas de Vaal hesab edir ki, Bakı və İrəvan arasında ən optimal vasitəçi yenə Avropa Birliyi olaraq qalır. Bu barədə o, ötən həftəsonu AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində deyib.

Üçtərəfli görüşə dair Soçi Bəyanatı - TAM MƏTN

Sitat: “Avropa Birliyi daha neytral vasitəçidir. Ona həm Bakıda, həm də İrəvanda daha çox inam var. Ona görə də AB bu prosesə nə qədər çox daxil olsa, o qədər yaxşıdır. Ümid var ki, sərhəd missiyası bu il bərpa ediləcək və AB Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar yenilənəcək. Mən bundan başqa yol görmürəm”.

Bəzi digər təhlilçilərə görə isə Paşinyan-Makron “bacıları”nın ötən il sonu fiaskoya uğratdıqları Brüssel sülh prosesinin yerinə Vaşinqton heç də az səmərəli olmayacaq vasitəçilik gerçəkləşdirmək, diplomatik “boşluğu” uğurla doldurmaq imkanındadır. Bir şərtlə ki, ABŞ gorbagor olmuş “Minsk Qrupu” havasından tamamilə imtina etsin, ermənilərdə boş ümidlər yaratmasın. Hər necə olmasa, dövlət katibi Entoni Blinkenin az öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşə hazırlaşdığı barədə açıqlaması bu yöndə müəyyən nikbinlik yaradır.

Zərdüşt Əlizadə:“Rusiya çürüyür, Qazaxıstandan da, Qarabağdan da....  çıxacaq”

 Zərdüşt Əlizadə 

Politoloq Zərdüşt Əlizadə də oxşar fikirdədir: “Sülh müstəvisində Rusiyanın təşəbbüslərinə nisbətən ABŞ-ın səyləri Azərbaycanın mövqeyinə daha yaxındır. Onlar istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın. Beləliklə, Rusiya prosesdən uzaqlaşdırılsın. Eyni zamanda Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası da məhz Qərbin vasitəçiliyi ilə baş tutsun”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu o, Teleqraf.com-a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Ermənistanın indiki halda belə Azərbaycana qarşı səsləndirdiyi iddialar əsassızdır: “Erməni tərəfi birdəfəlik qəbul etməlidir ki, iddialarını hansısa təzyiq formasında həyata keçirə bilməyəcək. Əslində bu, ciddi mövqe deyil. Ümumiyyətlə isə məğlub tərəfin ciddi mövqeyi olmur. Ermənistanın beynəlxalq hüquqla uzlaşmayan iddiaları heç vaxt qəbul edilməyəcək”.

Politoloqa görə, bu gün Şuşa-Xankəndi yolundakı aksiyalar nəticəsində bir sıra məsələlər üzə çıxıb: “Xankəndidə də artıq fikir ayrılıqları var. Amma bir sıra başqa işlər də görülməlidir ki, Xankəndidə Azərbaycanla birgə yaşamaq istəyində olanların sayı artsın. Bundan sonra orada Ruben Vardanyan kimilərinin də mövqeyi zəifləyəcək. Çünki oradakı ermənilər Azərbaycanın içərisində yaşadıqlarını dərk etməlidirlər”.

Zərdüşt Əlizadənin qənaətincə, artıq Ermənistanda hər kəs anlayır ki, Azərbaycanla güc dilində danışmaq mümkünsüzdür: “Azərbaycanın hərbi cəhətdən Ermənistandan qat-qat üstün olduğunu indi hər kəs bilir. Sadəcə olaraq, Şuşa-Xankəndi-Laçın yolunda Azərbaycan yoxlamadan sonra humanitar daşımaların rahat şəkildə keçidinə imkan yaratmaqla və digər məsələləri həll etməklə Qarabağ ermənilərinin inteqrasiyasına nail ola biləcək”.

Artıq bunun ilkin müsbət təzahürləri var. Sirr deyil ki, Qarabağa oğrun yolla gəlmiş erməni oliqarx-fırıldaqçı Ruben Vardanyanın əsas hədəfi anklavdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyanı önləmək və separatçılığı həm də Kremlin maraqlarına uyğun gücləndirməkdir.

Lakin bugünlərdə Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakinin postlarımızın birinə yaxınlaşaraq kömək istəməsi, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirməsi, qarşılığında erməni sakinə yemək, siqaret verilməsi, ümumiyyətlə, ona qayğı ilə yanaşılması və aksiya yerindən onun Xankəndinə yola salınması göstərdi ki, Vardanyanın planları arxasında Rusiya dursa belə, heç də asanlıqla reallaşmayacaq. Bakı artıq qərarını verib. Yavaş-yavaş bu quldur da hər addımda Azərbaycan dövlətinin gücünü hiss edəcək, torpaq ayağının altında “yanacaq”. Qarabağa gəldiyinə və ya göndərildiyinə tezliklə peşman olacaq. Aradan çıxmağa yol-variant axtaracaq...

Analitik xidmət,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR