İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların İrana axın etməsinin 3 əsas səbəbi

2358 23.08.2019 08:50 Siyasət A A

Ekspert: “Ticarət və səhiyyə xidmətlərindən istifadə, dini ayinlərin icrası məqsədi üstünlük təşkil edir”

Cari ilin ilk 6 ayında İrana gedən vətəndaşlarımızın sayı kəskin artıb və 1 milyon nəfəri ötüb. Belə ki, 2019-cu ilin yanvar-iyul aylarında 3 milyon 115,1 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib. Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artıqdır. Ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiya Federasiyasına, 11 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə gedib. Başqa sözlə, Bu dövrdə İrana 1 177,5 min nəfər, Gürcüstana 875 min nəfər, Rusiyaya 551,4 min nəfər, Türkiyəyə isə 342,5 min nəfər azərbaycanlı səfər edib.

Maraqlıdır ki, turizm mövsümünün gücləndiyi yayın ilk iki ayında - iyun-iyul aylarında da İrana səfər edənlərin sayı digər ölkələrdən daha çox olub. Belə ki, son iki ayda İrana 361,5 min nəfər, Gürcüstana 317 min nəfər, Rusiyaya 173,3 min nəfər, Türkiyəyə isə 140,2 min nəfər səfər edib. Bu o deməkdir ki, İrana səfər edənlərin əksəriyyəti qonşu ölkəyə turizm deyil, ticarət və ənənəvi olaraq müalicə məqsədilə gedir. Xaricə gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib. 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstana gedənlərin sayı 12,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb. Azərbaycan vətəndaşlarının 82,7 faizi xaricə dəmir yolu və avtomobil, 16,5 faizi təyyarə, 0,8 faizi isə gəmi ilə gedib.

Bu statistikada əsas diqqət çəkən məqam İrana gedən azərbaycanlıların sayının artmasıdır. Məlum olduğu kimi, İranda ərzaq və digər gündəlik tələbat məhsullarının, cehizlik əşyaların qiymətinin ucuz olması azərbaycanlıların, xüsusən də bu ölkə ilə həmsərhəd rayonların əhalisinin İrana səfər etməsinə səbəb olur. Sərhəddə yaxın kəndlərdə yaşayanlar bəzən gün ərzində bir neçə dəfə sərhədi keçib geri dönür, həm özlərinin aylıq tələbatını ödəyəcək həcmdə mal və məhsul gətirir, həm də bu məhsulların xırda ticarəti ilə məşğul olurlar. Digər tərəfdən, Azərbaycan vətəndaşları İrana həm də müalicə üçün  gedir. Turizm məqsədilə səfərlər elə də üstünlük təşkil etmir. Yalnız İranda yerləşən dini ziyarətgahlara, xüsusən də şiə təriqətində olanlar 8-ci imam Rzanın (ə) məzarının olduğu Məşhəd ziyarətinə gedənlərin də sayı artır.

Bəs görəsən, bu mövzuda iqtisadçı ekspertlər nə düşünür?

Rəşad Həsənov ile ilgili görsel sonucu

“Yeni Müsavat” üçün  mövzunu şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanla İran arasında gediş-gəlişin, turizm əlaqələrinin geniş miqyasda olmasının fundamental səbəbləri də var: “Bu  səbəblərdən birincisi İranda 30 milyon azərbaycanlının yaşamasıdır. Eyni xalqdır və bu da münasibətlərin formalaşmasında mühüm rol oynayır. Azərbaycanlıların ən çox səfər etdiyi ölkələrə baxmış olsaq, 90,5 faizi 4 ölkəyə Gürcüstan, Rusiya, Türkiyə və İrana səfər edir. Bu da istehlak gücünün zəif olması və uzaq ölkələrə səfərin nisbətən baha başa gəlməsidir. Eyni zamanda azərbaycanlıların xarici ölkələrə səfərlərinin əksər hallarda məqsədi heç də həmişə turizm olmur. Bu, Gürcüstan, Rusiya, Türkiyəyə səfərlərdə də özünü göstərir. Burada ticarət və səhiyyə xidmətlərindən istifadə məqsədi üstünlük təşkil edir. İranda da vəziyyət təxminən oxşardır".

Ekspertin sözlərinə görə, Azərbaycan vətəndaşları İrana çox zaman gündəlik tələbat məhsullarının istehlakı və kiçik ticarət məqsədilə, eyni zamanda səhiyyə xidmətlərindən istifadə məqsədilə gedirlər: “İrana turist səfərlərinin sayı aşağıdır.  Üçüncü yerdə dini ayinlərin icrası məqsədilə səfərlər durur. İslamın şiə qolunun daşıyıcıları oradakı ziyarətgahlara səfər edir. Həmçinin İranda müşahidə edilən böhran, tətbiq edilən sanksiyalar bu ölkənin valyutasını sürətlə ucuzlaşdırdı. Bu da son nəticədə İranda məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxarır və Azərbaycanın İranla həmsərhəd kəndlərinin əhalisinin səfərini stimullaşdırır”.

R.Həsənov hesab edir ki, son illər əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də bu məsələdə rol oynayır: “2015-ci il böhranından sonra Azərbaycanda əhalinin alıcılıq gücü aşağı düşdü. Azərbaycanlı istehlakçılar nisbətən aşağı keyfiyyətli məhsulların istehlakçısına çevrildilər. Bu da İran kimi ölkələrdən idxal olunan məhsullara daxili bazarda tələbatı artırır, gediş-gəlişin də artmasına səbəb olur”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR