İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın əsas yatağında neft hasilatı kəskin azalıb

1453 12.08.2022 10:30 İqtisadiyyat A A

İlham Şaban: “AÇG-nin dərin qatlarında neftverimlilik aşağıdır”

Beynəlxalq Enerji Agentliyi 2022-ci ilin yekununda dünyada neftə olan gündəlik tələbatın 2,1 milyon barel artaraq 99,7 milyon barelə çatacağını proqnozlaşdırır. Bu, agentliyin əvvəlki proqnozundan 380 min barel çoxdur. BEA-nın avqust hesabatına əsasən, 2023-cü ildə gündəlik neft tələbatı daha 2,1 milyon barel artacaq - BEA bu göstəricidə hər hansı dəyişiklik etməyib.

Agentliyin hesablamalarına əsasən, iyul ayında dünyada neft təklifi pandemiya başlanandan bəri ən yüksək həddə - gündə 100,5 milyon barelə çatıb. Ay ərzində  OPEK+ ölkələri gündəlik hasilatı 570 min barel, razılaşmadan kənarda olan ölkələr isə 870 min barel artırıblar. İlin sonunadək neft təklifinin daha 1 milyon barel artırılması imkanı var. Ötən ay OPEK+ ölkələri gündəlik hasilatı artırsalar da, bu, özlərinin qəbul etdikləri həcmdən 2,74 milyon barel azdır.

İyulda Rusiya hasilatı iyunla müqayisədə 20 min barel artırmaqla 9,8 milyon barelə çatdırıb. Lakin ixracı gündəlik 115 min barel azalmaqla 7,4 milyon barel, neft ixracından gəlirləri isə 2 milyard dollar azalaraq 19 milyard dollar təşkil edib. Gəlirlərin azalmasına ixracla yanaşı, dünya bazarında neftin qiymətinin ucuzlaşması da səbəb olub. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiyanın ABŞ, Böyük Britaniya, Avropa Birliyi, Yaponiya və Cənubi Koreyaya gündəlik neft ixracı 2,2 milyon barel azalıb. Bu həcmin üçdə ikisi artıq digər bazarlara yönəldilib. Bu bazarlar əsasən Hindistan, Çin və Türkiyədir. İyulda Rusiyada gündəlik neft hasilatı müharibə başlamazdan əvvəlki səviyyədən 310 min barel, ixracı isə 580 min barel aşağı olub.

BEA-da hesab edirlər ki, Avropa İttifaqının Rusiyadan neft və neft məhsulları idxalına tətbiq edəcəyi embarqo qüvvəyə mindikdən sonra ölkənin ixracında kəskin azalma olacaq. Rusiya əlavə olaraq 1,3 milyon barel neftə, 1 milyon barel neft məhsullarına bazar tapmaq məcburiyyətində qalacaq.

BEA-nın hesablamalarına əsasən, İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin neft ehtiyatları iyulda 6,2 milyon barel artmaqla 2 milyard 681 milyon barelə çatıb. Bu, son 5 illik orta göstəricidən 292,1 milyon barel azdır. Ay ərzində dünya üzrə neft ehtiyatları 5 milyon barel azalıb. Dövlət ehtiyatlarından neft satışı 33,8 milyon barel təşkil etməklə strateji ehtiyatların ən çox azalmasına gətirib çıxarıb.

Qeyd edək ki, dünya neft bazarında qiymətlər hazırda bir neçə amilin təsirindədir. Dünya iqtisadiyyatında gözlənilən resessiya, həmçinin koronavirus pandemiyasının yenidən genişlənməsi bazara neqativ təsir göstərməklə qiymətlərin düşməsini şərtləndirir. Bundan əlavə, ABŞ-da ehtiyatların artmasına dair məlumat da qiymətsalıcı təsirə malikdir. Rusiyadan “Drujba” kəməri ilə neft nəqlinin bərpası da bazar üçün qiymətsalıcı amillərdən biridir. Belə ki, Ukrayna kəmərlə nəql üçün ödənişlərin edilmədiyini əsas gətirməklə avqustun 4-dən nəqli dayandırmışdı. Sanksiyalar üzündən Rusiyanın “Transneft” şirkəti ödənişləri çatdıra bilmir. Kəmərlə neft alan Macarıstan və Slovakiya Ukraynaya tranzit ödənişlərini üzərlərinə götürdükdən sonra hər iki ölkəyə neft nəqli bərpa olunub. Lakin Çexiya tərəfi tranzit haqqını ödəmək təşəbbüsü göstərməyib. Çexiyada fəaliyyət göstərən neft emalı zavodlarının sahibi Polşanın “PKN Orlen” şirkəti Rusiya neftini almaqdan imtina edib. Şirkətin nümayəndəsi bəyan edib ki, zavodların neftlə təminatında problem yoxdur, yaxınmüddətli dövr üçün ehtiyatlar yetərincədir. Dövlətin 90 günlük ehtiyatlarının olduğunu deyən nümayəndə hazırda digər mənbələrdən neft çatdırılmasını təmin etmək üçün Polşa və Çexiya hökumətləri zəruri tədbirləri görürlər. Çexiyada İtaliyanın Triyest limanından neft nəql edən TAL kəməri ilə nəql həcmlərinin artırılacağını gözləyirlər.

Avropa bütün gücü ilə dekabrda reallaşacaq embarqo şəraitinə hazırlaşır. Artıq Avropanın flaqmanı Almaniya ərəb ölkələrindən neft alışına dair müqavilələr imzalayıb, ilk dəfə olaraq ABŞ-dan neft alışını təmin edib. Avqustun əvvəlindən ABŞ neftini daşıyan tankerlər Almaniya limanlarına daxil olmağa başlayıb.

Avropa İttifaqının embarqosu Rusiya nefti ilə yanaşı, onun qarışdığı digər markaları da əhatə edəcək. Buna görə də Qazaxıstan Novorossiysk limanından Xəzər Boru Kəmərində nəql zamanı öz neftinin Rusiya nefti ilə qarışmasının qarşısını almaq üçün addımlar atmaqdadır.

Avropa İttifaqı və G7 ölkələri embarqo ilə eyni vaxtda Rusiya neftinə qiymət tavanı tətbiq etmək üçün hazırlıqları da davam etdirirlər. Avqustun 8-10-da ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Elizabet Rozenberq İndoneziya və Sinqapura gedərək qiymət tavanından yuxarı qiymətə Rusiya neftinin alınmaması üçün  bu ölkələrin hökumət, biznes nümayəndələri ilə danışıqlar aparıb.

Aİ və G7 ölkələri qiymət tavanından yuxarı qiymətə alınan Rusiya neftinin daşınması, saxlanması, belə nefti daşıyacaq tankerlərin sığortalanması, alqı-satqı əməliyyatlarının maliyyələşdirilməsini qadağan edəcəklər.

Bütün bunlar göstərir ki, ilin sonunadək neft qiymətlərində müəyyən azalmalar olsa da, qlobal resessiya başlanmasa, 2023-cü ilin ilk günlərindən neft bazarı “qızışacaq”. Çünki Rusiya neftinə qarşı embarqo və qiymət tavanının tətbiqi bazardan xeyli həcmdə neftin çıxmasına səbəb olacaq. Resessiya təhlükəsindən uzaqlaşan qlobal iqtisadiyyatda bərpa proseslərinin sürətlənməsi tələbin artmasını şərtləndirərsə, bu vəziyyət qiymətlərin yenidən 120 dollar civarına çatmasına gətirib çıxara bilər.

Neft qiymətlərinin yüksək olduğu bir dövrdə Azərbaycanda hasilatın kəskin azalması qeydə alınır. Energetika Nazirliyindən aldığımız məlumata əsasən, 2022-ci ilin yanvar-iyul ayları ərzində ölkədə 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib. Ötən ilin eyni dövründə neft hasilatı 20,1 milyon ton, o cümlədən “Azəri-Çıraq-Günəşli”dən hasilat 13,3 milyon ton təşkil edib. Bu isə bir ildə əsas yataqdan hasilatın 1,3 milyon ton azalması deməkdir.

SOCAR-ın yeddi aylıq hasilatı elə keçənilki qədər - 4,6 milyon ton olub.

Bu ilin yanvar-iyulunda Azərbaycan 15,6 milyon ton neft (kondensatla birlikdə) ixrac edib.  Bunun 14,7 milyon tona yaxını konsorsiumun, 0,9 milyon tonu isə SOCAR-ın payına düşür. Cari ilin yanvar-iyul aylarında ölkədə neft emalı 3,4 milyon ton təşkil edib. 2021-ci ilin yanvar-iyul aylarında bu göstərici 3,9 milyon ton olmuşdu.

Oxu.az - İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə  kifayətlənməyəcək

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, AÇG-dən hasilatın belə kəskin azalması gözlənilməz olub: “2022-ci ilin I yarısında ”Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda orta gündəlik neft hasilatı 424 min barel təşkil edib (2021-ci ilin 6 ayında - 468 min barel idi) və bu müddətdə cəmi 10 mln. ton neft hasil edilib. Yəni 6 ayda AÇG-də neft hasilatı 9,4 faiz və ya təqribən 8 milyon barelə yaxın azalıb. Bu, çox böyük azalma tempidir. Özü də yarımillik nəticə üçün katastrofik azalmadır.

Diqqətinizi hasilatın kommersiyasına çəkmək istərdim. 6 ayda AÇG-dən 76,74 milyon barel neftin hasilatı üçün istismar xərcləri (Opex) 229 milyon dollar təşkil edib. Ötən ilin yanvar-iyununda 84,7 milyon barel neftin çıxarılmasına 266 milyon dollar xərclənmişdi. Yəni AÇG-dən 1 milyon barel neftin çıxarılmasına 2021-ci ilin I yarısında 3,14 milyon dollar əməliyyat xərci tələb olunurdusa, bu il həmin göstərici 2,98 milyon dollar təşkil edib. Konsorsium xərclərin optimallaşdırılmasında irəliyə kiçik də olsa addım atsa da, amma AÇG-də neft hasilatının azalmasının qarşısını almaqda böyük çətinliklərlə üzləşib. Hasilatın azalma tempi bütün proqnoz göstəricilərini geridə qoyub. Əvvəllər proqnozlaşdırılırdı ki, AÇG-də gündəlik neft hasilatı 2025-ci ilə qədər 450 min barel ətrafında davam edəcək və sonra 400 minə qədər azalacaq. Amma bu il ola bilsin ki, AÇG-dən neft hasilatı 20 milyon tondan aşağı həddə düşsün.

Yəni 2010-cu ildə müqavilə sahəsindən 40,6 milyon ton neft çıxarılmışdısa (pik zamanı), 12 il sonra hasilatın azalmasının 50 faiz+ göstəricisi ilə üzləşə bilərik. Bir anlıq fikirləşək: əgər builki azalma tempini bp sonrakı illər azaltmağa nail olsa... onda 10 il sonra təqribən 10 milyon tonluq hasilatla qarşılaşa bilərik... Bu, heç də ürəkaçan mənzərə deyil - Azərbaycan üçün gəlirlər baxımından".

Ekspert qeyd edir ki, hasilatın azalmasının əsas səbəbi, gözlənildiyinin əksinə olaraq, AÇG-də dərin qatlarda yerləşən layların neftverimliyinin daha az olmasıdır: “Buna görə də bp və tərəfdaşları xərclərin optimallaşdırılması kursunda əvvəlki illərlə müqayisədə daha az neft çıxarırlar. İndi qayıdaq 2016-cı ilə. O ilə ki bazarda neft ilin əvvəlində 20 dollara qədər ucuzlaşmışdı və gəlirlərin kəskin azalması ilə yadda qalmışdı. 2016-cı ilin I yarısında AÇG-dən 119 milyon barel neftin çıxarılması üçün 260 milyon əməliyyat xərci qeydə alınmışdı. Yəni görünən odur ki, AÇG-də neftin maya dəyəri artıma gedir (kapital xərclərin artmasını da nəzərə alsaq bu göstərici son 5 ildə xeyli yüksəlib) və... hazırda Azərbaycanın neft gəlirlərinin 2 dəfəlik artımı, sadəcə, bazardakı hədsiz yüksək qiymətlərdən qaynaqlanır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR