“CNN World” xəbər kanalının internet səhifəsində “İsrail İran müharibəsi zamanı regiondakı gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərib” sərlövhəli məqalə yayılıb.
Məqalədə iddia olunur ki, İsrail İranla müharibə zamanı Azərbaycana elit bölmələr yerləşdirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bu iddiaların tamamilə əsassız olduğunu və rəsmi Bakının onları qətiyyətlə rədd etdiyini bildirib.

A.Hacızadə qeyd edib ki, məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilib və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib:
“Heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir. Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur.
Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək. Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və heç bir sübuta əsaslanmayan iddialar növbəti dezinformasiya cəhdidir. CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik”.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də (MEDİA) açıqlama yayaraq bu dezinformasiyanı Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribat kimi dəyərləndirib.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirib ki, Qərb mediasının, xüsusilə CNN kimi resursların böhtan xarakterli məlumatlar yayması və onların irəli sürdüyü narrativlərin İran, Rusiya kimi dövlətlərin mövqeləri ilə və ya təbliğat kampaniyalarında istifadə etdiyi mülahizələrlə üst-üstə düşməsi yeni hadisə deyil:
“CNN kimi media orqanlarına müstəqil subyekt kimi yanaşmaq doğru olmaz. CNN konkret maraqları ifadə edən və anti-Tramp kampaniyası aparan resursdur, buna görə də təbii ki, Trampa qarşı olan qüvvələrin yanında yer alır. İndiki şəraitdə bu qüvvələr ABŞ prezidentinin bilavasitə iştirakı ilə Cənubi Qafqazda əldə olunan sülh prosesinə qarşı çıxış edirlər. Bu prosesin içində Avropa İttifaqına üzv olan bir sıra dövlətlər də yer alır. Biz bu ölkələrin yanaşmasında mütəmadi olaraq İranla və yaxud bölgədə sülh istəməyən digər qüvvələrlə eyni yanaşmaların şahidi oluruq. Bunun bir çox səbəbi var. Korrupsiya faktı da mövcuddur. Daha öncə biz fərqli aspektlərdən olsa belə, bəzi məqamlara diqqət çəkməklə müəyyən reallıqların üzə çıxmasına nail olmuşuq. Vaxtilə Cənub Qaz Dəhlizinə qarşı çıxış edən resurslar “Qazprom”, eyni zamanda Qərb mənbələri tərəfindən maliyyələşirdi. Onlar bu dəhlizi təhdid kimi qələmə verməyə çalışırdılar. İndiki şəraitdə İsrailin İrana qarşı hərbi əməliyyatlar zamanı guya Azərbaycan ərazisindən istifadə olunması ilə bağlı iddiaların irəli sürülməsinin bir çox səbəbi var. İlk səbəb Donald Trampın Cənubi Qafqazda sülhün əldə olunmasındakı roludur. İran TRIPP layihəsinin əleyhinədir. Ümumiyyətlə, yaranmış vəziyyətdən istifadə edərək məqsədyönlü şəkildə Azərbaycanla, bizə dost olan dövlətlərin münasibətlərinin korlanmasına çalışanlar var. Bir müddət öncə Türkiyə media resurslarında eyni ritorika ilə çıxışların şahidi olduq. Məqsəd ictimai rəyə yanlış informasiya ötürməklə Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyası aparmaq və münasibətlərə xələl gətirməyə çalışmaqdır”.
E.Mirzəbəylinin fikrincə, Azərbaycanda keçirilən Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidentinə ABŞ liderinin şəxsi imzası ilə göndərdiyi hədiyyə, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvədən düşməsinə dair memorandumun nüsxəsi kimi amillər də nəzərə alınmalıdır:
“Beləliklə, tamamilə fərqli qütblərdən Azərbaycan üzərində hücumların təşkil olunmasına cəhd göstərmək istəyirlər. Biz mütəmadi olaraq belə kampaniyaların şahidi olmuşuq. Təəssüf ki, prosesdə hüquqi mexanizmlər yoxdur, çünki beynəlxalq məhkəmələrdə media resurslarına qarşı bu və ya digər formalarda iddiaların irəli sürülməsi ilə bağlı təcrübə yoxdur. ABŞ qanunvericiliyinə uyğun olaraq, prosesin irəli aparılması ilə hər hansı nəticəyə nail olunması sual altındadır. Bununla yanaşı, media üzərindən CNN-ə qarşı fəal informasiya siyasətinin aparılması mümkündür. Şübhəsiz ki, Azərbaycan hər zaman yalan və böhtan kampaniyalarının qarşısında dayanmağı bacarıb və bundan sonra da bacaracaq”.
Nigar Həsənli
Musavat.com






