İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanda Xomeyni Fonduna ianələr göndərənlər var”

2306 04.11.2022 10:37 Media A A

Asif Nərimanlı: “Azərbaycanlıların pulu ilə İran mollalarının övladları lüks həyat sürür”

Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti İran kəşfiyyatının nəzarəti altında yaradılan və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib. Bir neçə gün öncə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də İranın əməlləri ilə bağlı sərt mövqe bildirib: “İndiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib  xilas edəcəklər. Amma bu gün  o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şiənin burada ümidi qırıldı”.

Bəllidir ki, Azərbaycan müstəqillik qazanandan bəri İran xüsusi xidmət orqanları vətəndaşlarımızın müəyyən qismini müxtəlif vasitələrlə tərəfinə çəkməyə cəhd edir. DTX-nın yaydığı ifşa filmində də bunun mexanizmlərindən biri açıqlanır. Lakin açıqlanmayan başqa mexanizmlər və ifşa olunmayan ciddi casus şəbəkələrinin mövcudluğu haqqında da ciddi iddialar var. 

Siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat əslində indiyə qədər bəlli idi: “İranın azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşma artıq mətbuatda da yayılmışdı. "Hüseyn" qruplaşması adı ilə İranın xüsusi xidmət orqanları tərəfindən yaradılıb, azərbaycanlı tələbələrdən ibarət bir qrupdur. Tohid İbrahimbəyli adlı şəxs buradan İrana oxumağa gedib, onun rəhbərliyi ilə yaradılıb və bu prosesdə İsgəndər Hüseynzadə əsas dəstəkçilərindən biri olub. Amma bu ideyanın, qruplaşmanın “fikir babası” İranın məşhur komandanı Qasım Süleymani olub. Bu üç qruplaşma Azərbaycanın  konstitusiya quruluşunu dəyişdirməklə bağlı mövqelərini açıq şəkildə bildirirdilər. Onların bir çox çıxışlarına şəxsən baxmışam. Orada Azərbaycanın İrandan ayrılmış bir parça olduğunu təbliğ edirlər, hansı ki, bu təbliğat Xomeyninin 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra açıqladığı mövqedir.

Düzdür, DTX-nın keçirdiyi əməliyyat nəticəsində bir qrup zərərsizləşdirildi. Amma İranın burada idarə etdiyi xeyli insan var. Xüsusən İranın əleyhinə olan istənilən məsələdə daha aktiv şəkildə fəaliyyət göstərirlər. Burada trol şəbəkəsi də var ki, sosial şəbəkələrdə saxta profillərlə aktivdirlər".

Siyasi şərhçi “İran agentləri insanları necə ələ alır” sualını cavablandırıb: “Bununla bağlı bir neçə il əvvəl araşdırma aparmışdım. Əsas iş müqəddəs yerlərə ziyarətə getmə prosesində olur. Azərbaycanda minlərlə insanın getdiyi ziyarətgahlardan biri Məşhəd ziyarətgahıdır ki, bu da İranın birbaşa nəzarətində olur. Yəni əhli-beyt İran tərəfindən daha çox idarə olunur və bu mərasim birbaşa Xomeyni Fondu tərəfindən maliyyələşdirilir. Həmin ziyarətdə on minlərlə azərbaycanlı iştirak edir. Gedənlərin məqsədi təbii ki, öz inanclarını yerinə yetirməkdir. Məqsəd o deyil ki, gedib hansısa başqa bir ölkəyə işləsinlər. Sadəcə, İran kəşfiyyatı, xüsusi xidmət orqanları artıq oradan müəyyən adamların ələ alınmasını həyata keçirir. Hətta bunun üçün xüsusi moizə oxuyanlar da olur. Orada xüsusi, özlərinin casusu edə biləcəyi, öz təsirinə sala biləcəyi müəyyən qrupları seçirlər və bu qruplar üzərindən onlara moizələr, müzakirələr təşkil edirlər. Moizə oxuyanlardan biri də Tohid İbrahimbəylinin özüdür. Orxan Məmmədov da  prosesdə iştirak edir. Onlar təbii ki, əsasən insanların İmam Hüseynə inanmasından istifadə edərək öz tərəflərinə çəkir. Casuslar bir neçə kateqoriyaya bölünür. Birbaşa İranın maraqlarına işləyən şəxslər, bunlar daha dar çərçivədə olurlar. Onlar burada koordinasiyanı həyata keçirirlər, birbaşa tapşırıqlar onlar üzərindən verilir. Amma bir də var ki, adi  insanlar, hansı ki, onların bəlkə bir çoxu İranın məqsədini anlamır. Onlar, sadəcə, dini inanclarına görə bu yoldadırlar və hesab edirlər ki, doğru yoldadırlar, Azərbaycanı "xilas etmək" istəyirlər. Onların bir çoxu əsl gerçəkdən, prosesdən xəbərsiz olurlar. Dediyim kimi, onlara daha çox təsir edən şəxslər var. Bu şəxslər vaxtilə daha çox məscidlərdə var idi, öz fəaliyyətlərini açıq şəkildə həyata keçirirdilər. Amma bu proses Azərbaycan dövləti tərəfindən tənzimləndi və bu məscidlərdə İran təsiri arxa plana keçdi. Bu gün Azərbaycan dövləti uğurlu proses həyata keçirə bildi".

A.Nərimanlının sözlərinə görə, əsas problem insanların inancından sui-istifadə edilməsidir: “Təbii ki, DTX  lazımi işlər görür. Amma biz cəmiyyət olaraq, dövlət olaraq dini maarifləndirmə ilə bağlı işlər aparmalıyıq. İnanclı insanlara izah etmək lazımdır ki, onların inancından başqa ölkənin xüsusi xidmət orqanları, kəşfiyyat orqanları istifadə edirlər. İranın əslində heç də şiəliyə xidmət etmədiyini izah etməliyik. Xomeynizm heç də gerçək şiəlik deyil. Onlara əhli-beyt məktəbini necə siyasi alətə çevirdiklərini izah etməliyik. O cümlədən Azərbaycanda Xomeyni Fonduna ianələr göndərənlər var. O pulların necə xərcləndiyini izah etməliyik. Demək lazımdır ki, bu pullar Ermənistana dəstək olaraq istifadə edilir.  O cümlədən həmin pullar İranın Yaxın Şərq ölkələrində saxladığı silahlı qruplaşmalara ayrılır. Hətta İran ayətullahlarının övladları lüks həyat yaşayırlar. Belə çıxır ki, azərbaycanlı şiələrin pulları ilə mollaların övladları lüks həyat sürür”.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanmışdır. 

Hazırladı: Afaq MİRAYİQ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR