İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda süni qiymət artımı - Çıxış yolu nədir?

1295 04.11.2022 08:40 Media A A

Mərkəzi Bank xarici amilləri bahalaşmanın əsas səbəbi kimi görür

Sentyabr ayından Azərbaycanda qiymət artımının sürətlənməsi müşahidə olunmaqdadır. Ötən ilin payızından başlanan bahalaşma cari ilin ortalarına doğru zəifləsə də, sentyabrdan yenidən özünü göstərməyə başlayıb. Bu prosesi gündəlik ticarət edən hər kəs öz büdcəsində aydın hiss etməkdədir: eyni məhsulları az qala hər həftə yeni qiymətə almağa məcbur oluruq.

Azərbaycan hökuməti inflyasiyanın sürətlənməsini xarici amillərlə izah edir. Oktyabrın 28-də uçot dərəcəsini 0.25 faiz bəndi artıraraq 8 faizə, faiz dəhlizinin aşağı həddini 1 faiz artıraraq 5 faizə qaldıran, yuxarı həddi isə 9.25 faiz səviyyəsində dəyişməz saxlayan Mərkəzi Bankın açıqlamasında ölkə daxilində istehlak qiymətləri indeksinə ən böyük təsirin xarici mənşəli olduğu bildirilir. Qurum qeyd edir ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da inflyasiya təzyiqləri qalmaqdadır: “Təhlillərə görə faktiki inflyasiya əsas ticarət tərəfdaşlarındakı inflyasiya proseslərindən və xarici mənşəli xərc amillərindən təsirlənir. Qeyd olunan təklif amillərinin yüksək qalıcılığını və tələb amilinin qismən aktivləşmə riskini nəzərə alaraq, cari ilin sonuna inflyasiya proqnozu yüksəldilib. Son aylarda inflyasiya təzyiqlərinin artdığı şəraitdə məcmu tələbin izafi genişlənməsinə yol verilməməsi və milli valyutada yığımların dəstəklənməsi üçün pul siyasətinin sərtləşdirilməsi, yəni uçot dərəcəsinin və faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə bağlı qərar qəbul olunub. Bank sektorunda likvidliyin idarə olunması imkanlarının daha da gücləndirilməsi və qısamüddətli pul bazarında faiz dərəcələri vasitəsilə kredit aktivliyinin tənzimlənməsi məqsədilə faiz dəhlizinin eninin daraldılması məqsədəuyğun hesab edilib”.

Rəsmi məlumata əsasən, sentyabrda aylıq inflyasiya 3.1 faiz olmaqla son 80 ayın ən yüksək səviyyəsinə çatıb. İllik inflyasiya 2022-ci ilin sentyabrında 15.6 faiz, orta illik inflyasiya isə 13.4 faiz təşkil edib. Baza inflyasiya isə illik 14.2 faiz, orta illik 10.7 faiz olub.

Marketlərdə qiymət artımı başladı - Siyahı Yeni Sabah

Mərkəzi Bankın qənaətinə əsasən Azərbaycanda illik inflyasiya səviyyəsinin yüksəlməsinə də ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Belə ki, sentyabrda illik inflyasiyaya ərzaq məhsulları 9.4 faiz bəndi, qeyri-ərzaq məhsulları 2.5 faiz bəndi,  xidmətlər isə 3.7 faiz bəndi artım təsiri göstərib: “Aparılan təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında əsasən xarici mənşəli xərc amillərinin mühüm rol oynadığını göstərir. Bu amillər daxili istehsal xərclərinə də təsir edir.

Faktiki inflyasiya inflyasiya gözləntilərinin yüksək qalmasına səbəb olur. Sentyabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 20 faizi növbəti 12 ayda inflyasiya tempinin yüksələcəyini gözləyir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorunda artmış, xidmətdə isə dəyişməyib".

AMB bildirir ki, təzyiq amillərinin qalması şəraitində 2022-ci ilin sonuna illik inflyasiya proqnozu yüksəldilib: “Buna üçüncü rübdə faktiki inflyasiyanın gözləntiləri üstələməsi, ticarət tərəfdaşlarında yüksək inflyasiyanın davam etməsi, eləcə də qiymət və tarifləri dövlət tərəfindən müəyyən olunan bəzi xidmətlərin tariflərinin dəyişdirilməsi əsas verib. Dünyada inflyasiya təzyiqləri yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun 2022-2023-cü illər üçün qlobal inflyasiya ilə bağlı proqnozları əvvəlkindən daha yüksək qiymət artımlarını gözləməyə əsas verir. Digər tərəfdən, qlobal iqtisadiyyatda resessiya ehtimalının artması aparıcı ölkələrin maliyyə bazarlarında və qlobal əmtəə bazarlarında dəyişkənliyi yüksəldə bilər. 2023-cü ildə illik inflyasiyanın 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnozu qüvvədə qalır".

Dövlət xidmətindən süni qiymət artımı ilə bağlı məsələyə REAKSİYA »  Foto.info.az

Mərkəzi Bank ekspertlərinə görə, inflyasiya təzyiqlərinin xərc amilləri hesabına artdığı bir şəraitdə daxili məcmu tələb amili diqqətdə saxlanılmalıdır: “Bu şəraitdə makroiqtisadi siyasətlər inflyasiya risklərinin tənzimlənməsinə yönələcək. Cari ilin sonu və növbəti ilə dövlət büdcəsinin fiskal qaydaya uyğun hazırlanması, dövlətin valyuta təklifinin dinamikası makroiqtisadi sabitliyi dəstəkləyəcək. Mərkəzi Bank tərəfindən pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi tədbirləri perspektivdə monetar şəraiti daha effektiv tənzimləməyə imkan verəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə hesab edir ki, Azərbaycanda kifayət qədər süni qiymət artımı var.

“2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili aztəminatlı ailələrin yüksək inflyasiyanın təsirlərindən qorunması üçün əlavə tədbirlərə ehtiyac var. Biz nə qədər maaşları, pensiyaları artırsaq da, inflyasiyanın qarşısını ala bilməyəcəyik. Deyirik ki, orta əməkhaqqı artırılacaq. Hamı bu məvacibi ala bilmir. Ayda 300-400 manat ilə dolanan ailələri nəzərə almaq lazımdır. Eyni zamanda dərman qiymətlərinə də nəzər yetirmək lazımdır. Digər ölkələrlə müqayisədə dərman qiymətləri çox yüksəkdir, bu süni qiymət artımının qarşısını almaq lazımdır. Mən dərmanları Türkiyədən alıram, bizimlə müqayisədə qiymətində səkkiz dəfə fərq var”, - millət vəkili qeyd edib.

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanmışdır. 

Hazırladı: Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR