İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana kimin hegemonluğu sərfəlidir - ABŞ, Çin, yoxsa Rusiya?

795 07.01.2023 10:43 Siyasət A A

Partiya sədri: “Bizə nə təkqütblü, nə də ikiqütblü dünya düzəni lazımdır...”

“Ukrayna müharibəsindəki uğur Qərbi qlobal silahlı təcavüzə ruhlandıra bilər”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu maraqlı fikri ABŞ vitse-prezidentliyinə namizəd, afroamerikalı hüquq müdafiəçisi Ajamu Baraka bildirib.

Baraka qeyd edib ki, Ukraynanın, yəni Qərbin hərbi qələbəsi qeyri-avropalı dünya birliyi üçün fəlakət olardı: “Bu, kollektiv Qərbin ABŞ-ın dünya hökmranlığını saxlamağa yönəlmiş hərbi strategiyasına davam etməyə daha da təkan verəcək”. Onun sözlərinə görə, Vaşinqton və Brüssel Donbas üzrə Minsk razılaşmalarından Rusiya ilə münaqişəyə hazırlaşmaq üçün “hiylə” kimi istifadə ediblər.

Əslində bu fikir yeni deyil və onun Azərbaycan kimi inkişaf etməkdə olan, müstəqil kurs götürmüş ölkələrə daha çox dəxli var. Məsələn, məhz dünyanın qısa müddətə birqütblü olduğu dönəmdə, yəni ABŞ şəriksiz dünya hegemonu olan vaxtda (1992), Elçibəy hakimiyyəti dövründə ABŞ Konqresi işğalçı Ermənistanı qoyub Azərbaycana qarşı bədnam “907-ci düzəliş”i qəbul etmişdi. Kim zəmanət verə bilər ki, Amerika eyni haqsızlıqları bizə qarşı etməyəcək? Hərçənd, bir çox təhlilçilər Rusiyanın Ukrayna müharibəsindən qalib çıxmasını da Azərbaycan daxil, “yaxın xaric” ölkələri üçün suverenlik baxımından yaxşı bir şey vəd etmədiyini söyləyirlər.

O zaman Azərbaycan üçün ən optimal nəticə hansıdır - Ukraynanın qələbəsi ilə dünya hegemonunun ABŞ olması, yoxsa Rusiya və ya Çinin?

Təbii ki, Çin burada iqtisadi cəhətdən hegemondur. Bu dövlət hərbi eskalasiya həyata keçirmir, yaxın və uzaq qonşularını təhdid etmir, militarist siyasət yürütmür, sadəcə, iqtisadi potensialı ilə nəhəngliyini sübut edib, qlobal rəqabətdə ABŞ-la başa-baş yarışmaqdadır. O baxımdan Çinin hegemonluğu daha çox iqtisadi faktorlarla ölçülə bilər.

ABŞ və Rusiya isə dünyada hərbi-siyasi və strateji mübarizədədirlər. Azərbaycan bu supergüclərin heç birindən böyük xeyir görməyib. ATƏT-in Minsk Qrupunda həmsədr ölkələr olan ABŞ və Rusiya 30 il torpaqlarımızın işğalda qalmasına şərait yaradıblar. Bu nöqteyi-nəzərdən biz üç paytaxtın dilemması qarşısında qalmışıqsa, dördüncü mərkəzi işarə edə bilərik - Ankara...

Bəli, “işarəni dənizdən gözləyin” deyərək biz Türkiyənin dünyada hegemon olmasını istəməliyik, bizə məhz qardaş ölkənin daha qüdrətli olması sərfəlidir. Nəzərə alsaq ki, NATO-da ordusunun gücünə görə ikinci ölkədir, son illərdə hərbi sənaye kompleksi yüksək səviyyədə inkişaf edir, artıq qlobal oyunçuya çevrilməkdədir, Liviya, Suriya, Ukrayna və Qarabağ münaqişələrində mühüm həlledici rola malikdir.

Hacı Şahin hansı xidmətlərinə görə Zakir Həsənovla yan-yana durur?" - ELŞAD  MUSAYEV

 Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a xatırlatdı ki, 90-cı illərə qədər ikiqütblü dünya var idi: “SSRİ-nin rəhbərliyi altında sosialist düşərgəsi və ABŞ var idi. SSRİ dağıldı, sosialist bloku tarixə qovuşdu, Amerika dünyada jandarma rolunu oynamağa başladı. Bu gün isə vəziyyət dəyişir, Çin iqtisadi cəhətdən Amerikanı artıq qabaqlamaqdadır. Sadəcə, bizə nə təkqütblü, nə də ikiqütblü dünya düzəni lazımdır. Çünki yeni dünya sistemində türkdilli dövlətlərin perspektivi var. Onların insan resursu baxımdan da potensialı mövcuddur. Eyni zamanda, İran ərazisində on milyonlarla türk yaşayır. Ona görə yeni dünya nizamına hazırlaşırıq, iddialarımızı da irəli sürməkdən çəkinməli deyilik. Azərbaycan Türk dünyasının parlaq parçasıdır, vahid orqanizm şəklində hərəkət etməliyik”.

Partiya sədri qeyd etdi ki, Türkiyə ilə Şuşa bəyannaməsi var, Türkiyənin Orta Asiya ölkələri ilə hərbi əməkdaşlığı genişlənir, bu yaxınlaşmadan istifadə etmək zamanıdır: “Sözsüz ki, dünyada digər dövlətlər də yerində saymır, güclənməyə çalışırlar. O cəhətdən biz də öz siyasətimizi müəyyən etməliyik. Təbii ki, bu mürəkkəb geosiyasi proseslərin burulğanından bizim nəticə ilə çıxmağımız lazımdır. Ona görə güclənməkdə olan qardaş Türkiyə ilə müttəfiqlik daha da yüksəlməlidir, çoxqütblü dünyanın şəkillənməsində maraqlı olmalıyıq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR