İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gələn 14 min Ukrayna qaçqınının taleyi necə olacaq?

1919 06.04.2022 08:20 Gündəm A A

Anar Natiqoğlu: “Avropaya gedən ukraynalılar “qan ağlayırlar...””

Musavat.com-a mötəbər mənbələrdən daxil olan məlumatda bildirilir ki, Ukraynadakı müharibə nəticəsində Azərbaycana 14 minədək soydaşımız gəlib. Qeyri-rəsmi məlumatlara görə, Ukraynada 400 min civarında azərbaycanlı yaşayırdı. İndi anlaşılan budur ki, əslində onların çox az bir hissəsi özlərinin tarixi vətənlərinə dönüblər. Yerdə qalan Ukrayna azərbaycanlılarının böyük qismi hələ də o torpaqlarda və bir qismi isə Avropa ölkələrində qaçaq statusundadır.

İndi əsas sual Ukraynadan qaçaq düşən azərbaycanlıların gələcək taleləri ilə bağlıdır. Onları nələr gözləyir? Azərbaycana dönənlərin və Avropada yerləşənlərin qarşıdakı iki-üç ildə həyatlarında nələr dəyişəcək?

Bu suallarla soydaşlarımızın təxliyə prosesində böyük fədakarlıqlar göstərmiş Odessa azərbaycanlıları “Birlik” diaspora təşkilatının sədr müavini Anar Natiqoğluna müraciət etdik. Diaspora əməkdaşı mövzuya bu cür şərh bildirdi: “Ukraynada təxminən 400 min soydaşımızın olması ilə bağlı onu deyə bilərəm ki, onların arasında müvəqqəti oturum alanlar, turist kimi gələnlər də var idi.  Və daha bir məsələ, deyə bilərəm ki, Ukraynada daimi yaşayanlar, daimi oturum alanlar, ev-eşiyi, biznesi olanların təxminən 60-70 faizi evlərini tərk etməyiblər. Təbii ki, tamamilə dağıdılmış, o cümlədən Mariupolda yaşayanları çıxmaq şərti ilə. Ona görə də Azərbaycana geri dönən soydaşlarımızın sayı 14 min civarında olub. Avropaya da gedənlərin sayı bu saydan 3-4 dəfə çox ola bilər. Bir sözlə, Ukraynada daimi yaşayış hüququ olan soydaşlarımızın əksəriyyəti ölkəni tərk etməyib.

Anar Natiqoğlu: “Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq  mümkün deyil, yalandır”

 Anar Natiqoğlu

Qaçqınlıq, köçkünlük çox ağır dərddir.  İnsanlar bir günün içərisində illərlə qurub-tikdikləri hər şeyi, ailəsini, yaxınlarını itirirlər. Məsələn, Mariupoldan gələnlər deyirdirlər ki, “illərdir qəpik-qəpik pul yığıb ev almışdıq, yenicə təmir edib içinə yerləşməyə hazırlaşırdıq ki, evimiz-eşiyimiz darmadağın edildi, əldən getdi. Şəxsən mən də Qarabağda bu cür situasiya yaşamışam. İllərlə ev tikdik, içinə yerləşməyə hazırlaşırdıq ki, bir günün içərisində gəlib bizi çıxartdılar, dedilər ki, bundan sonra artıq ev-eşiyiniz, getdiyiniz gəzdiyiniz yerlər, dostlarınız olmayacaq. Amma belə olaylar insanı həyatda daha da möhkəmləndirir, mübariz edir, insan yenidən yeni bir həyat qurmağa başlayır".

“Avropaya gedənləri hansı tale gözləyir” sualımıza isə Anar Natiqoğlu bu cür cavab verdi: “İlk öncə bir məsələni qeyd etmək istərdim. İllər öncə də bir çox dostumuz Avropaya getmişdi. Son bir ayda həmin dostlardan müəyyən dəstək gözləyirdim, hətta müraciətlərim olmuşdu, lakin o dəstəyi görə bilmədim... Amma ümumilikdə, hesab edirəm ki, Ukraynadan Avropaya gedən azərbaycanlılar daha tez adaptasiya olacaqlar, nəinki birbaşa Azərbaycandan gedənlər. Çünki Ukrayna cəmiyyəti çox sərbəstdir, burada yaşamış azərbaycanlı üçün Avropa mühiti daha asan olacaq.

Doğrudur, Avropaya gedən qaçqınların əksəriyyəti normal şəraitlə, evlə təmin olunublar. Amma artıq limit dolmaq üzrədir. Hətta Avropaya gedən ukraynalılarla əlaqə saxlayıram, “qan ağlayırlar”, xüsusən də bu, Almaniyaya aiddir.  Məsələn, qaçqınların artıq Çexiya və Slovakiyada kifayət qədər pis münasibət gördükləri məlumdur. Hesab edirəm ki, savaş davam  edərsə, bu vəziyyət daha da gərginləşəcək.

Vətən isə əlbəttə ki, yenə də vətəndir. Orada qohum-əqrəbadan dəstək görürsən, öz sahən üzrə iş tapıb işləyirsən. Həm də 14 min say bizim üçün böyük say deyil ki, Vətən yüklənsin.

Həmin 14 min soydaşımızın sonradan Avropaya getmək məsələsinə gəldikdə isə düşünürəm ki, onların əksəriyyəti Ukraynada müvəqqəti yaşayış hüququ alanlar və yaxud turistlər olub. Onların Ukraynada daimi oturumu yoxdursa, bura gəlib Avropaya getmək şansı yoxdur".

Anar Natiqoğlu Ukraynadan getmək fikri olmadığını da vurğuladı: “Mən şəxsən buradayam, getmək fikrim yoxdur. Bildiyiniz kimi, Odessada o qədər də dağıntılar yoxdur. Doğrudur, burada raket atırlar, lakin böyük dağıntılar yoxdur. Ümumiyyətlə isə ilk gündən  getməyin tərəfdarı olmamışam və öz yaxınlarıma, dostlarıma da bunu məsləhət görmürəm. Çünki bilirəm ki, savaş çox uzun çəkməyəcək, baxmayaraq ki, bəzi ekspertlər qorxunc proqnozlar verib, camaatı qorxutmağa çalışırlar. Müharibədən sonra bir çox sahələrdə, xüsusən də tikinti-quruculuq işlərində  fəaliyyətlər lazım olacaq. Təsəvvür edin, bütün peşələrin sahibləri ölkəni tərk etsə, onda həyat, biznes necə inkişaf edəcək? İnanıram ki, dövlət də bütün sahələrin dirçəlməsi üçün ciddi işlər görəcək. Ona görə də qalmağın tərəfdarıyam. Lakin müharibə necə ki, gözlənilməz oldu, bundan sonra da nə olacağına heç kim qarantiya verə bilmir. Ona görə də getmək istəyən getsin”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR