İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-İran münasibətlərinə “dron uçurmaq” cəhdi

2694 10.09.2019 10:30 Siyasət A A

Və ya Bakını “qan ocağına” çəkmək kimə və nə üçün lazımdır?

İraqın könüllülərdən ibarət ordusu “Həşd-Şabi”nin komandiri Əbu Mehdi Əl-Muhəndis avqustun 21-də İraq ərazisində onlara məxsus bazanın vurulmasında iştirak edən dronların Azərbaycandan gətirildiyini iddia edib. Əl-Muhəndis ABŞ-ı İsrail dronlarını İraq və İranı hədəfə almaq üçün Azərbaycana yeritməkdə günahlandırıb: “Donald Tramp İraqın suverenliyini pozmağın müxtəlif yollarını nəzərdən keçirir. Amerikalıların ABŞ donanmasının tərkibində 4 İsrail dronunu hazırlayaraq Azərbaycan üzərindən İraqın hərbi qərargahlarını hədəfə almasını həyata keçirməsi barədə bizdə dəqiq və təsdiqlənmiş məlumat var”.

Avqustun 28-də Britaniyanın “The Guardian” qəzetində dərc olunmuş məqalədə qeyd olunurdu ki, İraqdakı şiə militantlar İsrailin Azərbaycandan buraxdığı dronlarla bu ölkənin şimalında və mərkəzində hədəfləri vurduğunu iddia edirlər. Region rəsmiləri İraqın həmin hissələrindən İsrail yaxınlığındakı İran mövqelərinə silah göndərildiyini bildirirlər.

Qəzet yazıb ki, Əbu Mehdi əl-Mühəndis deyib: “Bizdə olan dəqiq və təsdiqlənmiş informasiyaya görə, bu il amerikalılar Azərbaycan ərazisindən İsrailin dörd dronunu buraxıblar. Bu dronlar ABŞ qüvvələri tərkibində uçuşlar gerçəkləşdirəcək, İraqın hərbi bazalarını hədəfə alacaq”.

Ancaq Azərbaycan tərəfi dərhal rəsmi qaynaqlar vasitəsilə bu iddiaları təkzib etdi. Əvvəlcə avqustun 23-də Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq iddianı təkzib etdi. Nazirliyin açıqlamasında qeyd olunurdu ki, bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə yayılıb.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

Avqustun 30-da isə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələ ilə bağlı açıqlama verib: “Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir. Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”.

Zahirən mövzunun bu açıqlamalarla qapandığını düşünmək olardı. Çünki daha əvvəl də İran tərəfindən bu tip açıqlamalar olub, ancaq sonradan rəsmi Bakı ən yüksək səviyyədə təkzib verərək bu ittihamları rədd edib. Azərbaycan 2010-cu illərin əvvəllərində İrana qarşı hücum məsələsi gündəmə gələndə rəsmi açıqlama yayaraq öz ərazisindən digər dövlətlərə qarşı istifadəsinə icazə verməyəcəyini bildirib. İndi də zahirən elə idi, gözlənildiyinin əksinə, İrandan və İraq hökumətindən Mühəndisin iddiası ilə bağlı hər hansı açıqlama və ya ittiham olmadı.

Ancaq sentyabrın 4-də ABŞ-ın “The New York Times Magazine” nəşrinin yaydığı məqalə, necə deyərlər, “yaranın qaysağını qoparıb”. Ronen Bergman və Mark Mazzetti imzalı yazıda Tramp və ondan əvvəlki Obama administrasiyasının İran siyasəti, İsraillə əlaqələr və nəhayət, Azərbaycanın da adı hallanırdı.

Məqalədə Amerikanın İsraillə münasibətlərinin mürəkkəbliyindən də söz açılır. Amerika, İsrail və Avropanın onlarla indiki və keçmiş məmurları ilə bir neçə ay ərzində aparılmış söhbətlər indiyədək eşidilməyən detalları üzə çıxarıb. İsrail ordusu 2012-ci ildə İranı vurmağa çox yaxın imiş; Obama administrasiyası belə bir hücum halında özünün hərbi qabaqlayıcı planlarını hazırlayıbmış. Hətta Birləşmiş Ştatların qərbində bir səhrada İranın nüvə obyektinin tammiqyaslı maketi 30 min paundluq bombayla dağıdılıbmış.

Azərbaycan-İran Dron ile ilgili görsel sonucu

Lakin eyni zamanda “İsrail İrana göz qoyduğu zaman amerikalılar da İsrailə göz qoyurdu. İsrail Azərbaycanda bir bazadan İrana kəşfiyyat dronları buraxanda Amerikanın peykləri bunun fotolarını çəkirdi,” məqalədə deyilir.

Keçmiş prezident Barak Obama İsrailin İrana qəfil zərbəsinin mümkünlüyünü ciddi qəbul edirmiş. “Amerikanın kəşfiyyat peykləri İsrail dronlarının Azərbaycanda bazalardan qalxmasını və İranla sərhədin cənub hissəsi üzərində uçmasını izləyirdi. Bu dronlar İranın nüvə obyektlərinin gen-bol şəkillərini çəkir, həm də İranın havadan müdafiə qüvvələrinin bu müdaxiləni müəyyənləşdirmə qabiliyyətini yoxlayırdı. Amerikanın hərbi liderləri israillilərin hücum üçün hansı dövrü seçəcəyi... üzərində baş sındırırdılar. Hərbi planları quranlar Tehranın İsrailin zərbəsinə necə cavab verəcəyi, Amerikanın buna necə cavab verməli olmasını çək-çevir edirdilər”,- məqalədə deyilir.

Qərb mətbuatında ortaya çıxan iddialardan belə çıxır ki, Azərbaycan hələ uzun illər əvvəl İsrail və ABŞ-ın İrana qarşı kəşfiyyat fəaliyyətlərini həyata keçirdiyi mərkəzlərdən biri olub. Hələ 7 il əvvəl bugünkü günlərdə “Röyters” agentliyi “kəşfiyyat mənbələrinə” istinadla İsrailin İrana qarşı hücumda Azərbaycan ərazilərindən istifadə edəcəyi haqda xəbər yaymışdı. O zaman bu xəbər bütün dünyada ajiotaja səbəb oldu. Təbii ki, iddialar təkzib olundu. Ancaq sonradan məlum oldu ki, bu xəbərlərin ortaya çıxmasının əsas səbəbi o zamankı Vaşinqton Administrasiyası ilə İsrail hakimiyyəti arasındakı ixtilaflar olub. Yəni Obama komandası bu cür xəbərlərlə İsrail baş naziri Netanyahunun özbaşına hərəkətlərini cəzalandırmaq olub.

Əlbəttə, böyük dövlətlərin kəşfiyyat, informasiya müharibəsi aparması yeni hadisə deyil, kimsəni də təəccübləndirmir. Amma məsələ ondadır ki, bu cür fəaliyyətlər, xəbərlər Azərbaycan üçün əlavə problemlər yaradır. Azərbaycan İranla böyük sərhədə malik, etnik, dini-məzhəbi, coğrafi və sair qonşuluğu olan ölkədir. Hər iki ölkənin bir sıra məsələlərdə qarşılıqlı təsirləri, asılılıqları var. İstənilən halda İranla münasibətlərin pisləşməsi, həmçinin İrana hərbi müdaxilə, bu ölkədə hər hansı kataklizm Azərbaycan üçün birbaşa təhlükə vəd edir. Təkcə onu nəzərə almaq lazımdır ki, cənub sərhədimizin o tayında on milyonlarla özünü azərbaycanlı hesab edən insan yaşayır.

Yəni İranla münaqişə bizə heç bir halda sərfəli ola bilməz. Üstəlik, hazırda Yaxın Şərqdə hibrid müharibənin qızışdığı bir zamanda Azərbaycanı da “savaş meydanına” çəkmək ən yaxşı halda bu ölkəyə qarşı düşmənçilikdir. İndi isə gələk son yayılan xəbərə. “Həşd-Şabi” komandiri bildirir ki, onlarda məlumat var ki, silahlı dronlar İraqa (həm də İrana - K.R.) Azərbaycandan gedib. Bilindiyi kimi, Azərbaycanın İraqla birbaşa sərhədi yoxdur. Azərbaycandan İraqa hava yolu İran və ya Türkiyə üzərindən keçməklə ən yaxşı halda 500 kilometr məsafə deməkdir. Üstəlik, əgər söhbət İraqın mərkəzində Suriyaya silah-sursat göndərilən bazanın vurulmasından gedirsə, bunun üçün daha uyğun məkanlar var. Məsələn, ABŞ-ın Yaxın Şərq regionunda hazırda 70 minlik saya malik 46 hərbi bazası var. Üstəlik, İraqın sahilində yerləşdiyi Fars körfəzində 5-ci donanması, Qətərdə isə regiondakı ən böyük hərbi hava bazası var. İraqın özündə 5 min, Suriyada isə 2 min ABŞ hərbçisi var. Üstəlik, həm İsrail, həm də ABŞ istədiyi vaxt Suriya və İraq üzərində uçuş həyata keçirə bilir. Bütün bunlar olduğu halda İraqı vurmaq üçün nədən məhz Azərbaycan ərazilərinə ehtiyac duyulur?

Azərbaycanın adının növbəti dəfə bu cür regional qalmaqalda hallanması onu göstərir ki, 7 il əvvəl olduğu kimi, böyük dövlətlərin, konkret olaraq ABŞ və İsrail hakimiyyətindəki qüvvələr arasında mübarizə gedir və bu mübarizədə tərəflər bir-birini bu şəkildə cəzalandırır. Netanyahu və Trampın İran siyasətini istəməyən qüvvələr bu şəkildə informasiya müharibəsi aparır. İkinci versiya isə Azərbaycanın konkret olaraq hədəfə gətirilməsidir. Görünür ki, hansısa qüvvələr Azərbaycanın İran və İraqla münasibətlərinin korlanmasında maraqlıdır, buna görə də bu cür məlumatlar dövriyyəyə buraxılır. İstənilən halda bu tip xəbərlərin son və ağır zərbəsi Azərbaycana, onun siyasi müstəqilliyinə dəyir. Əlbəttə, bu cür xəbərlər İsrail üçün də zərbədir, Azərbaycanı bu ölkə ilə münasibətlərində ehtiyatlı olmağa məcbur edir.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR