İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqələri quraşdırılmalıdır"

485 30.12.2022 13:30 Siyasət A A

"Mediada yayılan məlumata görə, Şuşa-Laçın yolunda fasiləsiz davam edən etiraz aksiyası iştirakçılarının tələblərindən birini qəbul edən "Base Metals" şirkəti "Dəmirli" yatağının qanunsuz istismarını dayandırmaq qərarına gəlib.

Əgər bu məlumat doğrudursa və növbəti Volkov-Vardanyan oyunu deyilsə, o zaman Azərbaycanın müvafiq dövlət qurumlarına və QHT-lərinə "Qızılbulaq" yatağı da daxil olmaqla, hər iki yataqda monitorinqin aparılmasına şərait yaradılmalıdır ki, onlar qanunsuz istismar zamanı yol verilmiş pozuntular, ekoloji və digər fəsadlar, habelə dəymiş zərərin miqyası haqqında yerli və beynəlxalq ictimaiyyətə hesabat hazırlayıb təqdim etsinlər".

Musavat.com xəbər verir ki, bunu deputat Azay Quliyev bildirib.

O, daha sonra qeyd edib: "Onu da xatırlatmaq istərdim ki, hələ bir neçə il əvvəl Azərbaycanın Baş Prokurorluğu bu yataqların talanması ilə məşğul olan "Vallex Group"a və onun filialı olan "Base Metals" şirkətinə qarşı cinayət işi açıb və bu barədə beynəlxalq məhkəmələrə müraciət ünvanlayıb.

Hamımız yaxşı bilirik ki, Qarabağda qanunsuz iqtisadi fəaliyyətə və təbii sərvətlərimizin talanmasına ümumiyyətlə, yol verməmək üçün bu ərazilər daim monitorinq altında olmalı və dəfələrlə qeyd etdiyimiz kimi, Laçın yolunda Azərbaycanın müvafiq dövlət orqanlarının nəzarət-buraxılış məntəqələri quraşdırılmalıdır. Yalnız belə olan təqdirdə yeraltı və yerüstü sərvətlərimizin cinayətkar qruplar tərəfindən Ermənistana daşınmasının, Qarabağa maneəsiz daxil olan təxribatçıların və qanunsuz silah-sursatın qarşısını almaq mümkündür.

Hətta Ermənistan və Fransanın tez-tez manipulyasiya etdiyi 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın 6-cı maddəsində yazılır ki, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların (diqqət edin, burada Azərbaycanın Qarabağda yaşayan erməni əsilli vətəndaşları nəzərdə tutulur), nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Heç bir yerdə deyilmir ki, Azərbaycan ermənilərin və ya Rusiya sülhməramlılarının Laçın yolundan sui-istifadə etməsinə, bununla da öz ərazisinə cinayətkar ünsürlərin daxil olmasına və ya təbii sərvətlərinin bu yol üzərindən talan olunaraq daşınmasına göz yummalıdır. Yoxdur belə bir öhdəlik və ola da bilməz! Digər tərəfdən, üçtərəfli bəyanatdan qat-qat üstün hüquqi qüvvəyə malik olan istər beynəlxalq qanunlara, istərsə də Konstitusiyamıza əsasən ölkəmizin bütün ərazisində giriş-çıxışa nəzarət etmək hüququ yalnız Azərbaycan dövlətinə məxsusdur.

Ermənistan və Fransa tərəfindən aparılan çirkin təbliğat kampaniyasının əksinə olaraq bu cür nəzarət mexanizminin tətbiqi heç bir halda Qarabağda yaşayan dinc ermənilərin əleyhinə yönəlməyib və ya onların sərbəst hərəkətini məhdudlaşdırmır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR