İnsanlara hürriyət, millətlərə istiqlal!

«Azadlıq prospekti»ndəki partlayışın arxasında müəmmalı izlər... - FOTOLAR

3678 04.12.2014 18:38 Reportaj A A
Fevralın 13-də səhər 10 radələrində metronun «Azadlıq prospekti» stansiyası yaxınlığında - Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə güclü partlayış baş vermişdi. Partlayış baş verən ərazidəki 3 binaya və xeyli sayda maşına ciddi ziyan dəymişdi. 

Rəsmi məlumatlara görə, partlayış ümumi sahəsi 600 kvadratmetr olan yarımçıq tikilinin zirzəmi hissəsində baş vermişdi. Partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılmış, beton tavan çökmüşdü və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunurdu.

Həmin partlayışın baş verdiyi ərazinin yaxınlığında yaşayan sakinlər musavat.com-a şikayət məktubu ünvanlayıblar. Məktubda deyilir ki, hadisədən sonra həmin ərazidə tikinti işləri başladılıb. Piyadalar üçün nəzərdə tutulmuş səki zəbt olunub və ərazidəki ağaclar məhv edilib.

Şikayət məktubunda adıçəkilən əraziyə yollandıq. Deyilənlər həqiqətən də doğru idi. Səki zəbt edilmişdi və vaxtilə orada əkilmiş ağaclardan əsər-əlamət qalmamışdı. Bu haqda tam əminlikdə danışa bilərik. 

Çünki partlayışın baş verməsindən 20 gün sonra hadisə yerindən reportaj hazırlamışdıq. O zaman da belə bir iddia var idi ki, həmin ərazidə hündürmərtəbəli bina tikmək üçün qəsdən partlayış törədilib. 

Çəkiliş zamanı müşahidə etdik ki, metronun «Azadlıq prospekti» stansiyası ətrafındakı parkın böyük bir hissəsi zəbt edilib. Yerində isə hündürmərtəbəli bina tikilir. Tikintidə çalışan işçilərə yaxınlaşdıq. Heç biri bu məsələ ilə bağlı məlumat vermək istəmədi. Amma buna baxmayaraq tikinti şirkətinin «Şərur» MTK olduğunu öyrənə bildik. 

«Şərur» MTK-nın rəhbəri İsfəndiyar Axundovdur (onu əsasən «Şərurlu İsfəndiyar» kimi tanıyırlar – red). Məlumatlara görə, o, burada böyük ticarət obyektləri inşa etdirir. Partlayışdan 20 gün sonra ərazinin hasara alınaraq, ticarət mərkəzinin tikintisinə başlanılması müəyyən şübhələr və suallar doğurur. 

Üstəlik burada tikinti işləri aparmaq təhlükəlidir. Belə ki, «Şərur» MTK-nın tikdiyi ticarət mərkəzi metronun tam üzərindədir. 

Nəzərə almaq lazımdır ki, ölkənin iki sütunsuz metro stansiyasından biri olan «Azadlıq prospekti»ndə artıq çatlar əmələ gəlib. Hətta sözügedən obyektin açılışından iki ay sonra stansiyanın bir neçə yerindən yağış suları içəriyə sızmışdı.
Bir neçə dəfə təmir olunsa da, çatlar yenə də var və bu qabarıq şəkildə özünü büruzə verir. Bunun bir səbəbi də «Azadlıq prospekti» metrostansiyasının üzərində hündürmərtəbəli ticarət mərkəzinin tikilməsidir. 

14 metr dərinlikdə yerləşən bu stansiyada ilk dəfə olaraq, sütunsuz tağvari platforma quraşdırılıb. Ancaq Hesablama Palatası aşkara çıxarıb ki, stansiyanın layihəsində sütunlu zal tikilməsi nəzərdə tutulubmuş. Buna baxmayaraq, bəzi iddialara görə, Metropoliten rəhbərliyinin özəl maraqlarına görə layihə dəyişdirilib. 

Ticarət mərkəzinin tikildiyi park isə yararsız haldadır. Adıçəkilən parkın salınması ilə «Körpübinatikinti» ASC məşğul olub. 

Park 2009-cu ildə salınıb və təmirinə 2,5 milyon manat xərclənib. Amma hazırda parkın vəziyyəti acınacaqldır. Bir hissəsində ticarət mərkəzi tikilir, digər hissəsi isə bərbad durumdadır. Yerə döşənmiş tametlər qopub, ağaclar quruyub. 

Müşahidələrimizdən aydın oldu ki, parkda uzun zamandan bəri təmir işləri aparılmır. Əslində, ümumiyyətlə, parkın təmizliyinə belə, nəzarət edilmir. Yəqin ki, park artıq «gözdən çıxarılıb». Ona xərclənən milyonlar isə unudulub. Yaxın zamanlarda parkın digər hissəsində də yaşayış binası tikilsə, təəccüblənmərik. 

Məhəmməd TÜRKMƏN
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR