“Azadlıq prospekti”də baş verən partlayış bilərəkdən edilib?
Fevralın 13-də səhər 10 radələrində metronun “Azadlıq prospekti” stansiyası yaxınlığında - Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə güclü partlayış baş vermişdi. Partlayış baş verən ərazidəki 3 binaya və xeyli sayda maşına ciddi ziyan dəymişdi.
Rəsmi məlumata görə, partlayış ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində baş verib. Partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub.
Hadisənin üzərindən 20 günə yaxın vaxt keçib. Hadisədən sonra ərazidən hansı işlərin getməsi və partlayışdan ziyan çəkənlərin vəziyyəti ilə maraqlanmaq üçün partlayış yerində olduq. Partlayış baş vermiş binanın qalıntıları hələ də yerində idi. Partlayış zamanı şüşə pəncərələri qırılmış obyektlərin və evlərin şüşələri təmir edilmişdi.
Bu ərazidə heç vaxt qaz olmayıb
Partlayış yerinə yaxın ərazidə yaşayan Elxan Həsənovun dediklərinə görə, bu ərazidə heç vaxt qaz olmayıb: “Bu binalar tikilən zaman qaz çəkilməyib. O vaxtlar qərar var idi ki, 10 mərtəbədən artıq olan binalara qaz çəkilməsin. Partlayışdan 3 ay qabaq bura idarədən adamlar gəlmişdi. Dedilər ki, burada vaxtilə zavod olub. Həmən zavoda gedən qaz borusu torpağın altındadır və çürüyüb. Çoxlu axtarış apardılar ki, həmin borunu tapsınlar. Amma tapa bilmədilər. İdarə burada qaz olmasını ağacların çürüməsi nəticəsində tapmışdı. Burada şam ağacları var idi. Dedilər ki, bu ağaclar səbəbsiz quruya bilməz. Onun kök hissəsində qaz sızıntısı var. Partlayışın da səbəbini qaz sızıntısı ilə əlaqələndirmişdilər. Dedilər ki, torpağın altında qaz sızıntısı olub və sıxıntı olduğu üçün partlayıb. Mən illərdir burada yaşayıram və taksi sürücüsüyəm. Partlayış günü də hər zaman olduğu kimi, avtomobilimdə oturub qəzet oxuyurdum. Birdən gördüm ki, partlayış baş verdi. O qədər güclü silkələnmə oldu ki, elə bildim, zəlzələdir. Maşından düşdüm, gördüm ki, hər tərəf tüstüyə bürünüb. Hərə bir yana qaçır. Bizim binanın bütün pəncərələri sınıb. Yaxşı ki, o saatlarda hərəkət az idi. Bir neçə nəfər yüngül xəsarət aldı. Partlayış zamanı binalardan bir neçəsinin və ərazidəki obyektlərin şüşələri qırılmışdı. Gətirdilər, hamının qırılmış şüşələrini təzələdilər, hətta bəzilərinin şüşələri partlayışdan qabaq qırılmışdı, onları da təmir etdilər”.
Bu partlayış bilərəkdən edilib
Digər şəhər sakini Hüseyn İsmayılovun dedikləri isə daha maraqlı idi. Onun sözlərinə görə, bu partlayış bilərəkdən edilib: “Çünki bu binanın hər iki tərəfi açıq idi. Əgər orada qaz sızıntısı olsa belə partlayış ola bilməz. Sızan qaz hər iki tərəf açıq olduğu üçün uçub gedərdi. Bu yarımçıq tikili Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, indi isə Samux rayonuna rəhbərlik edən Alı Qocayevə məxsusdur. O vaxtı tikiləndə qanunsuz tikiblər, sonradan tikintini dayandırdılar. “Azadlıq prospekti” satansiyasının açılışı zamanı ölkə başçısı da gəlmişdi. O zaman bu ərazinin maketi göstərildi ki, burada park olacaq və insanların dincəlməsi üçün şərait yaradılacaq. Amma heç də elə olmadı. Bir neçə ağac əkdilər, bir iki oturacaq qoydular. Ağacları sulamadılar, hamısı yandı. İndi də parkın o biri tərəfini hasara alıb nəsə tikirlər. Heç kəs də bilmir ki, orada nə tikilir. Yavaş-yavaş gəlirlər bu tərəfə. Hasara almaq üçün işlər görürlər. Bu tərəfini də partlatdılar ki, burada da tikinti apara bilsinlər. Buranın bir sahibi yoxdurmu?”
Siz piyada yolunu kimlərəsə satırsız, bəs piyadalar hansı tərəflə getsin
Hüseyn İsmayılov onu da vurğuladı ki, tikinti piyadaların da yolunu bağlayır: “Cəhənnəmə ki, tikin. Heç olmasa piyada yolumuza dəyməyin. Piyada yolunu bağlayıb tikinti aparırlar. Sonra da deyirlər ki, piyadanı maşın vurdu. Siz piyada yolunu kimlərəsə satırsız, bəs piyadalar hansı tərəflə getsin, qanad açıb, uçası deyilik ki. Onsuz da şəhərin hər yerində piyadaları nəzərə alan yoxdur. Ya piyada yolunun üzərində obyekt tikirlər, ya da kimsə öz avtomobilini saxlayır”.
Qeyd edək ki, partlayış nəticəsində 10-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar.
Məhəmməd Türkmən
Fotolar müəllifindir






