İnsanlara hürriyət, millətlərə istiqlal!

Ay-künü de, deyim, kimsən...

1544 03.05.2023 09:36 Yazarlar A A

 

Yeni bir reytinq cədvəli tərtib edilib və barədə yayılan xəbərə görə, biz Azərbaycan olaraq ilk onluğa, iyirmiliyə, hətta əlliliyə düşmürük, 83-cü yerdəyik. Ay-kü (İG) göstəicimiz də yerimizə uyğundur - 84,81.

İngiliscə desək, İQ, yəni intelligence quotientə qalsa, birinci onluqda əjdaha ölkələr var: Yaponiya, Tayvan, Sinqapur, Honkonq, Çin, Cənubi Koreya, Belarus, Finlandiya, Lixtenşteyn və Almaniya. Bu ölkələrin camaatının ümumi ay-küsü 100-dən yuxarıdır.

Allah tərəfi, dünyanın harasına gedib soruşsaq, tam əksəriyyət ilk onluqda yer alan ölkələrə etiraz etməyəcək, hamı etiraf edəcək ki, Belarusdan başqa hamısı yerindədir.

Gerçəkdən adama qəribə gəlir, intellektlərin, Nobel ödüllü alimlərin inkubatoru olan İsrail ilk onluğa düşməyib, amma Belarus ordadır. Nəylə, brat, hansı kriteriya ilə?

Ola bilər, bu cədvəli məhz Belarusda tərtib ediblər. Əlbət, onu biz düzəltsəydik, yəqin öz adımızı 10-cu və ya təvazökarlıq edərək 11-ci yazardıq.

Hər halda yüksək texnologiyaların və süni intellektin inkişafına görə Belarus o biri postsovet ölkələrindən irəlidə deyil ki, geridədir.

Bu saat ay-künü ölçmə meyarlarından biri də məhz ölkələrdə süni intellektin nə dərəcədə inkişaf etməsidir.

Anadolu türkləri o şoqəribə daha düz ad qoyublar – yapay zəka. İngilislərin qoyduğu ad da pis deyil – arifisial intellecens. Biz isə süni intellekt sözünü süni şəkildə ruscadan götürmüşük. Halbuki “arifisial” sözünün öz dilimizdə daha qəşəng qarşılığı var - əldəqayırma. Bu baxımdan biz gərək əvvəldən ona “əldəqayırma zəka” deyəydik, amma ta keçib.

Bu yandan da dünyada süni intellektə qarşı yekə bir müqavimət baş qaldırıb. Milyarder İlon Maskdan sonra süni intellekt proqramının əsasını təşkil edən neyroşəbəkənin qurucusu Ceffri Hinton da texnologiyanın potensial risklərindən danışıb, deyib ki, kəşfimə görə qismən peşmanam, amma bu andır da qaçılmaz şeydir.

Ay-küsü aşağı olan ölkələrdə süni intellektə müqavimət daha böyükdür. Onlar elə bilirlər ki, robotlar bir gün itaətdən çıxaraq onları minəcəklər. Ceffri Hinton isə bu akta görə narahat deyil, o, bu texnologiyanın bəzi sahələrdən işçilərin ixtisarına səbəb olacağından və yalan informasiya yayacağından əndişəlidir.

Mask isə baltanı düz dibdən vurub, deyib ki, süni intellektin inkişafı bəşəriyyətin məhvi ilə nəticələnə bilər. Guya ki, texnologiyaların inkişafı süni intellektin onu dayandıra bilməyəcək insanların əvəzinə qərar qəbul etməsinə gətirib çıxaracaq və da robotların insanları yuxarıda dediyimiz hala salmasına gətirəcək.

Əslində isə hazırda dünyada 7-dən 77-yə qədər hər kəs süni intellektdən yararlanır. Smartdonları demirəm heç, adi kalkulyatoru götürək və 367-ni 483-ə vuraq. Ən yaxşı riyaziyyatçı kağız-qələm götürüb bunu hesablayınca, süni intellektin ən primitiv cihazı olan kalkulyator cavabı ortaya qoyacaq – 177 261.

Bundan yüz qat mürəkkəb hesablamaları belə o sadə cihaz 2-3 saniyənin içində həll edir. Demək, süni intellekt faydalıdır və inkişafı labüddür. NASA-da oturub Marsa maşın endirir, şəkil çəkirlərsə, demək, variant yoxdur. Bəşəriyyətin də axırı nə olar, olar.

Süni intellektin inkişafı nəticəsində bizdə yalan xəbərlərin yayılacağı məsələsi aktual deyil. Teymur əmi demişkən, qəti qorxusu yoxdur. Biz ona vərdişkarıq. Çünki bu xüsusda bizdə əldəqayırma zəka nümunələri çoxdan var və illərdir yalan xəbərlər yayırlar, nəinki bəşəriyyətə, heç ayrıca götürülmüş Sulutəpə camaatına ziyanı dəymir.

1-2 həftə əvvəl süni intellektin milli tətbiqatının verdiyi və çox yalan-yanlış olan cavabları sosial şəbəkədə hoydu-hoyduya götürmüşdülər, oradan bəlli oldu ki, o, bizdə baş çıxarmayacaq – çünki ala qarğadan daha ağıllı deyil.

Professor Saleh Məmmədov isə deyir ki, İQ məsələsi çox oxumaqla deyil. O mənada yox ki, çox oxuyanın yox, çox gəzənin ay-küsü yüksək olar. Elə də deyil. “Dərin təhsil, elm, öyrənmə prosesləri olmalıdır ki, İQ indeksi göstəriciləri yüksək olsun” – müəllim belə deyir. Bir də professor deyir ki, Aya baxıb təqvim düzəldən ölkələrdə ay-kü indeksi aşağıdır.

Əlbəttə, gənclərin kütləvi şəkildə meyxana, diringi, nohə oxuduğu və çap məhsullarından telefonlarına gələn mesajlardan başqa bir şey oxumadığı ölkədə İQ indeksimizin 84 olması yaxşı göstəricidir. Hərçənd şeytana papış tikən ölkədə bu göstərici 100-ü aşmalıydı. Görünür, ölkədəki kütbeyinlərin xüsusi çəkisi tərəzinin o biri gözündəki intellektual kəsimlə tarazlıq yaradıb, ümumi indeksimiz aşağı düşüb.

Şeytan demişkən, süni intellekti şeytan ənəli hesab edənlər də var. Amma özümüzü mistika uçurumuna yuvarlatmayaq. İnsanın beynində olan hiylə, məkr iblisdə yoxdur. Heç onun ay-küsü də bizimki qədər deyil.

Ümid edək ki, ölkələrin İQ indeksinə dair növbəti reytinq cədvəli öz ölkəmizdə tərtib ediləcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR