İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada Quranı niyə yandırırlar? – Onların dərdi kitabda yazılanlar deyil, qitəyə sığınanlardır

1701 29.06.2023 08:30 Yazarlar A A

İsveç dövlətinin Quran yandıranlara şərait yaratması, hətta təhlükəsizliklərini təmin etməsi, böyük ehtimalla, iki səbəbdəndir. Bunun biri Türkiyəyə olan qəzəb, qıcıqdır.

Məlum olduğu kimi, Türkiyə bu dövlətin NATO üzvü olmasına rüsxət vermir. Bunun da səbəbi odur ki, İsveç dövləti 30 ildən artıqdır Türkiyəni parçalamaq istəyən PKK militanlarına sığınacaq verir, onları tələb edən Türkiyənin istəyinə məhəl qoymur.

İndi Türkiyənin də əlinə fürsət düşüb. Vaxtilə İsveç onun təhlükəsizlik məsələsini hesaba almırdı, indi də iş elə gətirib ki, NATO-ya üzvlüyə öz təhlükəsizlik məsələsi kimi baxan İsveçin işi ondan, onun razılığından keçir və bu dəfə də Ankara Srokholmun xahişlərinə məhəl qoymur..

Finlandiya da eyni durumda idi, amma bu dövlət Türkiyəyə doğru xoşməramlı addım atdı və qarşılığını aldı.

İsveş isə dirəşir, bəzən yumşalıb PKK militanlarını təhvil verəcəyini vəd etsə də, sonra qəfildən sərtləşir, verməyəcəyimi deyir. Üstəlik, Quran yandırmaq kimi avantürist təxribatlara qol qoyanlara yaşıl işıq yandırır və durumu daha da gərginləşdirir.

İsveçi idarə edənlər də, bu cəmiyyətin ictima-siyasi fəalları da yaxşı bilirlər ki, din-məzhəb məsələsi, xüsusilə də Qurani-Kərimə münasibət bütün müsəlman dünyası kimi, Türkiyənin də həssas yeridir. Ona görə də onu məhz oradan vurmağa, qırmağa, incitməyə çalışırlar.

347379761_7037486226265621_2313648692302356169_n.jpg (88 KB)

Budur, dünya müsəlmanları Qurban bayramını qeyd etdiyi gündə İsveçin paytaxtı Stokholmda 37 yaşlı iraqlı Salvan Momika Quran kitabi yandırıb.

O, bunu başqa gün yoxmuş kimi, Qurban bayramı günündə, başqa yer yoxmuş kimi, müsəlmanların toplaşdığı məscidin önündə edib.

Bundan da böyük təxribat ola bilərmi? Adamın məqsədi məhz müsəlmanlar təxribata çəkmək, onların hansısa formada iğtişaş törətməsinə səbəb yaratmaq olub.

Böyük ehtimalla bu hərəkət özfəaliyyət deyil, onun arxasında ya hansısa məkrli siyasi qüvvələr, ya da xüsusi xidmət orqanları durur.

Bu saat bir çox Avropa ölkələrində seçki birincisi və ya ikincisi olmağın yolu müsəlman ölkələrindən gəlmiş miqrantlara qarşı sərt çıxışlar etmək, onları tarixi vətənlərinə göndərmək vədi vermək, onların törətdiyi cinayətləri ictimailəşdirmək, o fonda ajiotaj yaratmaqdır. Bu da İsveçdə və Avropanın digər ölkələrində Quranın yandırılmasının ikinci əsas səbəbidir.

Belə hadisələrdən sonra müsəlmanların hiddətlənərək nəsə bir radikal aksiya törətmələri neo-nasistlərin, ksenofobların çörəyinə yağ çəkmək deməkdir. O üzdən son vaxtlar Quran yandırmaq və ya ona cəhd etmək kimi hadisələr artıb.

Bu adamlar bilsələr ki, Quranı yandıracaqlar, amma müsəlmanlar heç bir reaksiya verməyəcəklər, bu hərəkəti etməzlər. Onların çalışdığı bu vandallıqlarına cavab olaraq vandallıq törədilməsidir. O adamların Quranla, onun içində yazılanlara, hətta uzaq müsəlman ölkələrində yaşayan möminlərlə işləri yoxdur, adamların problemi məhz Avropada təmərküzləşmiş müsəlmanlarladır.

Ancaq belə anlaşılır ki, Quran yandırma təxribarı əvvəlki illərdə, aylarda olduğu qədər effektiv olmur, ajiotaja səbəb olmur. Əvvəl belə hadisələrdən sonra müsəlman birlikləri ayağa qalxır, toplantı təşkil edir, aksiya keçirir, petisiya imzalayırdılar.

İndi isə onlar belə hadisələri dözümlü yanaşırlar. Hətta son aksiyada məscidin önünə yığışmış insanlar artistlik edən iraqlıya belə sözlər qışqırıblar: “Quran sənin əlində deyil, bizim ürəyimizdədir, biz onu əzbər bilirik".

Ən düzü də elə budur. O adamın yandırdığı sadəcə ərəb əlifbası ilə Quran kəlamlarının həkk olunduğu kağızlardır. O kağızlardan birini, yüzünü, hətta minini yox, 1 milyonunu yandırsalar da, bunun yalnız kağız sərfiyyatına, ağac tükənməsinə dəxli var. Onların yandırdıqları Quranın sonuncu nüsxəsi də deyil ki, yandıralar, kitab yox ola və onu bərpa etmək mümkün olmaya.

Ona görə də Avropada yaşayan müsəlmanlar məsələyə nə qədər təmkinli, soyuqqanlı yanaşsalar, bu avantüranın sonu bir o qədər tez çatar. İki dəfə dalbadal uğursuz Quranyandırma aksiyasından sonra, bu aktın heç bir ictimai rezonans doğurmadığını görən təxribatçılar bir daha əllərinə kitab və alışqan götürüb hansısa meydana getməyəcəklər.

Avropaya adaptasiya və inteqrasiya etmək istəyən şərqlilər belə hərəkət etməlidirlər. Əks təqdirdə onlar Avropada artmaqda olan neo-nasizmin və ksenofobiya dalğasının fonunda bir gün kütləvi deportasiyaya məruz qalacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR