İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qazın qiyməti bir az da bahalaşdı - Azərbaycana təsiri olacaqmı?

840 01.09.2022 09:40 İqtisadiyyat A A

Eldəniz Əmirov: “Ən azı bir il ərzində biz bu qərarı görməyəcəyik”

Keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 900 ABŞ dollarına yaxınlaşıb. 31 avqust tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 883,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 743,5 dollar) ilə müqayisədə 5% çoxdur.

Qeyd edək ki, qiymət artımı “Şimal axını” qaz kəməri ilə tədarükün tam dayandırılmasından sonra başlayıb. Yada salaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Bu arada “Deyli Ekspress”in analitiki Tibo Spirle deyib ki, Rusiya “Şimal axını” boru kəməri ilə qaz axınını həmişəlik kəssə, Avropaya ölümcül zərbə vuracaq: “Rusiyanın daha əvvəl elan etdiyi qaz kəmərinin avqustun 31-dən sentyabrın 2-dək dayandırılması davam edərsə, bunun Avropa üçün ölümcül zərbə olacağından ehtiyat etmək lazımdır. Enerji təhlükəsizliyi üzrə ekspert Valeri Çoudanın dediyi kimi, ”Şimal axını 1"in tamamilə bağlanması 2023-cü ilin yanvar ayının əvvəlinə qədər AB-nin yığdığı qaz ehtiyatının tükənməsinə səbəb ola bilər. AB Rusiyanın yanacaq tədarükündəki payını azaldıb, lakin təşkilat hələ də Rusiya enerjisindən asılıdır", - o bildirib.

Bəs görəsən, bu qiymət artımlarının Azərbaycana da hər hansı təsiri ola bilərmi?

Ələt AİZ da güzəştlər haqqında 2 ci hissə (Eldəniz Əmirov) - YouTube

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Dünya bazarında, xüsusilə də Avropada qaz fyuçerslərinin qiymətinin artması və bu artmanın müəyyən dalğalanmalarının müşahidə edilməsi, yenidən vüsət alması bir sıra amillərlə əlaqədardır. Belə ki, qışın yaxınlaşması, Rusiyadan qaz asılılığının mövcud şəraitində ona tətbiq edilmiş sanksiyalar və Rusiyanın ixraca məhdudiyyətinin hər an artırılma riskinin olması nəticədə qaza olan tələbatı kəskin şəkildə artırıb. Bilirik ki, Avropanın 500 kub metrdən artıq illik qaz tələbi var. Bu qaz tələbinin də 40-42 faizini Rusiya ödəyir. Belə bir şəraitdə Rusiyadan asılılığın azaldılması çox çətindir. Müəyyən ixrac boru kəmərlərinin fəaliyyətinin dayandırılması, bir qismində məhdudiyyətlərin tətbiq olunması, eyni zamanda ölkələrin də Rusiya asılılığından qurtulması üçün alternativ istiqamətlərdən qaz gəlibini həyata keçirməsi bu bazarda ciddi şəkildə aktivlik formalaşdırır. Eyni zamanda Avropa qışa qədər qaz anbarlarını maksimum səviyyədə doldurmağa çalışır. Bunun üçün də müxtəlif istiqamətlərdən, təbii ki Azərbaycandan, Norveçdən, ABŞ-dan sıxlaşdırılmış maye qaz, Əlcəzair, Qətər və digər istiqamətlərdən qaz idxalını reallaşdırmaqla qaz anbarlarını  doldurmağa çalışır. Artıq son 6 aydır ki, Avropada qaz anbarlarının doldurulma həcmi dayanmadan artır. Avropada ümumi qaz anbarlarının təxminən 70 faizə qədəri dolub. Bu isə o deməkdir ki, 2/3 hissəsi dolub. Ümumilikdə, son məlumata əsasən, bu qaz anbarlarında 72 milyard kub metrə qədər qaz var. Amma gəlin baxaq, 72 milyard kub metrə qədər qaz Avropanı təmin edə biləcəkmi? Bu, Avropanın qaz təchizatının 1/7 hissəsi deməkdir. Yəni təxmini hesablasaq, 1 ay 20 günlük qaz ehtiyatı var deməkdir. Hazırkı vəziyyətdə Avropada qaz anbarları hətta dolmuş vəziyyətdə olsa belə, Avropanın illik ehtiyacının təxminən 20 faizini ödəyir. Haradasa 108-110 milyard kubmetrlik qaz anbarı var, tələbat da 500 milyarddan artıqdır. Təxminən 20 faiz ətrafında göstəricidir. Bu rəqəm onu deməyə əsas verir ki, 2 ay yarım bunlara bəs edə bilər. Ona görə daha çox qaz idxal etməyə, anbarları doldurmağa çalışırlar. Eyni zamanda hər bir ölkə bu istiqamətdə ayrı-ayrı davamlı qaz təchizatını həyata keçirməkdən ötrü mənbələr axtarışındadır. Bu mənbələrdən biri Azərbaycandır ki, Şərqi Avropa ölkələri müxtəlif vaxtlarda Azərbaycana müraciət edir”.

Ekspert qeyd edib ki, hazırda müəyyən ölkələrlə razılıq əldə olunub, müəyyən ölkələrlə danışıqlar gedir:  “Çünki Azərbaycan qazının bu ölkələrə əlçatanlığı daha yuxarı səviyyədədir. TANAP-dan sonra TAP-ın icra olunması İtaliya, Albaniya, Yunanıstan və Adriatik dənizindən keçməklə sərhəd ölkələrin təchizatına imkan yaradacaq. Hazırda ən ciddi məsələ qarşıda, qışın gəlməsi səbəbindən enerji təhlükəsizliyi Avropa üçün bir nömrəli qayğıya çevrilib. Biz bunu Afrikanın qida təhlükəsizliyi ilə müqayisə edə bilərik”.

Ekspert qiymət artımlarının Azərbaycanda qazın qiymətinə təsir edib-etməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib: “Mən düşünmürəm ki, bu il ərzində belə bir artım olsun. Çünki inflyasiya onsuz da əhalinin gəlirlərini yeyir. Onsuz da alıcılıq qabiliyyəti kifayət qədər aşağıdır. İnsanlar aylıq gəlirlərinin böyük hissəsini artıq ərzaq məhsullarına sərf edirlər. Belə bir halda qazın qiymətinin artması ciddi bir problem yaratmış olar. Ehtimal edirəm ki, ən azı bu il ərzində biz bu qərarı görməyəcəyik”. 

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyindən qeyd edilib ki, hazırda Azərbaycanda qaza olan qiymətlərin dəyişdirilməsi məsələsi gündəmdə deyil. Qeyd edilib ki, qaza olan tariflərin dəyişdirilməsi məsələsinə qiyməti tənzimləyən Tarif Şurasında baxılır və hazırda qiymətlərin dəyişdirilməsi məsələsi gündəmdə yoxdur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR