İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa qaz sınağından necə çıxdı?

838 10.08.2022 10:20 İqtisadiyyat A A

Qiymətlər düşür, Rusiya isə şantaj siyasətindən əl çəkmir

Artıq 3-cü gündür ki, Avropada təbii qazın qiymətləri enir. Avqustun 9-da səhər TTF birjasında qaz qiymətləri daha 2,5 faiz aşağı düşüb. Buna səbəb Avropanın qaz ehtiyatların son 5 illik dövr üzrə orta göstəricini keçərək 72 faizə çatmasıdır. Artıq həm Avropaya, həm də qitəni qaz şantajı ilə üz-üzə qoyan Rusiyaya məlumdur anbarlarında ki, qarşıdan gələn payız və qış mövsümünü Rusiya qazı olmadan da keçirmək mümkün olacaq.

Halbuki Rusiya Ukraynaya hücum etdiyi ilk aylarda hesab olunurdu ki, Rusiyadan qaz ixracı dayanarsa, Avropa payız və qış mövsümündə donmaq təhlükəsi ilə üzləşəcək. Bu fikir o qədər oturuşmuş idi ki, Avropa bütün diqqətini qışdan cəmi 19 faiz ehtiyatla çıxan anbarlarını doldurmağa, mümkün olan bütün Rusiyadankənar istiqamətlərdən qaz nəqlini artırmağa yönəltdi.

Nəticədə mayın sonlarına doğru Avropanın qan anbarları 50 faiz dolumluluq səviyyəsini keçdi. Bu isə Rusiyanı hərəkətə keçməyə vadar etdi. Moskva iyunun ortalarından etibarən Avropaya qaz aparan əsas kanal - “Şimal Axını 1" kəməri ilə qaz nəqlini gündəlik 167 milyon kubmetrdən 67 milyon kubmetrə qədər azaltdı. Bu azalmanı ”Qazprom" Kanadada təmirdə olan qaz turbininin sanksiyalara görə vaxtında çatdırılmaması ilə əsaslandırsa da, tezliklə məlum oldu ki, bu, sadəcə, bəhanədir. Belə ki, Avropa Birliyinin xahişi ilə Kanada turbinin ölkədən çıxarılmasına icazə verdi, o, iyulun ortalarında Almaniya-Rusiya sərhədinə çatdırıldı. Lakin Rusiya bu dəfə absurd tələblər irəli sürməyə başladı: turbinin sərhədi keçməsi üçün Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları aradan qaldırmalıdır. Başqa bir tələb isə “Şimal Axını 2" kəməri ilə nəqlə icazə verilməsi oldu. Kreml bu tələblərinin icrasına nail olmaq üçün iyulun ortalarında ”Şimal axını 1"lə qaz nəqlini daha 50 faiz azaldaraq gündəlik 32-33 milyon kubmetrə qədər azaltdı. Lakin Avropa bu şantajlara boyun əymədi.

Europa puede vivir con menos gas ruso, pero no con un cierre total  (Análisis)

Avqustun 8-də Avropanın yeraltı anbarları artıq 72 faiz dolumluluq səviyyəsini keçib. Bu isə payız-qış mövsümü üçün 73 milyard kubmetrdən yuxarı qaz ehtiyatının yaradılması deməkdir. Avropa Birliyinin iyulda qəbul etdiyi qərara əsasən avqust 2022-ci ildən mart 2023-cü ilədək Birlik ölkələri qaz istehlakını 15 faiz azaldacaqlar. Qış aylarında zərurət yaransa, bu qənaət 30 faizə çatdırıla bilər.

Müharibə başlayandan indiyədək baş verən proseslər Rusiyanın qaz şantajının özünə qarşı yönəldiyini göstərir. Belə ki, 2022-ci ilin yanvar-iyulunda Rusiyanın “Qazprom” şirkəti qaz hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz (35,8 milyard kubmetr) azaldıb. Şirkət 7 ayda 262,4 milyard kubmetr qaz hasil edib. Yeddi ayda şirkətin uzaq xaricə qaz ixracı 34,7 faiz (40 milyard kubmetr) azalmaqla 75,3 milyard kubmetr təşkil edib. Bu dövrdə Rusiyanın daxili şəbəkəsində də qaza tələbat 2 faiz azalıb. Şirkət etiraf edir ki, hesabat dövründə Avropa Birliyində qaz istehlakının azalması qlobal qaz tələbatını azaldan əsas faktora çevrilib: “İlkin qiymətləndirmələrə əsasən 2022-ci ilin yeddi ayında qaza olan qlobal tələbat 35 milyard kubmetr azalıb. Eyni dövrdə Avropa Birliyinin 27 ölkəsində qaz istehlakı 31 milyard kubmetr düşüb”. Bu ilin 7 ayında “Qazprom” yalnız Çinə ixracı artıra bilib.

Hazırda Avropada anbarlara gündəlik 0,36 faiz bəndi qaz vurulur. Bu, avqustun sonunadək anbarların 80 faiz, sentyabrın sonunadək isə 90 faiz dolumluluğunu təmin etməyə imkan verəcək. Oktyabr ayında isə anbarların 100 faiz dolması Avropanın nəinki bu payız-qış mövsümündən rahat çıxmasına, eyni zamanda gələn mövsüm üçün anbarlarda yetərincə qaz qalmasına imkan verəcək. Əgər istehlakın 15 faiz azalması təmin olunarsa, Avropanın anbarlarında gələn mövsüm üçün 45 milyard kubmetr qaz qalacaq ki, bu da qitənin Rusiyanın asılılığından birdəfəlik qurtulması üçün zəruri olan 2 illik müddətin təmin olunması deməkdir.

New EU regulation on gas storage [EU Legislation in Progress] | Epthinktank  | European Parliament

Hətta Rusiya qazından AB ölkələri arasında ən çox asılı olan Almaniya bu qışdan Rusiyadan qaz alışını tam dayandırmağa da hazır sayılır. ABŞ-ın “Notr-Dam” Universitetindən olan alman iqtisadçısı Ryudiqer Baxmanın, həmçinin Bonn Univesitenin və Münxenin “IFO” Universitetinin mütəxəssislərinin apardığı tədqiqata görə, 210 TVt/saat elektrik enerjisinə qənaət edə biləcəyi təqdirdə Almaniya qışda Rusiyadan qaz idxalından tamamən imtina edə bilər. Ekspertlər belə bir nəticəyə gəliblər ki, Almaniya məqsədinə çatmaq üçün qazla işləyən elektrik stansiyaları vasitəsilə daha az elektrik enerjisi istehsal etməli, məişət və sənaye səviyyəsində istehlakı azaltmalıdır.

Avropada ən böyük qaz anbarları Birlik üzvü olmayan Ukraynadadır - 31 milyard kubmetr qaz toplamaq mümkündür. Lakin hazırda bu ölkənin qaz anbarları cəmi 24 faiz doludur. Ölkənin özündə ildə 20 milyard kubmetrə yaxın qaz hasil olunur. Hətta Rusiya ilə münasibətləri pozmayaraq daha da dərinləşdirən Türkiyə də anbarlarına tam doldurmaq niyyətindədir. Ölkədə olan iki anbardan biri 100 faiz, digəri 85 faiz doludur. İki anbarın birlikdə tutumu 6 milyard kubmetrdir.

Yeri gəlmişkən, avqustun 1-i vəziyyətinə anbarları doldurmaq planına AB-nin 27 üzvündən yalnız ikisi - Bolqarıstan və Latviya əməl edə bilməyib. Həmin dövrədək Bolqarıstanın anbarları 49 faiz, Latviyanınkı isə 57 faiz dolmalı olduğu halda, göstərici müvafiq olaraq cəmi 47 faiz və 53 faiz təşkil edir. Oktyabrın 1-dək Bolqarıstanın Avropa Komissiyasının qoyduğu 80 faizlik plana əməl etmək şansı daha böyükdür. Buna ölkənin Azərbaycandan aldığı qaz həcmlərinin iyulun əvvəlindən etibarən kəskin artması imkan verəcək. Bu isə Azərbaycanın AB-nin enerji təhlükəsizliyinə verdiyi mühüm töhfədir. Çünki Bolqarıstanın təchizat şəbəkəsi maye qaz almağa imkan vermir. Ölkənin illik 3 milyard kubmetr təşkil edən qaz istehlakı keçən il 90 faizdən yuxarı Rusiyadan təmin edilib. May ayından rublla ödənişdən imtina etdiyinə görə “Qazprom” Bolqarıstana qaz nəqlini dayandırıb. Nəticədə, anbarlara qaz vurulması tamamən dayandırılıb. Bu, yalnız iyulun əvvəlindən  - Azərbaycan qazını Yunanıstandan Bolqarıstana çatdıran interkonnektor işə salınandan sonra bərpa olunub.

Energetika Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz, yaxud 3,2 milyard kubmetr artım deməkdir. Qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı 12,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur. 7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb. Hazırda Avropaya qaz nəql edən Cənub Qaz Dəhlizinin TAP seqmentində gündəlik qaz ötürülməsi 37 milyon kubmetr civarındadır. Bu isə ilin sonunadək Avropaya qaz ixracının 13,5 milyard kubmetrə çatması deməkdir. Beləliklə, Azərbaycan Avropanın Rusiyanın qaz şantajından azad olması üçün əlindən gələn dəstəyi əsrigəmir. Avropa Birliyi yalnız Azərbaycandan deyil, Norveç və Əlcəzairdən boru qazının, digər mənbələrdən isə maye qazın alışını sürətlə artırmağa nail olub. Birlik külək enerjisi istehsalının orta illik minimumda olduğu yay aylarında anbarları doldurmağı davam etdiribsə, küləkli günlərin sayı artacaq payız-qış aylarında qənaət planına da rahatlıqla əməl edə biləcək. Yay mövsümü başlanandan külək enerjisinin Avropanın enerji təminatındakı payı 11-13 faiz civarındadır. Lakin sentyabrdan yeni stansiyaların da işə düşməsi ilə bu payın 30 faizə qədər artacağı gözlənilir...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR