İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentində Azərbaycana qarşı təxribat hazırlanır

1117 17.01.2023 09:00 Siyasət A A

Erməni və havadarlarının daha bir həmləsi; Bakı hansısa qabaqlayıcı təbirlər hazırlayıbmı? Taktikamız necə olmalıdır?

“Avropa Parlamentinin yanvarın 18-də keçiriləcək plenar iclasının gündəliyinə "Dağlıq Qarabağın blokadasının humanitar nəticələri" mövzusunda təxirəsalınmaz debat-müzakirələr, qətnamə və ya bəyanatın qəbulu gözlənilir". “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan parlamentinin müxalifət fraksiyasından olan deputatı Elinar Vardanyan “Tunelin sonunda işıq” platformasının təşkil etdiyi və Laçın yolundakı vəziyyətə həsr olunmuş müzakirə zamanı deyib. Lakin erməni deputat bir elə nikbin olmadığını söyləyib. Onun sözlərinə görə, nə Avropa Parlamentindəki debatların, nə də yanvarın 30-da Haaqa Məhkəməsində keçirilməsi planlaşdırılan dinləmələrin “Laçın dəhlizinin açılması üçün açar olacağını” gözləmək sadəlövhlük olardı. Görünür, erməni deputat ötən ilin sonunda BMT Təhlükəsizlik Şurasında Fransanın məlum təşəbbüsü və aktivliyi ilə Azərbaycana qarşı baş tutan, lakin fiaskoya uğrayan müzakirələri göz önünə alır. Lakin bu da var ki, Avroparlamentdə ermənilərin pulla ələ aldıqları kifayət qədər dostları var. Bu səbəbdən qurum 44 günlük müharibədən sonra ölkəmiz əleyhinə iki dəfə ədalətlsiz, qərəzlə dolu və tam təxribatçı qərar qəbul edib. Bu dəfə  belə olmayacağına zəmanət varmı? Rəsmi Bakı hansısa qabaqlayıcı təbirlər hazırlayıbmı? Taktikamız necə olmalıdır?

Siyasi şərhçi Azər Həsrət bildirdi ki, ümumiyyətlə, beynəlxalq Avropa qurumlarında, eləcə də başqa beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı atılan addımların qarşısını almaq əslində mümkündür. Sadəcə olaraq, problem ondadır ki, biz zamanı, vaxtı düzgün qiymətləndirmirik, vaxtında tədbir görmürük, zamanında önləyici addımlar atmırıq: “Bir də ayılırıq ki, ermənilər hansısa təşəbbüs edir və təşəbbüsü reallaşdırmaq istiqamətində addımlar da atıblar. Bundan sonra hərəkətə keçirik. Lakin bu zaman çətinliklərlə üzləşirik. Çünki müəyyən proses artıq arxada qalmış olur. Ermənilərin beynəlxalq təşkilatların təmsilçilərini, ayrı-ayrı parlamentariləri rüşvətlə satın alması baş vermiş olur. Belə olan halda bizim vəziyyəti öz xeyrimizə dəyişməyimiz daha böyük çətinliklər hesabına mümkün olur. Bəs nə etməli, hansı taktikanı seçməliyik? İlk növbədə məsələlərə anında reaksiya verib, anında anti-Azərbaycan prosesinin başlamasına qarşı təbliğatımızı həyata keçirməli, məqsədyönlü iş aparmalıyıq. Azərbaycan Milli Məclisinin deputatları beynəlxalq təşkilatlardakı parlamentarilərlə iş aparmalıdırlar, həqiqətləri onlara anlatmaq lazımdır. Bunun üçün əlimizdə kifayət qədər faktlar, sübutlar var. Biz haqlı tərəfik və haqlı olduğumuzu təsdiqləyən çoxsaylı sənəd-sübutları beynəlxalq təşkiların təmsilçilərinə çatdırmalıyıq. İnformasiya elə təqdim edilməlidir ki, onu qəbul edən tərəf görsün ki, məqsəd erməniləri aşağılamaq, məhv etmək deyil, sadəcə, haqlı olduğumuzu sübut eləmək, beynəlxalq təşkilatların erməni yalanlarına inanmaları üçündür. Mən hesab edirəm ki, ermənilərin beynəlxalq təşkilatlarda Azərbaycana qarşı təşəbbüslərinin tamamilə qarşısının alınması imkanlarımız var”.

Azər Həsrət:

A.Həsrət onu da dedi ki, son bir neçə ayda ermənilərin BMT Təhlükəsizlik Şurası, KTMT kimi qurumlarda Azərbaycana qarşı qərarların qəbul olunması planları, istəkləri iflasa uğrayıb: "Artıq ermənilər ümid etdikləri Fransadan belə, istədiklərini tam ala bilmirlər. Bu tendensiya belə ümid yaradır ki, başqa beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Parlamentində də Ermənistanın anti-Azərbaycan qərarlarının qəbuluna nail olması baş tutmaya bilər. Şübhəsiz ki, bunun üçün Azərbaycan tərəfi önləyici tədirlərini daha da intensivləşdirməlidir. Avropa Parlamentində erməni lobbisinin ələ aldığı çoxlu sayda deputatlar var. Bir sıra deputatlar isə Azərbaycana qərəzli olan dövlətləri təmsil edirlər və dövlətlərinin münasibətini ortaya qoyurlar. Ümumiyyətlə götürdükdə, son bir il ərzində Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibət ortaya qoyması ilə digər beynəlxalq təşkilatlardan fərqlənib, birinci sırada dayanır. Azərbaycan onun qəbul etdiyi qərəzli bəyanatları qəbul etmir və həmin bəyanatların ciddi təsir gücü, çəkisi də yoxdur. Yəni növbəti anti-Azərbaycan qətnaməsi və ya bəyanatını qəbul etsələr də əhəmiyyəti öncəkilərdən fərqli olmayacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR