İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyaya qarşı indi də bunu tapdı: Belarus üzərindən...

1344 27.05.2024 13:20 Dünya A A

Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları gücləndirir. Ukraynadakı savaşa və Moskvanın lüks avtomobillər idxalına cavab olaraq, Rusiyaya ixracı yasaqlanan bütün malların Belarusa aparılmasına imkan verən boşluqların da bağlanmasına hazırlıq gedir.

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya tammiqyaslı müdaxiləsini dəstəklədiyi üçün Avropa İttifaqı Belarus lideri Aleksandr Lukaşenko rejiminə qarşı artıq dəfələrlə sanksiya tətbiq edib. Ancaq Belarusa qoyulan məhdudiyyətlər Rusiyaya qarşı tədbirlərdən zəif olub. Bu da Kremlə imkan verib ki, müharibədə yararlana biləcəyi Qərb mallarını ala bilməkdən ötrü müttəfiqindən arxa qapı kimi istifadə etsin.

"The Financial Times" qəzeti Aİ üzvü ölkələrin yeni məhdudiyyətlərlə bağlı qanun layihəsini müzakirə etdiyini yazır. Yeni qadağalar yayınma riskini minimallaşdırmaq məqsədi güdəcək.

Yeni sanksiyalar texnologiya və hərbi məqsədlərlə istifadə edilən bilən malların, habelə mayeləşdirilmiş təbii qazın Belarusa və Belarus vasitəsilə ixracını yasaqlayacaq. Aİ Belarusdan brilyant idxalını da dayandıracaq. Bu, yaxın zamanlarda Rusiya mənşəli daşlara qoyulan qadağa ilə bağlıdır.

Aİ-nın 27 üzvü qəbul edərsə, yeni sanksiyalar əsas məsələlərdən birinin - lüks maşın idxalının da önünü kəsəcək. İndiki sistemdə Avropa avtomobil istehsalçıları hələ də Rusiyaya olmasa da, Belarusa lüks maşınlar sata bilirlər.

"Lukaşenkonun çevrəsində Rusiyayla bağları olan adamlar bu işdən çox böyük gəlir götürür, varlanırdılar… Biz lüks maşınların Rusiyaya Belarusdan keçdiyini də bilirik", - Vilnüsdakı "Freedom House" təşkilatının layihə rəhbəri Vitis Yurkonisin sözləridir.

 

"Rusiyalılara Belarusda maşın almaq problem deyil"

Aİ ölkələrindən Belarusa aylıq maşın və maşın hissələri axınının dəyəri 2022-ci ilin yanvarındakı 50 milyon dollardan 2024-cü ilin yanvarında 268 milyon dollara çatıb. Bu, Aİ-dən Belarusa ixracatın ən böyük komponenti sayılır və idxal, əsasən, Almaniya və Polşadan gerçəkləşdirilir.

Ən bahalı maşınların ixracatında daha böyük artım qeydə alınıb. Bu, elə Aİ-nin Rusiyaya qarşı sanksiyalarında hədəfə alınan kateqoriyadır. Aİ-nin gömrük rəsmilərinin fikrincə, Belarus şirkətləri Moskvanı ən yeni Qərb maşınları ilə təchiz edən qaçaqmal zəncirlərinin əsas hissəsinə çevrilib.

Sənədlər 2022-ci ildə düzəldilmiş bir "Rolls-Royce Cullinan Black Badge" avtomobilinin Rusiyaya Belarusdan gəldiyini göstərir. Sənədlərdə qiyməti 630 min dollar göstərilən bu avtomobilin zavoddan çıxandan doqquz ay sonra Rusiyada olduğu bildirilir.

Eyni sənədlərdə ötən il, azı, 28 "Maybach"ın Belarus şirkətləri vasitəsilə Rusiyaya gətirildiyini görmək olar. Bu avtomobillərin orta qiyməti 217 min dollardır. "Maybach" "Mercedes-Benz"ə məxsus lüks markadır.

39 min imtina, 10 min risk raporu

"Rusiyalılara Belarusda maşın almaq problem deyil", - Litvanın baş naziri İnqrida Şimonite "The Financial Times"a müsahibəsində belə deyib.

Onun sözlərinə görə, Litvanın kiçik gömrük xidməti qonşu Belarusa gedən yükləri yoxlayan zaman yasaqlanmış mallarla bağlı bu "mürəkkəb" sistemdən baş çıxarmaqda çətinlik çəkirdi. Baş nazirin fikrincə, sanksiyalardan yayınmanın qarşısını almaq "çox ağır işdir".

O bildirir ki, Litva ötən il 39 min dəfə malları buraxmaqdan boyun qaçırıb və digər üzv dövlətlərə sanksiyaların pozulması cəhdlərinə dair 150 mindən çox risk raportu göndərib.

Şimonite deyir ki, iki sanksiya rejimi arasındakı fərqlər çox açıq boşluqlar yaradıb.

Polşanın xarici işlər naziri Radoslav Sikorskinin fikrincə, Belarusa qarşı tətbiq olunan daha yüngül sanksiyalardan Rusiyanın sui-istifadəsinin qarşısını almağın ən yaxşı yolu iki sanksiya rejimini eyniləşdirməkdir./Azadlıq Radiosu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR