İnsanlara hürriyət, millətlərə istiqlal!

Astana NATO-nun astanasında? – Rusiya ölkəni şimal vilayətlərilə təhdid edir

2717 26.10.2023 14:17 Analitika A A

Qazaxıstan hərbçiləri NATO standartlarına uyğun olaraq sülhməramlı əməliyyatlarda iştirak edəcəklər. Bu barədə respublikanın müdafiə idarəsi bildirib. Kreml hələlik ABŞ-ın dəstəyi ilə Qazaxıstan Müdafiə Nazirliyinin sülhməramlı əməliyyatlar mərkəzinin yeni konfrans zalının açılışı barədə məlumatlara təmkinlə reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yalnız onu qeyd edib ki, sülhməramlı missiyaların özünəməxsus xüsusiyyətləri var: "Ümid edirik ki, dostlarımızdan əlavə məlumat alacağıq”.

Bilindiyi kimi, NATO ilə münasibətlər artıq iki ildir ki, Rusiyanın qırmızı xəttidir. İki il əvvələ qədər bir sıra postsovet ölkələri NATO ilə müəyyən əlaqələrə malik idi, onun sülhməramlı əməliyyatlarında, təlimlərində iştirak edirdilər, NATO-nun Brüsseldəki mənzil-qərargahlarında nümayəndəliklər saxlayırdılar və Rusiya onlara “belə etməyin” demirdi. Məsələn, Azərbaycan uzun illərdir ki, NATO-nun hərbi koalisiyasının iştirakçıdır və ölkəmizin hərbçiləri İraqda və Əfqanıstanda sülhməramlı kimi xidmət keçirlər.

346982285758307.jpeg (198 KB)

                          Sülhməramlı əməliyyatlar mərkəzinin yeni konfrans zalının açılışı

Ancaq Ukraynada vəziyyət gərginləşəndən, müharibə başlayandan sonra NATO-nun Kiyevə ciddi hərbi dəstək verməsi fonunda Kreml Qərb və NATO ilə öz arasına qalın bir qırmızı xətt çəkib. Hansı “dost ölkə” o qırmızı xətti o tərəfə keçirsə, Moskva onu dərhal qara siyahısına salır və bacardığı qədər təzyiqlər edir. Ermənistanın halı ortadadır. Zatən, Ukrayna da rəsmi olaraq NATO-ya yaxınlaşmağın zibilinə düşüb.

Düzdür, Qazaxıstan “rus NATO-su”nun - KTMT-nin aparıcı üzvlərindən biridir, amma ona qalsa, Ermənistan da KTMT-nin üzvüydü. Bu il İrəvan KTMT-nin təliminə qatılmadı, əvəzində öz daxilində NATO ilə “Tərəfdaş qartal” təlimi keçirərək, Rusiyanln “ikibaşlı qartalı”nın qəlbini qırdı. İndi yalnız bir-birinə raket atmadıqları qalıb.

Bu baxımdan Rusiya NATO ilə əlaqələrə görə Qazaxıstana diplomatik eyhamlar edir, onu o yoldan çəkindirmək üçün təmkinli bir şəkildə mesajlar verir.

ABŞ isə postsovet ölkələrini Rusiyanın kölgəsindən çıxarmaq üçün sağdan-soldan həmlələr edir, gah bu, gah o biri dövlətə tilov atır, qarmağa düşənlər, düşməyənlər olur. Qazaxıstanın da o sırada olduğu şübhəsizdir. ABŞ durduq yerdə bir dövlətlə bu qədər yaxınlaşmaz, əlaqə qurmaz, pul xərcləməz.

ABŞ səfirliyi bir neçə gün əvvəl sosial şəbəkədə ABŞ-ın dəstəyi ilə Qazaxıstanın beynəlxalq sülhməramlıların hazırlanması üçün imkanlarını genişləndirmək məqsədi daşıyan layihə ilə bağlı bir mesaj yayıb. Açıqlamada qeyd olunur: "Birləşmiş Ştatlar təhlükəsizliyin, firavanlığın və sülhün qorunması maraqları naminə Qazaxıstanla əməkdaşlıq etməkdən qürur duyur".

Bəli, ABŞ qürur duyur, Rusiya isə boğazında qəhər.

Əslində Qazaxıstan hakimiyyəti də NATO ilə 1992-ci ildən başlayaraq əməkdaşlıq edir. Bu alyansla münasibətlər 1994-cü ildə imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinə əsaslanır. O vaxtdan Qazaxıstan müntəzəm olaraq birgə hərbi təlimlərdə iştirak edir. Qazaxıstanlı hərbçilər 2014 və 2015-ci illərdə Qərbi Sahara və İraqda sülhməramlı missiyalarda iştirak ediblər.

Ancaq yuxarıda dediyimiz kimi, iki ildir vəziyyət dəyişib. Rusiya artıq öz “qırmızı xətti”ni pozulmasına dözümlü yanaşmır. Ona görə də hazırda Kreml və onun propoqandist qrupu NATO-Qazaxıstam əlaqələrini nişangaha götürüblər.

Onlardan biri olan, Etno-milli strategiyalar agentliyinin direktoru Aleksandr Kobrinski deyir: “Kim nə deyirsə, desin, Qazaxıstan NATO çətiri altına girir”.

Kobrınski Qazaxıstanın NATO üzvü olan Türkiyə ilə əməkdaşlığını da NATO ilə əməkdaşlıq kimi qələmə verir və burada ya qəsdən, ya da bilməyərəkdən yanlışlığa yol verir. Türkiyə ilə əməkdaşlığa qalsa, ən yaxşı münasibətlər, o cümlədən hərbi müttəfiqlik əlaqələri Azərbaycanla Türkiyə arasındadır, amma heç kəs bunu Azərbaycan-NATO əməkdaşlığı kimi qələmə verə bilməz. Çünki NATO başqa, Türkiyə başqadır. Türkiyə bu saat NATO çərçivəsində yeganə dövlətdir ki, öz müstəqil hərbi siyasətini yeridir.

Ekspert belə bir provokativ sual da qoyur ki, KTMT üzvü olan ölkəyə NATO-nun sülhməramlı mərkəzi nə üçün lazımdır. İlk baxışdan haqlı sualdır. Ancaq Qazaxıstanın hansısa bir təşkilata üzv olması onun əl-qolunu bağlayan, suverenliyini məhdudlaşdıran amilə çevrilə bilməz. Kobrınski elə danışır ki, elə bil, Qazaxıstan Rusiyanın federal subyektlərindən biridir.

c1338aaf-b55b-41bc-b70d-bdb5a08c3e68.jpg (27 KB)

Hərbi ekspert Viktor Litovkin haqlı olaraq hesab edir ki, Vaşinqton regionda hərbi təsirini artırmağa çalışır. O, istisna etmir ki, ABŞ geosiyasi rəqiblərinə, ilk növbədə Rusiya və Çinə qarşı durmaq üçün Mərkəzi Asiyada qərbyönlü hərbi blok yaratmaq niyyətindədir.

Ancaq Litovkin sözü uzatmadan təhdid ritorikasına keçərək deyir: “Qazaxıstanda sülhməramlı mərkəzin açılması yalnız onu göstərir ki, Astana Ukrayna və Ermənistandakı vəziyyətdən heç bir nəticə çıxarmır. Ukraynada baş verənlər Qazaxıstanda da təkrarlana bilər. Bunun Qazaxıstanın milli maraqlarına cavab verməsi ehtimalı azdır. Amma bu, onların daxili işidir. Onlar başa düşməlidirlər ki, NATO ilə, amerikalılarla flört etmək Qazaxıstanın təhlükəsizliyini və Rusiya ilə münasibətlərini gücləndirməyə xidmət etmir”.

Rus propondistlər 12-15 il əvvəl Ukraynaya dair də eyni fikirlərlə çıxış edir, deyirdilər ki, əgər Ukrayna rəhbərliyi Qərbmeylli siyasətini davam etdirsə, Ukrayna öz şərq ərazisini və Krımı itirə bilər, guya ki, bu bölgədə yaşayan ruslar ayağa qalxar, Ukrayna problemlə üzləşər, parçalanar.

Hazırda göründüyü kimi, elə də olub. Bu da o deməkdir ki, təbliğatçılar əslində Kremlin sözünü deyir, onun əsl niyyətlərinin tərcümanı kimi çıxş edirlər.

Ona görə də Viktor Litovkinin “Qazaxıstan da anti-Rusiya siyasəti apararsa, o zaman Rusiya Qazaxıstanda rusdilli əhalinin müdafiəsinə qalxmalı ola bilər” sözlərini qəribçiliyə salmaq olmaz. Bu, rəsmi Moskvanın ən yaxşı bacardığı işdir.

scale_1200.png (343 KB)

Ruslar Qazaxıstanda ikinci ən böyük milli qrupdur; 2023-cü ilin statistikasına görə, ruslar Qazaxıstanın əhalisinin 15,18%-ni (3.000.611 nəfər) təşkil edir.

Onlar əsasən ölkənin şimalında, Qaraqanda vilayətində və Şərqi Qazaxıstanda, Rusiya ilə həmsərhəd vilayətlərdə kompakt yaşayırlar.

Bu da o anlama gəlir ki, Astana NATO ilə münasibətləri ciddiləşdirsə, Moskva gerçəkdən də bu dövlətin şimal-şərqinı qəsb edə, Donbasın gününə sala bilər.

Hərbi jurnalist Aleksandr Sladkov da Qazaxıstanın hərəkətlərini qeyri-dostluq kimi qiymətləndirib və deyib ki, biz gedən kimi və ya çox uzağa gedən kimi NATO bu çöl ölkəsində olacaq. Onun sözlərinə görə, Qazaxıstan ya potensial müttəfiqləri arasında ABŞ-ın xeyrinə seçim edib (Rusiya, Çin və Amerika nəzərdə tutulur), ya da Astana çoxvektorlu siyasətini davam etdirir, manevr etməyə çalışır və hiyləgər oyun oynayır.

Ancaq Sladkov da yanılır. Qazaxıstan NATO-ya yaxınlaşmaq məsələsində mütləq Türkiyənin tövsiyəsini nəzərə alacaq. Əslində Qazaxıstan potensial müttəfiqləri arasında seçim edərsə, Türkiyəni seçəcək. Ona görə də rus təbliğatçıların təlaşı yersizdir. Onlar son illərdə qəribə bir panikaya qapılıblar və dörd bir tərəflərində ya düşmən, ya da düşmənə satılanları axtarırlar.

Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR