İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzu Nağıyev: “Bu, Rusiyanın nüfuzuna ciddi zərbə vurur”

689 09.01.2023 17:00 Siyasət A A

“2023-cü ilin gərgin olacağını inkar etmək düzgün olmazdı. Əsas məsələ odur ki, genişmiqyaslı hərbi əməliyyatların aparılacağı inandırıcı görünmür”.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Millət vəkilinin sözlərinə görə, 2020-ci ilin noyabr razılaşmalarında əsas məqam məhz Zəngəzur dəhlizinin açılmasıdır:

“İkitərəfli danışıqlar davam etdirilməlidir. Təbii ki, yanvarda Brüsseldə danışıqlar prosesini bərpa etmək üçün ciddi cəhdlər var. Bəziləri düşünür ki, dəhliz məsələsi həll edilməsə, müharibənin yenidən başlaması qaçılmaz ola bilər. Hər iki tərəf geniş müharibə istəmir və bunun da öz səbəbləri var. Ermənistanın resursları tükənib, Azərbaycan isə danışıqlar yoluna daha çox üstünlük verir. Təbii ki, Rusiya da danışıqlar istəyir. Çünki münaqişənin həll edilməməsi 2020-ci ilin noyabr müqaviləsinin gücünə, Rusiyanın regionda nüfuzuna ciddi zərbə vurur. Məlumdur ki, Rusiyanın bütün hərbi, iqtisadi və siyasi resursları indi Ukraynaya yönəlib və təbii ki, Qarabağda sülhməramlı missiyası qalır, lakin o, bir il əvvəlki kimi güclü, peşəkar deyil”.

Arzu Nağıyev Zəngəzur dəhlizi ilə bağlı digər detallara da toxunub:

“Təbii ki, 2020-ci il müqaviləsində yazıldığı kimi, Naxçıvana gedən yolun açıq olmasında və bu yolun təhlükəsizliyinin Rusiyanın FTX tərəfindən təmin olunmasında Moskvanın marağı var. Amma Moskvanın başqa marağı da var. Rusiya istəyir ki, 2025-ci ildən sonra da Qarabağdakı missiya daha uzun müddət qalsın. Eyni zamanda Rusiya nə qədər inkar etsə də, Ruben Vardanyan onun layihəsidir və onun regiona gəlişi danışıqlar prosesinə ciddi zərbə vurdu. Amma bu o demək deyil ki, danışıqlar dayanıb, təbii ki, öz maraqlarını da nəzərə almaqla həm Rusiyadan, həm də Qərbdən reaksiya olacaq. Bakıda və İrəvanda Avropa İttifaqının daha neytral, nüfuzlu vasitəçi olması qəbul edilir, təbii ki, bunu Xankəndiyə aid etmək olmaz, separatçılar Rusiyaya daha çox üstünlük verirlər”.

Deputatın fikrincə, yenə də əsas diplomatik oyunçular Bakı və İrəvandır və bütövlükdə Avropa İttifaqı Şarl Mişelin vasitəçiliyi ilə bu prosesdə nə qədər çox iştirak etsə, bir o qədər yaxşıdır:

“Unutmaq olmaz ki, Rusiyanın Qarabağdakı missiyası əsas təhlükəsizlik amili olaraq qalır. Rusiya və Avropa da başa düşür ki, Azərbaycanın Laçın-Xankəndi yolunda keçirdiyi aksiyanın əsas məramı və məqsədi ekoloji xarakter daşıyır. Eyni zamanda əvvəllər Laçın dəhlizindən nə gəldi nəzarətsiz keçirdi - silah-sursat, minalar. Müxtəlif ölkələrin məramsız vətəndaşları, terrorçular və s. Bir sözlə, şəffaf rejim yox idi. Azərbaycan heç bir yolun tamamilə bağlanması və Qarabağın blokadası, yaxud humanitar təhlükənin yaradılması üçün çalışmır. Məqsəd orada daha şəffaf rejimin yaradılması və təbii sərvətlərimiz də daxil olmaqla, bu yol vasitəsilə nə və kimlərin keçə bilməsinə tam nəzarət etməkdir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR