İnsanlara hürriyət, millətlərə istiqlal!

Aram-aram düşmənçilik

2104 16.04.2023 08:05 Yazarlar A A

 

Söhbətə şair Bəxtiyarın iki misrası ilə girməli olacağam. İmtəhası, bu misralar sizin tanıdığınız şairə – rəhmətlik Bəxtiyar Vahabzadəyə yox, Bəxtiyar Hidayətə aiddir. İlahi qüvvələr tərəfindən çoxdan hidayət olunmuş şair deyir:

“Ağır sözü yüngül adam götürər,
Ağır sözü ağır adam götürməz”.

Ermənilərin ağır atletika üzrə Avropa çempionatının İrəvandakı açılış mərasimində etdiyi hərəkət ağır söhbət idi. Jurnalist həmkarlarım bu fikirdədirlər ki, idmançılarımızın yarışa qatılmadan geri qayıtması həmin ağır sözü götürməmək jestidir. Qalıb yarışsaydıq, yüngüllük olardı. Bunu heç yüngül atletika üzrə çempionatda da etmək olmaz.

Əlbəttə, elə çıxa bilər ki, Aram adlı dizayner gədənin bayrağımızı yandırması yalnız bir erməninin etdiyi hərəkətdir və buna görə zaldakı bütün erməniləri suçlu saymaq olmaz. Tutaq ki, elədir, bəs o fıştırıqlamaq nəydi? Deyəsən, dövlət bayrağımız idman arenasının səhnəsinə gətirələndə yannız Paşinyan dörd barmağını iki-iki qoşalayıb cavcısına salaraq fıştırıq çalmadı, qalan hamı özünə borc bildi ki, belə eləsin.

Adama deyərlər, qonaq çağırdığınız nədir, qonağa, “Məşədi İbad”kı ziyalının sözü olmasın, kəndi xanənizdə həqarət etmək nədir, həpəndlər?

555666-1.jpg (55 KB)

Hələ sonrası da var: aparıldığı polis bölməsində yarım saat ləngimiş, mürəbbə ilə çay içib çıxmış Nikolyanı elə alqışlayırlar, sanki Nelson Mandela 27 illik həbsdən çıxıb, yaxud, elə bil, bu qırışmal təkbaşına gedib Hadruta bayraq sancıb.

Elə keçmiş erməni deputat Samsonyan düz deyir ki, qəhrəman deyilsən, cürətli oğlansan, get sərhədə. Haqlıdır. O Aram belə qeyrətli və cəsarətli oğlandırsa, gələrdi Dığ kəndinə, orada bizim əsgərlər onun onurğa sütununun qurtaracağını polkovnik Gözəlyanınkı kimi edərdilər, ağlı başına gələrdi.

Bunlarınkı budur: özlərinin çox və arxalı olduğu yerdə atamana dönürlər, təkbətəkə çıxanda amerikalı şəkil çəkdirənlər kimi sifətlərində eyzən “çiiiz” ifadəsi olur.

Yaxşı ki, bu dəfə ağıllı ermənilər özləri də bayraq yandırılması məsələsinə etiraz bildirdilər, yoxsa həmişə belə situasiyalarda hər nə etsələr, total şəkildə “yaxşı eləmişik” deyirdilər. Bu dəfə hiss edirlər ki, yaxşı eləməyiblər. Dünyanın gözü qarşısında sülhdən danışa-danışa münaqişədə olduğun qonşuya nifrət püskürməyin yaxşı tərəfi yoxdur.

Hərçənd nə ermənilər, nə də beynəlxalq birlik deyilən şoqərib bunu veclərinə alan deyillər, bilirlər ki, bir-iki günə hər şey unudulub gedəcək.

999.jpg (42 KB)

O vaxt, 2019-cu ildə Lüksemburqda yerli futbol klubu “Dudelanj” ilə bizim “Qarabağ” oynayanda ermənilər meydançaya dronla “artsax” şəlpəsi sallamışdılar, yadınızdadırm? Müdafiəçimiz Qara Qarayev topu götürüb üzü yuxarı nalladı ki, dronu vursun, top yan keçdi, amma bir ildən sonra Qaranın kəndçiləri Horadizdə həm dronla, həm də topla ermənilərin bunkerini dağıtdılar, özlərini də qara günə qoydular, yaxşı oldumu?

Amma hiss olunur ki, onlar düzəlmək, düzələninə getmək, farağat durmaq, dinc, yanaşı yaşamaq istəmirlər. Zalım uşağının beyni başqa cür işləyir. Məkr dağarcığıdırlar.

Hələ bizdə bəziləri söz-sözü gətirəndə deyirlər, yox, ermənilər ağıllı millətdirlər. Vallahi və tallahi, bu ağılla onlar yalnız bizim qonşuluğumuzda bu əsrə gəlib çıxa bilərdilər, başqa regionlarda olsalar, onları bir təki də qalmayan merkitlərə döndərərdilər. Fikir verirsinizsə, başqa qədim xalqlar 50, 10 milyonu keçiblər, 1 milyardı aşanlar var, amma bunlar artmır, böyümür, mifik Tiqranın vaxtında ilişib qalıblar. Hələ də qədim tayfalar kimi primitib düşmənçiliklər edirlər, dəyə, taya yandırırlar.

Belə durumlarda bizim də başımız çönür, deyirik, yaxşı fürsət olar, biz də erməni bayrağını yandırarıq.

Allah eləməsin, biz o qədər zəif və əzik olaq ki, hansısa dövlətin bayrağını yandırmaqla qisas alaq, özümüzə təskinlik verək, belə şeylə təsəlli tapaq. Allah eləməsin! Bu zəiflərin, sındırılmışların, zorlanmışların edəcəyi şeydir. Siz heç görmüsünüz ki, ABŞ-da hansısa dövlətin bayrağını yandırsınlar? Etmirlər, çünki ehtiyac yoxdur. Lazım olanda Pentaqon ona düşmənçilik edən dövlətin dədəsinin evini yandırır, məsələ bitir.

turamp.jpg (7 KB)

Əksinə, bir çox ölkələrdə ABŞ-ın, İsrailin bayraqlarını yandırırlar. Ona görə ki, onların özlərinə gücləri çatmır, gücləri bayraq yandırmağa çatır. Bir ara Trampın müqəvvalarını da odlayırdılar. Nə olurdu? Heç nə? Odey, Tramp turp kimidir, hələ təzədən prezident olmaq istəyir, görək, ABŞ-ın MSK-sı onun namizədliyi qeydə alacaqmı.

Xüləs, biz gərək belə hadisələrə görə çox da qeyzlənməyək. Hətta əksinə, sevinməliyik. Çünki sıyıq və unutqan camaatıq. Ermənilər ard-arda beş dəfə üzümüzə gülsələr, onların nə tip olduqlarını unudacağıq və bir də görəcəyik, təzədən kirvələşmişik, Əsli-Kərəm sevdası yaşayırıq, Həci-Roza ilişkisi qurmuşuq. Amma görəndə ki, düşmən yatmayıb, aram-aram düşmənçiliyini davam etdirir, biz də yatmırıq, sərvaxt və prinsipial oluruq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR