İnsanlara hürriyət, millətlərə istiqlal!

Anaya, qıza dəyər verməyən rejim məhvə məhkumdur!

961 11.02.2023 11:37 Region A A

İranda girov müqabilində azadlığa buraxılan qadın vəkil şübhəli şəkildə ölüb. Belə ki, İranın Kirman əyalətinin Vəkillər Assosiasiyasının ictimaiyyətlə əlaqələr xidməti ölkə miqyasında keçirilən etiraz aksiyaları zamanı həbs edilən və iki ay əvvəl azadlığa buraxılan vəkillərdən biri olan Məryəm Arvinin vəfat etdiyini açıqlanıb.

Məlumatlara görə, xanım Məryəm Arvin dekabr ayında girov müqabilində həbsdən azad edilmişdi. Onun şübhəli ölümü məhkəməsi üçün nəzərdə tutulan tarixdən bir həftə əvvəl baş verib.

Qeyd edək ki, son vaxtlarda İranda keçirilən etirazlar zamanı həbs olunanların bir çoxu azadlığa buraxıldıqdan sonra bir-iki ay ərzində həyatını itirir. Bu məqam hamının təəccübünə səbəb olmaqdadır.

Məryəm Arvin 30 noyabr 2022-ci il tarixində İranın İnqilab Məhkəməsinin hakimi ilə şifahi münaqişəyə görə və son etirazlarla bağlı müvəkkilini müdafiə edərkən həbs edilmiş və 12 dekabr 2022-ci il tarixində girov müqabilində azadlığa buraxılmışdı.

İran hakimiyyəti Məryəm Arvinin anası Təyyibə Nəzərini də həbs edib.

Bu cür müəmmalı ölümlər fars-molla rejiminin antiinsani mahiyyətini bir daha ortaya qoyur. Şübhə yox ki, öz millətinin qadınına, anasına, gəncinə dəyər verməyən rejim gec-tez məhvə məhkumdur.

Millət vəkili - Fəzail Ağamalı

Fəzail Ağamalı: “İran tipli rejimlər uzun müddət yaşaya bilməz”

Millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, İranı orta əsrlər qaydaları ilə idarə etməyə çalışan fars-molla rejiminin sonu çatıb. Onun sözlərinə görə, başlayan prosesin qarşısını almaq mümkün deyil: “Müəmmalı ölümlər şübhəsiz ki, işgəncələrlə bağlıdır, qidalara qatılan zəhərlərlə də əlaqəli ola bilər. Son zamanlar islahatların aparılması ilə bağlı səsləndirilən fikirlər və İran inqilabı ilə bağlı Xomeneyinin həyata keçirdiyi ”əfv fərmanı" da heç bir nəticə verməyəcək. Bu tip rejimlər uzun müddət yaşaya bilməz. Onun fərqli analoqu SSRİ idi. O da qapalı rejim idi, lakin SSRİ-nin idarəçilik sistemində fars-molla rejimindən fərqli olaraq mütərəqqi cəhətlər var idi. Daha müasir, dünyəvi idi, üstünlükləri çox idi. Buna baxmayaraq, SSRİ 70 ildən sonra süqut etdi.

Nəinki beynəlxalq, hətta İslam hüquqlarına söykənməyən qanunlarla idarə olunan fars-molla rejimində insanların fundamental hüquqlarına əhəmiyyət verilmir. Eyni zamanda, İranda milli hüquqlar da tapdanır. Azərbaycan türklərinin hüquqları tanınmır, əksinə ciddi repressiyalar icra olunur. Milli düşüncəni ortaya qoyan, ana dilini önə çəkən insanlar həbsxanalara salınır, onlara işgəncələr verilir, hətta edam kimi cəzalar tətbiq edilir".

Ağamalı İranın beynəlxalq arenadakı roluna diqqət çəkərək qeyd etdi ki, nəinki, regionda, dünya ölkələri ilə münasibətlərində də İranın mövqeyi ciddi narazılıq doğurur. Millət vəkili bu durumun ölkənin bir çox sahələrinə təbii təsirlərinə diqqət çəkdi: “Uzun illərdir ki, İran dünyanın aparıcı dövlətləri tərəfindən blokadaya alınıb, sanksiyalara məruz qalır, sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Bu da təbii ki, narazılıqlara səbəb olur. Digər tərəfdən, İranın dünyada Ermənistandan başqa dostu yoxdur, ona da dost demək mümkünsə... İran dünyadan təcrid olunmuş vəziyyətdədir. Sadəcə Çinlə, Hindistanla neft sənayesi ilə bağlı əlaqələri var. Hər kəsə də aqressiv münasibət bəsləyir. Digər tərəfdən, İran İslam dünyasını parçalayan, təriqətçiliyi dövlət səviyyəsinə qaldıran ölkədir. Beynəlxalq münasibətlərdə az qala aparıcı amilə çevrilən təriqətçilik şübhəsiz ki, İran fars-molla rejiminin təcrid olunmasının ən əsas səbəblərindən biridir. İran həmçinin, terrorizmi dəstələyən dövlətdir. Səfirliyimizdəki terror aktı dövlət səviyyəsində həyata keçirilmişdi. Sadaladığım bütün amillər İranda fars-molla rejimini çökdürə bilər. Bu, qaçılmazdır. İran yox olma ərəfəsindədir”.

Fərəc Quliyev MSK tərəfindən ona edilən xəbərdarlığa münasibət bildirdi -  VİDEO

Fərəc Quliyev: “İran hökumətinin etirazları yatırtmaq istəyi bataqlıq effekti verir”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, belə hadisələr İranda illərdir baş verir. F.Quliyev rejimin mahiyyətinin son hadisələrdə daha da açıldığını qeyd etdi: “İnsanların bütün narazılıqları toplu şəkildə üzə çıxmaqdadır. Əvvəllər lokal etirazlar olmuşdu. Bir qadının öldürülməsi meydanlara çıxmaq üçün sadəcə, bəhanə oldu. On illər boyunca bütün millətlərin əzilməsi baş verirdi, insanların haqları tapdanırdı. İran rejimi istənilən formada zorakılığa əl atıb - Evin zindanında insanlar alçaldılıb, asılıb, hətta asılanda deyilib ki, günahı yoxdursa, cənnətə gedəcəklər. İnsan həyatına, taleyinə biganə yanaşma var. Təbii ki, İran hökuməti etirazları yatırtmaq istəyir, lakin bu, bataqlıq effekti verir, etirazlar daha da artır. Güneydəki etirazlar milli azadlıq hərəkatınamı çevriləcək, ya demokratikləşmə ilə bağlı ümumiran prosesləri güclənəcək, bunu zaman göstərəcək. Hər halda, Güney Azərbaycanda yaşayan türklər üçün ədalətli status-kvo Güney Azərbaycanın müstəqilliyidir. Bu proseslərdən sonra sağlam şəkildə milli azadlıq hərəkatını apara biləcəklərsə, nailiyyət əldə etmək mümkündür. İranda hazırda bütün millətlər etiraz edir. Ya İran mahiyyətcə dəyişməlidir, ya da rejim dəyişməlidir. İran rəngini dəyişib, mahiyyətini saxlayacaqsa, bu, İrandakı bütün xalqlar, o cümlədən  milli çoxluq olan azərbaycanlılara sərf etmir. Azərbaycan  türkləri məsələdən o zaman uduşlu çıxmış sayılar ki, özünün ərazilərində müstəqil dövlət qursunlar, tam şəkildə işğaldan qurtulsunlar. İranın hər mənada dəyişməsi qaçılmazdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR