İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ana savadlıdırsa, övladı da...” - nazirdən qiymətli tövsiyə, bəs reallıq...

4023 14.10.2023 08:45 Təhsil A A

Psixoloq: “Uşağın böyüməsində, təhsilində təkcə valideynlər deyil, cəmiyyət, qohumlar, o cümlədən məktəb mühüm rol oynayır”

“Uşağın ananın təhsilli, savadlı olduğu ailədə böyüməsi vacibdir”. Bunu dünən elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi 2023 Təqaüd Proqramı”nın təqdimat mərasimində söyləyib.

“Qadınlarımızın savadlı olması çox vacibdir, onların təhsil almağa marağı stimullaşdırılmalıdır”, - deyə nazir vurğulayıb.

Sözsüz ki, nazirin sözlərində həqiqət payı var. Ancaq ana təhsilli, savadlı deyilsə və ya övlad təhsilə elə də meyl göstərmirsə, onda necə?

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb:

AbzasMedia - Azad İsazadə: 'Ordunun qələbəsi cəmiyyətdə müsbət emosiya  yaradır'

Azad İsazadə

“Əlbəttə ki, ananın savadlı, təhsilli olması uşağın gələcəkdə təhsilli olmasına müsbət təsir edir. Amma bu yeganə amil deyil. Bəzən görürük ki, savadlı ananın övladı savadsız böyüyür və yaxud tərsinə. Yəni qeyd etdiyim kimi, ananın savadlı olması vacib amildir, amma həmişə təsir edən amillərdən deyil. Uşağın böyüməsində, təhsilində təkcə valideynlər deyil, cəmiyyət, qohumlar, o cümlədən məktəb mühüm rol oynayır. Yəni, uşaq bir neçə amilin təsiri altında formalaşır. Məsələn, 20-ci əsrin ortalarında meydana çıxan Azərbaycanın elm ulduzlarının əksəriyyəti kəndlərdən çıxırdı və yaxud əksəriyyətinin valideyni təhsilli deyildi. Sözsüz ki, ananın savadlı olması daha yaxşı olardı.

Ümumiyyətlə, təhsil deyərkən, təkcə ali təhsildən söhbət getməməlidir. Diplomlu, amma savadsız olan insanları çoxlarımız tanıyırıq. Və yaxud, ali savadı olmayan, amma çox müdrik valideynlər də çoxdur.

Hesab edirəm ki, ilk növbədə anaların övladlarına savad vermə istəyi olmalıdır. Və ikincisi, özləri artıq bilik vermə imkanları yoxdursa, övladlarına motivasiya verməlidir ki, təhsilə maraqlı artsın. Məsələn, xeyli sayda valideyn var ki, biliyi yoxdur, amma övladını repetitor yanına qoyur və yaxud kursa göndərir ki, xarici dil bilikləri artsın. Yəni biliyimiz olmaya bilər, amma uşağı doğru motivasiya etməliyik".

Ekspert ixtisas seçimində edilən yanlışların səbəblərini izah edir -  25.09.2021, Sputnik Azərbaycan

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, son tədris illəri ərzində Azərbaycanda təhsil alan orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu qadınlardır:

“İlk növbədə qeyd edim ki, Azərbaycan universitetlərində təhsilin müxtəlif pillələri üzrə 85 102 qadın təhsil alıb. 2022-ci ildə bu göstərici 80 827, 2015-ci ildə 78 662 olub. 2010-cu ildə isə 65 112 qadın ali təhsil ala bilib. 2021-ci ildə təhsil alan qadınlardan 77 448 nəfəri dövlət, 7 654-ü isə özəl müəssisələrdə təhsil alıb.

Son tədris illəri ərzində Azərbaycanda təhsil alan orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu qadınlardır. Orta ixtisas məktəbləri ilə müqayisədə ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı isə daha azdır. Kolleclərdə təhsil alan tələbələrin 60 faizindən çoxu qadınlar olduğu halda, ali məktəblərdə oxuyan qadın tələbələr bütün tələbələrin tam olaraq yarısını da təşkil etmir.

Belə ki, 2019-2020-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin 51 702 tələbəsi olub ki, onların da 34 308 nəfəri - 66,3 i faizi qadın olub. 2011-2012-ci tədris ilində bütün tələbələrin 65,8 faizi, 2012-2013-cü tədris ilində 66,3 faizi, 2013- 2014-cü tədris ilində 67,1 faizi, 2014-2015-ci tədris ilində 67,4 faizi, 2015-2016-cı tədris ilində isə 66,7 faizini qadınlar təşkil edib.

Hesab edirəm ki, hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə, qızların sahib olduğu təhsil səviyyəsidir.

Yalnız qadınların haqlarının qorunması yolunda müəyyən addımlar atıldıqda, cəmiyyətimizdə gender bərabərliyinin bərqərar olmasına nail ola bilərik. Qadınların, qızların təhsil alması çox vacib amildir. Belə ki, son zamanlar genetik tədqiqatlarda, uşaqlara zəka geninin atadan deyil anadan keçdiyi aşkar edilmişdir. Genetik tədqiqatlarla yanaşı, uşaqların təhsil və zəkası üzərində ananın və ya atanın təsir dərəcəsi haqqında  tədqiqat aparan başqa bir elm sahəsi də, ekonometrikadır. Bir sıra ekonometrik tədqiqatların nəticələrinə görə, uşaqların zəkası(IQ) və təhsil səviyyəsi üzərində, ananın zəkası(IQ) və təhsil səviyyəsi, atanın zəkası və  təhsil səviyyəsindən daha çox təsirə malikdir. Aparılan tədqiqatların nəticələrdən görünür ki, hər iki valideynin təhsil səviyyəsi uşağın təhsili üzərində müsbət təsirə malikdir. Ancaq, uşağın təhsil səviyyəsi üzərində ananın təhsil səviyyəsinin təsiri daha çoxdur.

Düşünürəm ki, qadınların təhsilə cəlb olunması üçün onlara təhsil haqqında güzəştlər edilməli, digər təhsil alma formalarını tətbiq etmək lazımdır. Əgər onlar əyani təhsilə cəlb oluna bilmirlərsə, qiyabi, distant təhsilə onları cəlb etməklə qadınların təhsil alma faizini yüksəltmək olar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR