İnsanlara hürriyət, millətlərə istiqlal!

Allahın evində donuz saxlayanlara görə müsəlman qonşuya düşmənçilik etməyin adı

3740 23.09.2022 21:20 Yazarlar A A

İran qarışıb. Neçə gündür ki, ölkə boyunca təhlükəsizlik qüvvələri ilə əhali arasında toqquşmalar yaşanır, qəzəblənmiş kütlə küçənin ortasındaca polisə od vurur, polis ofislərini, maşınlarını yandırır, daşa basır - nə güllədən qorxur, nə dar ağacından...

Əslində, müsəlman qonşumuzda neçə vaxtdır ki, gərginliklər hökm sürürdü, sanksiyalar burulğanında olan İranın əhalisi getdikcə sosial-iqtisadi vəziyyətin ağırlığını gündəlik həyatlarında daha ciddi şəkildə hiss edir, vaxtaşırı etiraz aksiyaları keçirilirdi, tələblər irəli sürülürdü. Amma kütlə bu qədər qəzəbli deyildi, düşünürdülər ki, “cümlə xəyanətlərə bais”, yəni onların başına gətirilən fəlakətlərin günahkarları Amerikadır, İsraildir. Lakin 14 sentyabrda Kürdüstan ostanının Səkkəz şəhərindən olan və Tehrana, qohumlarıgilə qonaq gələn 22 yaşlı Məhsa Əmininin qardaşının yanındaca (!) əxlaq polisi tərəfindən döyülməsindən, 16 sentyabrda isə onun aldığı xəsarətlərdən ölməsindən sonra bütün ölkə əhalisi küçələrə axışıb. Adamlar çox qəzəblidir, üsyan püskürürlər. İrandakı rejim baş örtüyü olmadığına görə ziyalı ailədə böyümüş gənc bir qızı məhv etdikdən sonra İranda minlərlə qadın çadrasını başından atıb, yandırıb. Etirazlarsa səngimir, hər iki tərəfdən öldürülən, yaralananların sayı günbəgün artır...

İndi sual olunur: belə bir sonluq İran rejiminə lazım idimi? Görünür lazım imiş – İran hakimiyyətinin sosial tələblərlə kütləvi etirazlara qalxacaq xalqa qarşı priventiv tədbir görməsi, hadisələrin “xaricdə” hazırlandığını iddia edib, fəalları kütləvi şəkildə zərərsizləşdirmək, həbsxanalara doldurmaq, bir çoxlarını da edam səhnəsinə çıxartmaq üçün. Budur, artıq “hadisələrin xaricdə hazırlandığı”, “xarici kəşfiyyata işləyən təxribatçılar”ın saxlandığı barədə iddialar tirajlanır. Təsadüfi deyil, adətən, bu kimi rejimlər ömrünü uzatmaq üçün “xarici düşmən” faktorundan istifadə edirlər. Soruşan gərək, ağaye-filankəs, xarici qüvvəmi Məhsanı döyüb – öldürmək fətvası vermişdi?!

Ən absurdu isə budur ki, İran rəsmiləri, deputatları, hərbçiləri “xarici düşmən”lər kateqoriyasına...Azərbaycan Respublikasını da əlavə etməyə başlayıblar. Sərsəmliyin son həddi! Azərbaycan o dövlətdir ki, illər boyunca öz ərazisindən İrana qarşı hər hansı fəaliyyətin həyata keçirilməsinə mane olub, ölkə rəhbərliyi sonadək, “bizim ərazimizdən hər hansı üçüncü qüvvənin İrana qarşı istifadəsinə yol verilməyəcək”-mövqeyində olub, buna görə çoxsaylı təzyiqlərlə üz-üzə qalıb, amma yenə də mövqeyindən zərrə qədər də geri çəkilməyib.

Amma və lakin İranın ayrı-ayrı əyalət mollaları, rəsmiləri, hərbi qüvvələrə rəhbərlik edən şəxslər, hətta xarici siyasət idarəsinin rəhbər şəxsləri bunun qarşılığında Azərbaycana qara yaxmaqdan utanmırlar.

 

Biz çox şeyə göz yumduq illər boyunca. İranın Mehri “nəfəsliyi” vasitəsilə Ermənistana verdiyi dəstəyə dözdük, dəfələrlə çağırışlar etdik, etməyin, Allahın evini dağıdanlara yardım göstərməyin, məscidləri donuz fermasına çevirənləri, əli uşaqların qanına bulaşmış qatilləri bağrınıza basmayın, söylədik, amma eşitmədilər. Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmasına bircə dəfə də olsun sərt etiraz eşitmədik, ən uzağı “müsəlman torpaqları”ndan bəhs edib, yola verdilər. Sonrakı dönəmdə də nə gördük? Şuşadakı Yuxarı Gövhərağa məscidini ermənilərlə birgə “fars məscidi” adı altında “təmir etmək” kimi cinayətə, kəmfürsətliyə qol qoydular.

Amma bu gün nə görürük: İran rəhbərliyi yerbəyerdən “Ermənistanın sərhədləri bizi üçün qırmızı xətdir”- deyirlər. 30 il ərzində qırmızı xətt yada düşməmişdi, niyə? Bəlkə o zaman İranın qırmızı boyası bitibmiş, ya qırmızı karandaş almağa imkanı yox imiş. Sentyabrın 13-də, Ermənistan Azərbaycana qarşı alçaq təxribatlara əl atandan iki gün sonra İran Azərbaycan və Ermənistan sərhədinə qoşun yeritməyə başladı. Xəbərə ilkin reaksiya verən “Ermənistanın Birləşmə” hərəkatının üzvü Avetik Çalabyanın “İran öz qoşunlarını Ermənistan və Azərbaycan sərhədlərinə yaxınlaşdırıb. Ona görə də narahatlığa ehtiyac yoxdur”,- qeydləri İranın kimin yanında olduğunu aydın şəkildə göstərir. Təsəvvür edin, bölgəyə Ermənistanın ordusu qədər - 45 minlik ordu yeridilir, amma bu ölkənin bir nümayəndəsi belə narahat olmur, əksinə, İran ordusuna xilaskar kimi baxırlar. 44 günlük müharibə günlərində də İran eyni cür davrandı, təhdid etdi, bəhanələr uydurdu, Azərbaycana zərbə vurmaq üçün planlar qurdu. Amma qardaş Türkiyənin arxamızda dağ kimi dayanması bir sıra məkrli planları pozdu. Ötən il də İran eyni cür davrandı, hətta bu ölkənin XİN rəhbəri Moskvaya səfər edib, Rusiyadan dəstək istədi, lakin əli ətəyindən uzun geri döndü. Özünü Prezident Ərdoğanın “Arazı ayırdılar...” bəyanatına görə nota verəcək qədər gülünc hala salan xarici işlərdən nə gözləmək olardı ki...

 

Ötən həftə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfərində İranın bostanına daş atdı, açıq şəkildə erməni-fars düşmənçiliyini tətikləməyə çalışdı. Əslində bunun qarşılığında İrandan kəskin etirazlar eşidilməli idi. Amma nə gördük? İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ürkəkcəsinə bu səfərin Cənubi Qafqaz regionunda gərginliyin və qeyri-sabitliyin artmasının heç bir region dövlətinin maraqlarına xidmət etmədiyini bildirdi.

İran XİN –in sabiq rəhbəri Cavad Zərifin Türkiyə liderinin Bakıdakı Zəfər paradında söylədiyi bayatıya reaksiyasına diqqət edək: “Ərdoğana izah etməliydilər ki, o yaman gündə dediyi şeirdə Arazdan şimaldakı torpaqların Ana vətən İrandan zorla qopardılmasından bəhs edilir. Ərdoğan başa düşmür ki, bu şeir həm də indiki Azərbaycan Respublikasının suverenliyini sual altına alır? Heç kəs bizim sevimli Azərbaycanımız haqda belə danışa bilməz!”

Qəzəbə, kin-küdurətə baxın! Amma ABŞ rəsmisinin İrəvandan İranı təhdid etməsinə təpki görmədik. Əvəzində...İran parlamenti fövqəladə iclas çağırıb, Azərbaycanın Ermənistanın son təxribatlarına tutarlı cavab verməsindən əndişələndiyini nümayiş etdirdi, erməni terrorizminə, faşizminə, separatizminə dolayı və açıq dəstək ifadə olundu. Baş örtüyünün açılmasını əxlaqsızlıq hesab edən rejim görəsən, siyasətdə əxlaq məsələsinə necə baxır? Axı, bu, heç dindən, imandan da deyil.  

Bunun ardınca İran prezidenti Rəisi Paşinyanı Nyu-Yorkda qəbul etdi, ondan Ermənistana verdiyi dəstəyə görə təşəkkür (!) aldı. Bu, necə müsəlmanlıq?! Qonşu ölkədə sənin müsəlman qardaşların, dindaşların şəhid edilir, öz torpağında, analar, bacılar gözüyaşlı, sənsə terrorçu ölkənin başçısının əlini sıxırsan, üzünə gülümsəyirsən, “qırmızı xətt”dən danışırcan! İran prezidentinin də 1918-20-ci illər xəritəsindən xəbəri var şübhəsiz, onu da bilir ki, Zəngəzur Azərbaycanın halal haqqıdır, kafir bolşevik rejimi, İranda “şurəvi” adlandırılan rejim qoparıb erməni daşnaklarına verib. Amma haqqı dilə gətirmirsə də, heç olmasa sussun, qırmızı xətdən danışmasın...Qırmızı xətt 1813 və 1828-ci illərdə pozulub, bunu da unutmasın!

Cənub qonşumuzun rəsmilərinin düşmənçiliyi davam edir. Budur, Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları komandanı Məhəmməd Əhmədi mediaya verdiyi açıqlamada əyalətin Azərbaycan Respublikası ilə sərhəd bölgəsi Xudafərində iki nəfərin saxlanıldığı, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü iddia edib. O, ölkə daxilində təxribat törətmək istədiklərini iddia etdiyi iki nəfərin kimliyi barədə açıqlama verməyib, lakin onların sərhəd zolağında saxlanıldıqlarını deyib. Diqqət edin, terrorçu ölkə ilə əməkdaşlıq edirlər, hətta lazım gələrsə, Ermənistana ordu yeritmək həvəsindədirlər, amma Azərbaycanla sərhəddə “təxribatçı” tuturlar.

 

Azərbaycan sərhədçiləri hər il dəfələrlə İrandan ölkəmizin sərhədlərini pozan silahlılarla, narkotika alverçiləri ilə üz-üzə gəlir, itkilər veririk, narkotika ixrac edən İran gənclərimizi zəhərləyir. Amma Azərbaycan dövləti bütün bu faktlara kriminal hadisə mövqeyindən yanaşır, İranı düşmən elan etmir.  

Özü də bu iddialar nə zaman yayılır: İran və Azərbaycan İran ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirən yeni tranzit dəhlizinin yaradılmasının, Araz çayı üzərində avtomobil körpüsünün tikintisinin təməlinin qoyulmasından sonra! İranın nəqliyyat naziri Rüstəm Qasimi və Azərbaycanın baş naziri Şahin Mustafayev Araz üzərindəki körpüdə tikinti işlərinin başlanmasına həsr olunmuş virtual iclasda iştirak ediblər, ardınca iranlı komandan Azərbaycana qara yaxmağa başlayır...Azərbaycan bütün olub-keçənlərə rəğmən, İrana körpü atır, sözün bütün mənalarında. Araz çayı üzərindən keçməklə Azərbaycanın işğal altındakı ərazilərinin yağmalanması, Ermənistanla birgə layihələrin həyata keçirilməsi, İran TIR-larının Xankəndiyə yanacaq daşıması kimi faktları geridə buraxaraq deyir ki, arada körpü olsun, normal münasibətlər quraq. Fars şovinistləri, ermənilərin menyusu ilə davrananlar isə aranı qarışdırırlar...

İran odla oynayır. Ona  görə yox ki, günün birində Azərbaycan üzləşdiyi haqsızlıqların qarşılığında İrana sarsıdıcı zərbələr endirməyə hazır olan ölkələrə “yaşıl işıq” yandıra bilər. Yox, Azərbaycan o əxlaqın sahibi deyil, əxlaqlı siyasətin icraçısıdır, kişi dövlətdir! İran adlanan ölkədə on milyonlarla dilində “Azərbaycan” olan qan qardaşlarımız var və bu gün onların bir çoxu ayaqdadırlar, haqlarını istəyirlər.

Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov ötən ay Şuşada TV Musavat-a, elə bu sətirlərin müəllifinə müsahibəsində İrandakı soydaşlarımızın sayı barədə  açıqlama vermişdi. Bir daha xatırladaq: “2007-2008-ci ildə İranda əhalinin siyahıya alınması prosesi başa çatmışdı. Həmin dövrdə Azərbaycan Respublikasının rabitə naziri Əli Abbasov İrana səfər etmişdi. O zaman Əli müəllim digər rəsmilərlə bərabər, İran prezidentinin birinci müavini, əslən Tiflis azərbaycanlısı olan doktor Pərviz Davudi ilə də görüşü oldu. Davudi görüş zamanı dedi ki, bu yaxınlarda İranda əhalinin siyahıya alınması prosesi başa çatıb və məlum oldu ki, İran əhalisinin yüzdə 52-si, yəni 52 faiz Azərbaycan türkləridir. O səfərdən 3 ay sonra Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhal Abdullayev İrana gəldi. İranın ən yüksək dövlət qurumu olan İslam Respublikası Nizamın Faydasını Məsləhət Şurasına sədrlik edən Ayətullah Şahrudi ilə görüşdü. Şahrudi Azərbaycan-İran münasibətləri barədə bəzi fikirlər söylədi. Sonra isə dedi ki, İranda əhalinin siyahıya alınması prosesi başa çatıb və İran əhalinin 52 faizi, yəni yüzdə əlli ikisi Azərbaycan türkləridir”. O dövrdə İran əhalisinin 70 milyon olduğunu nəzərə alsaq, söhbət azı 37-39 milyonluq Azərbaycan türklərindən gedirdi. Bu gün Güneydəki sayımız 40 milyonu keçib! Təkcə inqilab beşiyi Təbriz əhalisinin sayı milyonu aşan şəhərdir! Bir gün Güney ayağa qalxsa...Azərbaycan normal qonşuluq naminə Güney türklərinin təbii haqlarının pozulmasına belə, hələlik sərt reaksiya vermir, zamanla məsələlərin həllinə ümid edir. İransa bunun qarşılığında Zəngəzurdan “qırmızı xətt” çəkir.

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla Nyu-Yorkda görüşündə yəqin ki, vacib nüansları həmkarının diqqətinə çatdırıb. İran rəhbərliyi, burdakı hər rəsmi, qeyri-rəsmi şəxs anlamalıdır ki, Azərbaycanla kimsə hədə, təhdid dilində danışa bilməz! Uşaq qatillərinə görə müsəlman qonşusu ilə ədavətin sonu yaxşı olmayacaq. Uduzan İran olacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR