İnsanlara hürriyət, millətlərə istiqlal!

“Allah bunu götürməz, bu insanlar Allahdan qorxmurlar?”

5256 07.02.2014 08:30 Müsahibə A A

İnsan haqları müdafiəçisi Novell Cəfəroğlu “Yeni Müsavat”a geniş müsahibə verib. Müsahibənin ikinci hissəsini təqdim edirik


- Göstəriş Kremldən gəlmişdi?

- Bəli. Mikoyan hadisədən xəbər tutan kimi Mircəfər Bağırova zəng edib ki, bu nədir, erməniləri öz yer-yurdundan niyə köçürürsüz, kim verib bu göstərişi, niyə Kremldən icazəsiz belə bir iş görmüsüz? Mənim bir əmim də Naxçıvanın ticarət naziri idi. Erməniləri köçürəndə onun da nazirliyindəki vəsaitin bir hissəsini götürüblərmiş. Bağırov göstəriş vermişdi ki, 1 saatın içində bizim ailəmizi, əmimin ailəsini, bir də Avak Qriqoryanın ailəsini Naxçıvandan çıxarıb göndərin Bakıya. Hələ getməmişdən Naxçıvan Partiya Komitəsində atam üçün məhkəmə qurdular. Dövlət siyasətinə qarşı çıxdığı üçün ona daha nələr deməmişdilər... Nə isə, üç ailəyə bir vaqon ayırdılar. Vaqonun o başında da, bu başında da milislər dayanmışdı, konvoyla gətirdilər bizi Bakıya.

- Bu bir sürgün idimi?


- Əlbəttə ki... Sonra neçə illər biz Naxçıvana qayıda bilmədik. O birilərin Bakıda evi yox idi, bizim var idi. Vaqondan düşürüb hamımızı bizim evimizə gətirdilər. Nənəm də bizimlə idi. Hamının gözü qalmışdı bir-birinin üzündə ki nə olacaq. Demək, neçə gün dalbadal bu üç nəfəri çağırdılar Mərkəzi Komitəyə. Onlar gələnə qədər bizimkilər o dünyanı görüb gəlirdilər. Bircə nənəm onların tutulacağına inanmırdı. Bir istixarə Quranı vardı, açırdı baxırdı, deyirdi ki, yolları açıqdır, qayıdacaqlar. Anam da deyirdi ki, hara qayıdırlar, əlli-ayaqlı gedəcəklər. Bir gün də Bağırov özü atamgili çağırıb soruşmuşdu ki, bu nə məsələdir, sizə görə respublikanın adı batıb, Stalin məni söyür, Mərkəzi Komitədə ermənilər aləmi dağıdır. Atam da hadisəni başdan-ayağa danışıb ki, biz ermənilərə təklif etdik, onlar da sevinə-sevinə qəbul elədilər, özləri Naxçıvan Partiya Komitəsinə ərizə yazıb köçülmələrinə yardım göstərilməsini xahiş elədilər. Heç kimi zorla məcbur eləməmişik ki... Onlar ərizə yazıblar, dövlətdən yardım istəyiblər, neçə illərdir Naxçıvan üçün işləyiblər, bəs biz onlara necə pul ayırmayaydıq? Biz də həmin ərizələr əsasında pul ayırdıq, işçilər verdik, evini satmaq istəyənlərə kömək eləmişik, həm də bu köçürülmə ilə bağlı bütün sənədləri ikinci katib Qriqoryan özü imzalayıb, bizim heç birimizin orada imzası yoxdur. Bağırov bunu eşidəndə inanmayıb. Atam da həmin sənədi Bakıya gətirmişdi,  deyib, buyurun, yoldaş Bağırov. Atamın dediklərini Qriqoryan da təsdiq etmişdi. Bundan sonra məsələ bir az sakitləşdi. Ancaq Bağırov üçünü də partiyadan qovmaqla hədələmişdi.

- Qovdumu?

- Üçünü də işdən çıxardı, ancaq partiyada saxladı. Hələ o söhbət bitməyib. Demək, həmin gün Bağırov Qriqoryanla əmimi otağından çıxarıb atama demişdi ki, danış görüm, erməniləri çıxarmaq ağlına haradan gəldi? Atam Salyana getməklərini yada salıb, deyib ki, mən o köçü görəndə başa düşdüm ki, artıq növbə Naxçıvanındır. Bunlar bizi Naxçıvandan qovmaq planı hazırlayırlar. Çünki deportasiyanın xəritəsinə baxanda görürdüm - artıq gəlib Naxçıvana çatıblar. Bağırov xeyli susub, sonra götürüb Stalinə zəng edib. Deyib, yoldaş Stalin, ermənilər Naxçıvandan öz ərizələri ilə gediblər, Cəfərov mənim büdcəmdən onlara yardım üçün pul ayırıb. Mən onu işdən də qovuram, partiyadan da. Stanlin cavab verib ki, niyə qovursan, ermənilər öz xahişləri ilə gediblərsə, onluq bir məsələ yoxdur. Beləliklə, Bağırov Stalindən söz alandan sonra atamı partiyada saxladı. Yoxsa Mikoyan bu məsələni çox uzadacaqdı.

“Elçibəy 1969-cu ildə bizə deyəndə ki, sovet imperiyası  dağılacaq, mən ağladım”


- Bağırovla atanızın belə yaxşı münasibətləri haradan yaranmışdı?

- Müharibə dövründə. Mikoyan Stalinə deyib ki, Türkiyə ilə Almaniya saziş bağlayıb, Bakını alacaqlar, müdafiəni gücləndirmək lazımdır. Onda da atam komsomolda işləyirdi. Bağırova tapşırıq verilib ki, 3 min süvari topla, cəbhəyə göndər. Bu işi Mircəfər atama tapşırıb. Atam da kənd-kənd düşüb həmin 3 min nəfərlik süvari alayı toplayıb. Bağırovun ona etimadı bu hadisədən sonra yaranıb. SSRİ savaşı uddu, ancaq dəhşətlisi o oldu ki,  3 min nəfərdən biri də cəbhədən qayıtmadı. Bu, atama çox pis təsir eləmişdi. Onların adları atamda qalırdı.


- Bağırov atanızı, sadəcə, Bakıda saxladı, yoxsa iş də verdir?

- Atamı konyak zavodunun müdiri qoydular. Atam həmişə gülürdü ki, mən hara, spirt zavodu hara? Orada bir müddət işləyəndən sonra Bağırov onu yenidən raykom katibi təyin elədi. Bağırov tutulanda onun üzünə durmayan yeganə adam atam idi. Deyirdi ki, mən bilirəm o çox pis işlər görürdü, ancaq o, millət üçün bacardığını elədi. Çox çətin dövrlər idi. O dövrü heç bir zamanla müqayisə etmək mümkün deyildi. Təsəvvür edin, Kremldən tapşırıqlar gəlir və siz onları sorğusuz-sualsız yerinə yetirməlisiniz. Ancaq atam həmişə deyirdi ki, Mircəfər bacardığı qədər Azərbaycanı qorudu. Bu prinsip mənim üçün də həmişə önəmlidir. Ən vacibi Azərbaycanı qorumaqdı.

- Siz bayaq Məhəmməd Əmin Rəsulzadənin vəfatını yada saldınız. Heç o zamankı kişilər xəyal edirdilərmi ki, gün gələcək. Azərbaycan müstəqil olacaq? 


- İnanmıram. Elçibəy 1969-cu ildə bizə deyəndə ki, sovet imperiyası  dağılacaq, mən ağladım. Onlar mənim yoldaşımla söhbət edirdilər, mən bu sözü eşitdim. Ağladım ki, necə yəni bizim ölkəmiz dağılacaq? Mən bunu qətiyyən istəmirdim. SSRİ-də dəyişikliklər olmasını, insanlara daha geniş azadlıqlar verilməsini istəyirdik, ancaq onun dağılmasını təsəvvür eləmirdik. Mən Moskvada təhsil alanda biz bütün dissident ədəbiyyatını - Soljenitsını, Saxarovu, Yevtuşenkonu oxuyurduq. Saxarovun Güney Azərbaycanla bağlı danışmasını Əbülfəz bəyə mən demişdim. Saxarov yazırdı ki, İranın şimalında 18 milyon azərbaycanlıya öz ana dilində danışmaq yasaq edilib. Biz o insanlardan, o faktlardan istifadə eləməyi bacarmırıq. Qarabağ məsələsində biz Saxarovdan istifadə edə bilərdik, çünki o, məsələnin mahiyyətini çox gözəl təsəvvür edirdi. Ancaq o, Yelena Bonner ilə gələndə Azərbaycanda onları söydük, qovduq. Bugünlərdə  telekanallardan birində Lütfi-Zadəni göstərirdilər. O şəxs erməninin, yəhudinin əlində olsaydı, ondan bilirsizmi necə istifadə edərdilər? Bütün dünya sənayesi onun nəzəriyyəsi əsasında işləyir. Dünyaca məşhur riyaziyyatçılar - Əlixanyan qardaşları Ordubadın Aza kəndindəndirlər, şahmatçı Harri Kasparov Bakıda doğulub, bəstəkar Mikael Tariverdiyev Naxçıvanda. Bu şəxslərin hamısını Azərbaycan yetişdirib. Niyə biz bu haqda susuruq?

- Gürcüstan hökuməti siz deyən siyasəti yürüdür. Onların siyasətçilərinin dilindən “bizim osetin qardaşlarımız”, “bizim abxaz qardaşlarımız” sözləri əskik olmur.

- Biz ermənilərlə bağlı siyasətimizi əvvəlcədən düzgün qura bilmədik. Bu məsələni ancaq düşmənçiliyə köklənib həll etmək olmayacaq. Bu gün Azərbaycan niyə Lütvi-Zadəyə yubiley keçirmir, ona Heydər Əliyev ordeni vermir? Amerikada düzənlənən ziyafətlərdə onu yuxarı başda oturtmaq, demək lazımdı ki, bu insan Azərbaycan torpağının yetirməsidir, bizim ortaq dəyərimizdir. Azərbaycanı dünyaya bu şəxsiyyətlərlə bağlamaq olar. Mən hətta düşünürəm ki, Türkiyəni ayağa qaldıran 17 dekabr əməliyyatında həbs edilən Rza Zərraba, təbrizli milyarder Babək Zəncaniyə də sahib çıxmalıyıq. Onun hansısa qanunsuz işi görüb-görməməsini məhkəmə müəyyən edəcək. Bütün problem İrana embarqo tətbiq edilməsindədir. Onlar türkdürlər, Təbrizdəndilər, demək bizdəndilər. Rza hətta Bakıda doğulub.

II HAŞİYƏ: “Azərbaycan niyə Lütvi Zadəyə yubiley keçirmir, ona Heydər Əliyev ordeni vermir?”


- Axı onun Təbrizdə doğulduğu, sənədlərini saxtalaşdığı bəlli oldu. Siz əminsiz ki, o, Bakıda doğulub?

- Biz araşdırma apardıq və öyrəndik ki, Rza Bakıda doğulub. Biz həmişə düşünməliyik ki, onlar bizimkilərdir. Şəxsən mənim üçün haqqı tapdanan soydaşımın siyasi mənsubiyyətinin, hansı məsləyin sahibi olmasının heç bir fərqi yoxdur. Onda biz gərək Elçibəy hakimiyyətini devirən komandada çalışan Əli İnsanovu, Fərhad Əliyevi müdafiə etməyəydik. Ancaq  biz onların ən qatı müdafiəçilərindən biriyik. Əli İnsanovun məsələsini 2 gün qabaq döndüyümüz Strasburq səfərində bir daha Avropa Şurası rəsmiləri ilə müzakirə etmişik, fikirlərimizi çatdırmışıq, demişik ki, bu insan qərəzli münasibətin qurbanıdır.

- Avropa Şurasında Əli İnsanovun şüşə qəfəsdə saxlanmasına münasibət necə oldu?

- Əlbəttə çox pis. Bu metoddan 30 min insanı qətlə yetirən terrorçubaşı Abdulla Öcalana qarşı istifadə ediblər. Biz bu məsələni Strasburqda eşitdik və bütün rəsmilərə bu haqda danışdıq. Mənə bir insan kimi ona plan münasibət çox ağır gəlir. Əli İnsanov Əliyevlər ailəsinə çox yaxşılıqlar eləyib, onların yolunda çox fədakarlıqlara gedib. Heydər Əliyevlə İnsanov çox yaxın dost idilər. Allah bunu götürməz, bu insanlar Allahdan qorxmurlar? Siyasi məhbuslar bütün hakimiyyətlərin dönəmində olub və  düşünürəm ki, hələ olacaq. Biz tez-tez Türkiyəni nümunə gətiririk. Ancaq baxın orada nə qədər general, nə qədər qəzetçi, yazar, hətta millət vəkili həbsdədir.

- Sizcə, bu problemi həll eləmək üçün nədən başlamaq lazımdı? 

- Məhkəmələrdən. Əgər məhkəmələr sifarişli qərar verməsələr, belə bir problem olmaz. Bizə minlərlə müraciətlər var. Azərbaycan məhkəmələrində elə bərbad durum yaranıb ki, bilmirsən həmin hakimə nə deyəsən, baş verənlərə necə reaksiya verəsən. Mən hələ siyasi qərarlarla həbs edilənlərdən danışmıram. Bu ölkənin məhkəmələrində mülki işlərlə bağlı nə qədər absurd qərarlar var. Yaxşı, siyasi məhbusları anladıq, bəs bu ev bölgüləri, mülk davaları ilə bağlı bu qədər qanunsuz qərarları niyə qəbul edirlər. Azərbaycanın Avropa Şurası qarşısında ədalətli məhkəmə öhdəliyi var. Təsəvvür eləyin, AXCP-nin üzvü Cabbar Savalanlı ali məktəbdə pulsuz bölmədə əyani oxuyurdu, təqaüd də alırdı. Hərbi xidmətə gedib qayıdandan sonra onu pullu bölməyə qəbul eləyiblər. Bu boyda qanunsuzluq olar? Təhsilini buraxıb Vətəni qorumağa gedən gəncə normal dövlət belə münasibət göstərər?
- Novella xanım, siyasi məhbus siyahısındakı uyğunsuzluqlar hələ də qalır. Bu məsələ ilə bağlı müzakirələr aparılırmı?

(ardı var)

Aygün MURADXANLI

“Heç yadımdan çıxmaz...” - Novella Cəfəroğlu xatirələrini bölüşür  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir233/img1542152.JPG' target='_blank'>Yüklə</a>

“Heç yadımdan çıxmaz...” - Novella Cəfəroğlu xatirələrini bölüşür  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir233/img1542153.JPG' target='_blank'>Yüklə</a>

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR