İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heç yadımdan çıxmaz...” - Novella Cəfəroğlu xatirələrini bölüşür

4592 06.02.2014 08:41 Müsahibə A A

Qara, parlaq gözlü bu xanımın emosional danışığını, baş verənlərə kəsə, kəskin reaksiyasını necə unutmaq olar? Onu hər zaman öndə gördüm - Əbülfəz Elçibəy prezident seçiləndə də, hakimiyyətdən gedəndə də, AXC-nin ağır günlərində də, müxalifətin mitinqlərində də, həbs olunanlarımızın müdafiəsində də, Müsavat Partiyasında da. Xalq Cəbhəsinin binasının önünə şəhid tabutları gətiriləndə göz yaşlarından boğulduğunu da görmüşəm, şad günlərdə şux zarafatlar edib ürəkdən güldüyünü də. Soyadını dəyişib “Cəfəroğlu” kimi rəsmiləşdirəndə çoxları ona “sən elə əsl oğulsan” deyirdi. Bir neçə gün öncə modern.az saytı onunla şəkilli söhbət etmişdi. Baş redaktorumuz Rauf Arifoğlundan  o şəkillərdən yola çıxıb Novella Cəfəroğlundan yaddaşlarda qalası bir müsahibə tapşırığı alanda sevindim. Çünki dopdolu bir həyat yaşayan, yaşı irəliləsə də “od parçası” statusunu heç kimə vermək niyyətində olmayan Azərbaycanın çağdaş tarixinin canlı şahidlərindən birini daha yaxından tanıyacaqdım. Novella xanımla nədən danışmadıq - Mircəfər Bağırovun tapşırığı ilə ailələrinin gecə ilə Naxçıvandan Bakıya gətirilməsindən tutmuş, ermənilərin Naxçıvandan köçməsinə, Rəsulzadənin vəfatı haqda xəbər yayılmasından, dissident Aleksandr Saxarovun Güney Azərbaycan məsələsindən danışmasından Avropa Şurasında Azərbaycan danışıqlarına, Pərviz Həşimlinin həbsindən Milli Şuranın Rusiya projesi olması iddialarına, Hüseyn Abdullayevlə Avropada təsadüfi görüşdə yaşananlara, “Yeni Müsavat”a hücumlara qədər ...bir çox mətləblərdən. Söhbətin birinci hissəsini təqdim edirik.

 - Novella xanım, Naxçıvanın köklü bir ailəsində doğulmusuz. Uşaqlığınızın ən parlaq xatirələri nədir?

- Mənim bir tərəfim Bəktaşilərdən, bir tərəfim Səfəvilərdəndi. Babam Mirzalı bəy Bəktaşın Azərbaycanın böyük fikir adamı Cəlil Məmmədquluzadə ilə çox yaxın münasibətləri olub. “Molla Nəsrəddin” jurnalının çap edilməsi üçün Naxçıvanda pul toplayıb Bakıya göndərənlərdən biri mənim Mirzalı babam olub. Nənəm danışır ki, Mirzə Ələkbər Sabir xəstə olanda Mirzə Cəlil Naxçıvanın imkanlı adamlarından onun müalicəsi üçün vəsait toplamağı babamdan xahiş edib. Hörmətli kişilərdən olduğu üçün onun sözünü yerə salmırlarmış. Dayım Rauf Bektaşi Naxçıvanın ilk elmlər namizədi idi, o biri dayım qəzetçi olub, Naxçıvanda qəzet redaktoru idi. Azərbaycanın sayılıb-seçilən professorları içərisində mənim ana tərəfimdən qohumlarım olan neçə-neçə Bektaşilər var. Babam Mirzalı bəyin qardaşı Şeyx Cabbar, anamın dayısı Şeyx Kərim Naxçıvanın qazılarından idi. Bu nəsildən görkəmli din xadimləri çıxıb. Özü də o şəxslər mövhumatçı yox, əsl din xadimləri idilər. Gözümüzü açandan heç kimin haqqını tapdalamamaq, ədalətli olmaq haqqında İslamın tələblərini, Məhəmməd Peyğəmbərin (salavat çevirir - A.M.) hədislərini eşitmişik. Naxçıvanda mənim babalarımın tikdirdiyi məscid bu gün də qalır. Atam tərəf də ziyalı nəsil idi. Sovet dönəmində təqiblərdən yaxa qurtarmaq üçün soyadlarını Cəfərov eləmişdilər. O nəsil də nə qədər müəllimlər, ziyalılar yetişdirib. Bax, mən belə bir mühitdə doğulmuşam. Bir məsələni də istəyirəm deyim. Köhnə nəslin ziyalıları tam fərqli idilər - bütün təqiblərə, məhrumiyyətlərə baxmayaraq onlarda milli təəssübkeşlik, köklərə bağlılıq çox yüksək səviyyədə idi. Müstəqil fikirlilik, azadlıq ideyalarını mən ailəmdən almışam.

Mirzə Ələkbər Sabir xəstə olanda Mirzə Cəlil Naxçıvanın imkanlı adamlarından onun müalicəsi üçün vəsait toplamağı babamdan xahiş edib”


- Yəqin ki, kiçik yaşlarınızda evinizdə gedən söhbətləri xatırlayırsınız. Nədən danışırdılar?


- Daha çox elmdən, dindən, ədəbiyyatdan danışırdılar. Naxçıvanlıların çoxu elmə meylli insanlardır. Bizim böyüklərimiz də həmişə deyərdilər ki, insan ancaq elmlə yüksələ bilər. Bu, həm də bizim dinimizin tələbidir.

- Sizin ailədə qadın azadlığına necə baxırdılar?


- Naxçıvanda bütün qadınlar örpək, çadra bağlayırdı, bu gün də kəndlərə getsək, görəcəksiniz ki, müəllimələr də başını yaylıqla bağlayır. Ancaq bu məcburiyyət, kiməsə təzyiq formasında edilmirdi. Bu, qadın geyiminin bir elementi idi və heç zaman müzakirə də edilmirdi. Sadəcə bütün qadınlar bəlli bir yaşdan sonra başlarını örtürdü. Yəni mən 4-5 yaşında uşağa zorla hicab bağlamaq məsələsinə rast gəlməmişəm. Anam deyirdi ki, hicab ayıb yerləri örtmək deməkdir. Yəni o zaman dinə ancaq qadağalar tələb edən bir məsələ kimi baxılmırdı. Məncə, Bakı və digər bölgələrdəki dini durumla Naxçıvandakı dini durumun fərqi də din alimlərinin mövhumatçılığa yox, elmə meylli olmalarında idi.

- ...Və siz kiçik yaşlarınızda belə bir Şərq mühitindən Moskvaya getməli oldunuz.



“Atam deyirdi ki, günəş Novellanın başında doğur, ayağında batır”


- Atam Moskvada Ali Partiya Məktəbində oxuyurdu. Orada Azərbaycandan xeyli ailələr var idi. Hamısı da universiteti bitirən ziyalılar idi. O zaman Stalinin vaxtı idi, SSRİ müharibədən təzə çıxmışdı. Yəni çox ağır dönəmlər idi. Ancaq bütün çətinliklərə baxmayaraq həmin illər yaddaşımda maraqlı xatirələrlə qalıb. Çoxunu heç aydın xatırlamıram. Ancaq yadıma gəlir ki, orada bütün sovet respublikalarından gələn insanlara etiket qaydaları ilə bağlı təlimlər keçirdilər - hansı boşqab, hansı qaşıq nə üçündür, danışarkən hansı qaydalara əməl olunmalıdır, geyim tərzi necə olmalıdır.

- Yəni kəndlərdən gələn insanlardan nümunəvi sovet tipi düzəldirdilər.


“Mircəfər Bağırov atamı təcili Bakıya çağırtdırdı; bilirdik ki, buna görə atamı tutacaqlar”



- Hə. Çoxlarının şəhər həyatı ilə tanışlığı çox səthi idi. Sonra hər həftə ailəcə klassik musiqi konsertlərinə gedirdik. 5-6 yaşımda Moskvanın Böyük Teatrında valideynlərimlə tamaşalara gedirdik. O da yadıma gəlir ki, müsəlman respublikalarından gələnlər eyni qrupda idi. Ailələrimiz bir yerdə çox vaxt keçirirdik. Heç yadımdan çıxmaz, Moskvada Azərbaycan mədəniyyət günləri keçirilirdi. 47-48-ci illər idi, deyəsən. Atam bilet tapmışdı, Azərbaycandan olan bir neçə ailə Böyük Teatrda lojada oturmuşduq. Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova “Qarabağ şikəstəsi” oxuyanda kişilərin göz yaşlarını gördüm. O səhnəni heç cür yaddan çıxarda bilmirəm. Onda Qarabağ da bizdə idi, heç bir münaqişə yox idi, ancaq insanlar öz vətənləri ilə bağlı qürbətdə necə duyğulanmışdılar...

- Siz həmişə atanız haqqında böyük dostunuz kimi danışırsınız. Heç düşünmüsünüzmü atanız niyə məhz sizinlə dost idi?


- Hə, biz dost idik. Mənim bacılarım, qardaşlarım da var idi, ancaq atamın həmsöhbəti mən idim. Səbəbini bilmirəm. Məsələn, mən anamdan çəkinirdim, sirrim-sözüm atamla idi. Anam qardaşımı çox istəyirdi. Atam deyirdi ki, günəş Novellanın başında doğur, ayağında batır. Bir adam bizim nəsildə mənə söz deyə bilməzdi. (gülür) Çox azad böyümüşəm.

- Siz o qədər müdafiə olundunuz ki, axırda hüquq müdafiəçisi oldunuz...

- Atam mənə azadlıq verirdi. Ancaq onun sözü də mənim üçün əsas idi. Bir də görürdün, rəfiqələrimdən birinin ad gününə hazırlaşırdım, atam deyirdi ki, rayondan gəlmişəm, istəyirəm  səninlə oturub bir az söhbət edək, getmə də... Baxmayaraq ki, çox getmək istəyirdim həmin məclisə, atamın xətrinə getmirdim. Atam çox maraqlı insan idi. Səidə Qocamanlının atası ilə dost idilər.

- Rəhmətlik Məmməd Əkbərlə.


- Bəli. Mənim dayım Kamil Bektaşı, Məmməd Əkbər və atam bir çevrə idilər. Bir epizod da yadımda çox parlaq qalıb. 13-14 yaşım var idi, bu “üçlük” bizə gəldilər və Məmməd Əkbər dedi ki, “kişi öldü, gəlin vuraq, ağlayaq”. Mən bu sözün kimin haqqında deyildiyini bilmədim. Sonra anam dedi ki, Məhəmməd Əmin Rəsulzadə vəfat edib. Onda Məhəmməd Əmin bəyin adını belə çəkmək olmazdı. Bircə onu eşitdim ki, atam deyir - heç narahat olmayın, davamçıları var. Partiya işçiləri idilər, çox ağır bir rejimdə yaşayırdılar ancaq biləydin, onlar Türkiyəyə, türk kimliyinə necə bağlı idilər.

- Hardan xəbər tutmuşdular Rəsulzadənin vəfatından?

- Bizim balaca bir “Baltika” radiomuz var idi, orada Türkiyə radiosunu dinləyirdilər. O dalğaları vururdular, xırıltılı bir səs gəlirdi. Ancaq ona da qulaq asırdılar. Evimizdən həmişə türk musiqisinin səsi gəlirdi. Mustafa Kamal Atatürklə mənim anamın dayısı Şeyx Kərim yaxın dost idilər. Onlar məktublaşırdılar. Sovet hökuməti qurulanda Atatürkün Leninə münasibəti müsbət idi. Şeyx Kərimə məktublarından birində yazır ki, Lenini bəyəndim - kasıbların dərdinə qalır. Ancaq 2-3 il sonra yazdığı məktublarda Atatürk Lenini çox ağır dillə tənqid edir.

Mustafa Kamal Atatürklə mənim anamın dayısı Şeyx Kərim yaxın dost idilər; onlar məktublaşırdılar”


-O məktublar qalırmı?

- Bəli. Şeyx Kərimin nəvələri onu böyük ailə yadigarı kimi saxlayır.

- Heç evinizdə milli söhbətlər olurdu?


- Nə danışırsan. O söhbətləri açan adamları dərhal həbs edərdilər. Ancaq bu o demək deyil ki, o kişilər millətləri üçün heç nə etmirdilər. Əksinə, onlar çox işlər görürdülər. Bir əhvalat danışım. Demək, atam Naxçıvan Komsomol Komitəsinin katibi işlədiyi illərdə Ermənistandan azərbaycanlıları bir daha deportasiya elədilər. Bağırov o zaman atamı çağırıb demişdi ki, Salyanda Ermənistandan köçürülənlərə yardım eləsin. Atam danışırdı ki, Salyana gedəndə o şəxslərin xeyli hissəsinin öldüyünü görüb. Yarısı yolda xəstələnib, bir hissəsi iqlim şərtlərinə dözə bilməyib... nə isə, çox böyük faciə yaşanıb. Atam danışırdı ki, o zaman düşündüm ki, bu ermənilər Naxçıvanı da Azərbaycandan almaq istəyəcəklər. O zaman da Naxçıvanda xeyli erməni yaşayırdı. Ordubadın neçə erməni kəndi var idi. Atam Naxçıvana qayıdanda bir neçə nəfərlə yığışıb belə qərara gəliblər ki, ermənilər arasında onların Ermənistana köçmələri üçün təbliğat aparsınlar. Deyir, ermənilərlə görüşdük, onlara dedik ki, nə qədər azərbaycanlı gəlib Ermənistandan, onların İrəvandan tutmuş, neçə şəhərdə evləri boş qalıb. Onsuz da övladlarınız oxumaq üçün Ermənistana gedir, gedin, qışı orda yaşayın, yayı da gəlin Naxçıvanda evinizdə dincəlin. Sovet vaxtında da Naxçıvanda İcraiyyə Komitəsinin ikinci katibi mütləq erməni olurdu. Atam gedib o erməni katibə - Avak Qriqoryana deyib ki, belə bir məsələ var, biz maşın da veririk, köçmək məsələlərinə pul da ayırırıq nə deyirsiz? Qriqoryan təklifi bəyənib. Atam ona deyib ki, onda pul ayrılması məsələsinə sən qol çək, o da çəkib. Beləliklə, Naxçıvanda yaşayan ermənilərin düz 70 faizi Ermənistana köçürüldü. O hadisə həm Naxçıvanın həyatını dəyişdi, həm də bizim ailəmizin. Mircəfər Bağırov atamı təcili Bakıya çağırtdırdı. Bilirdik ki, buna görə atamı tutacaqlar.

- Göstəriş Kremldən gəlmişdi?

(ardı var)

Aygün MURADXANLI

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR