İnsanlara hürriyət, millətlərə istiqlal!

AĞA LAÇINLININ OĞLU “VARİS”də

1939 16.05.2012 09:27 Ölkə A A

Azər Qaraçənli desəm, əlavə təqdimata ehtiyac olmaz yəqin ki. Medianın tanınmış siması, mediaforum.az saytının baş redaktoru, eyni zamanda şair və pedaqoq Ağa Laçınlının kiçik oğlu. Tanıdığım media adamları arasında atasının təbliğatına xüsusi həssaslıqla yanaşan, yazılarında tez-tez onu xatırladan qələm dostumuz. Elə söhbət zamanı bu təbliğat məsələsinə də toxunacağıq.
Atasının yeni kitabının təqdimatı ilə bağlı qaçaqaçda olduğu günlərdən birində, vaxtından bir saat oğurlayıb, “varislik” həyatını sorğuya çəkdik. Səmimi etiraflarla qarşılaşdıq...

- Əslində sizin kimi tanınmış varis müsahiblərim olanda bir az da ehtiyatlı davranıram. Çünki onlar bir növ varis kateqoriyasından çıxmış sayılırlar. Sizin üçün vəziyyət necədir? Ağa Laçınlının oğlu kimi təqdim edilmək daha xoşdur, yoxsa Azər Qaraçənli kimi?

- Mənim üçün hər ikisi xoşdur. Eyni zamanda hər iki təqdimat doğrudur. Ona görə də burada ehtiyatlanmağa qətiyyən ehtiyac yoxdur. Atamın tay-tuşlarına, dostlarına, eləcə də müəllim, qələm dostlarına, başqa yaşlı adamlara özümü Ağanın və ya Ağa Laçınlının oğlu kimi təqdim edirəm. Öz dostlarım, tay-tuşlarım məni Azər, jurnalist həmkarlarım Azər Qaraçənli kimi tanıyır. Atamı Əliqəmə kişinin oğlu, Mirzə Əlinin nəvəsi, məni Əliqəmə kişinin nəvəsi, Mirzə Əlinin nəticəsi kimi tanıyanlar da var. Bu baxımdan nəinki mən, heç atam da varis kateqoriyasından çıxmayıb. Mən Azər Qaraçənliyəm, Ağa Laçınlının oğluyam, Ağa Laçınlı Əliqəmə kişinin oğludur, Əliqəmə kişi Mirzə Əlinin oğludur. Mirzə Əli Kərbəlayi İbrahimin, Kərbəlayi İbrahim İlyasın oğludur. İlyas Şahverənin oğludur, Şahverən İlyasın oğludur. Bizim nəsildə İlyas adının təkrarlanması təsadüfi deyil, bizim nəsil İlyaslar adlanır, çünki bu nəslin bünövrəsini qoyan kişinin adı İlyas olub. Mən İlyaslar nəslinin Laçın rayonunun Oğuldərə kəndindən olan törəmələrindənəm. İlyaslar, bütövlükdə Oğuldərə kəndi Qaraçanlı tayfasındandır. Laçın rayonunda Qaraçanlı tayfasından olan bir neçə kənd var. Kəlbəcər rayonunun da bir neçə kəndi qaraçanlılardır. Beləliklə, mən Qaraçanlı tayfasından, Laçın rayonundan, Oğuldərə kəndindən, İlyaslardan, İlyas oğlu Şahverənin, Şahverən oğlu İlyasın budağından, Kərbəlayi İbrahim uşağından, Mirzə Əli ocağından, Əliqəmə kişinin nəvəsi, Ağa Laçınlının oğlu Azər Qaraçənliyəm. Mən sizə atamın, babamın, ulu babamın, ulu babamın atasının, babasının, ulu babamın ulu babasının adını dedim. Mən sizə ulu babamın ulu babasının atasının da adını dedim. Belə situasiyada varislikdən çıxmaq mümkün deyil.

- Siz Ağa Laçınlının yeganə varisi deyilsiz. Üç qardaşsınız nağıllardakı kimi. Amma maraqlıdır ki, hərəniz bir soyadla təqdim olunursuz. Uğurlu, Qorçu, Qaraçənli... Heç biriniz Laçınlı deyilsiz. Nədir bu? Fərqlənmək, seçilmək arzusu, yoxsa Laçınlı soyadının ağır məsuliyyəti?

- Bu, sözsüz ki, fərqlənmək, seçilmək arzusundan irəli gəlir. Ləqəb götürmək ad qazanmağa cəhd etmək deməkdir. Qədim dövrlərdə o adı qazanmayana qədər insan adsız qalırmış. İndi bu ənənə dəyişib, insana doğulan kimi ad verirlər. Ancaq insanın ad qazanmaq istəyi dəyişməyib. Bu istək özünü müxtəlif formalarda göstərir. İnsanın özünə təxəllüs götürməsi də həmin formalardan biridir.

- Heç atanız “a bala, biriniz mənim imzamı götürün” demədimi sizə?

- Yox, bunu heç vaxt deməyib. Ancaq bir məsələ var. Mən öz təxəllüsümdə tayfamızın adını təhrif etmişəm. Təxəllüsüm Qaraçənlidir, halbuki tayfamızın adı Qaraçanlıdır. Atam hardasa, məsələn, mənim üçün ayırdığı qovluğun üzərində adımı yazanda Azər Qaraçanlı yazardı. Qardaşım Fəxri də mənə bir neçə dəfə deyib ki, niyə Qaraçənli yazırsan, düzəlt, Qaraçanlı et. Amma mən bu səhvi düzəltmədim. Fikirləşirəm ki, daha gecdir, qoy Qaraçənli kimi də qalsın.

- Bəs qardaşların sonbeşiyi olmaq... Daha çox bunun üstünlüklərini yaşamısız, yoxsa problemlərini?

- Problemlər olan yerdə üstünlüklərini, üstünlüklər olan yerdə problemlərini. Bunu yarı zarafat desəm də, yarı ciddidir.

- Amma üç qardaşın içində atasını ən çox təbliğ edən də elə sizsiniz. İstər rəhbəri olduğunuz saytda, istər yazılarınızda, istər kitablarda. Hətta bəzən bunu fərqli dəyərləndirənlər də olur, tənqid edənlər də... Səhv etmirəmsə, “Atamın xatirəsinə, yaxud birdən quş kimi uçub getsəm” yazıları silsiləsində 30 yazınız yayımlandı. Və belə görüntü yarandı ki, Ağa Laçınlının xatirəsinə 30 yazı həsr etmisiz...

- Atam 2007-ci ilin noyabrında qəflətən vəfat etdi. Bizim dildə belə ölümə “quş uçuşu” deyirlər. Bu həm də rahat ölüm mənasını verir, insanın öləndə əziyyət çəkmədiyini bildirir. Deyirlər ki, filankəs quş kimi uçdu getdi. Yəni həmin adam qəfildən və əziyyətsiz öldü. Mənim atam da belə keçindi. Atamın həddindən çox çap olunmamış əsəri - bədii, publisistik, elmi əsərləri qalıb. O vaxt bu hadisə məni atamın ölümü qədər sarsıtdı. Baxdım ki, özümün də xeyli çap olunmamış yazım var. Mən daima fikirlərimi, hisslərimi, beynimdən keçən ideyaları özüm üçün yazıb saxlayıram, fikirləşirəm ki, gələcəkdə istifadə edərəm. Ancaq atamın ölümündən sonra düşündüm ki, yaradıcı adam bu qədər arxayın olmamalıdır, ölüm qaşla göz arasındadır. Fikirləşdim ki, günün birində mən də quş kimi uçub gedə bilərəm, onda çap olunmamış əlyazmalarım doğmalarımı zəhmətə sala bilər. Buna görə də 2008-ci ildə 1991-ci ildən yazıb çap etdirmədiyim qeydlərimi toplayıb baş redaktoru olduğum “Media forum” saytında yerləşdirməyə başladım. Hissə-hissə, 30-dan çox bölmədə dərc etdirdiyim həmin silsilənin girişində yazıb oxuculara bildirdim ki, bu qeydlər nədir və mən onları niyə işıq üzünə çıxarıram. Silsilə buna görə “Atamın xatirəsinə, yaxud birdən quş kimi uçub getsəm” adlanır. Onun girişindən, adından və üzə çıxarılmasının səbəbindən başqa heç bir hissəsi atamla bağlı deyil. Bu mənim atam haqqında xatirələrimi yox, ictimai, siyasi, fəlsəfi, bədii düşüncələrimi əks etdirən bir silsilədir.

- Yəni bunu atanızla bağlı xatirə yazıları adlandırmaq olmaz deyirsiz...

- Bəli, atam haqda xatirələrimi əks etdirən yazılarım başqadır. Həmin yazılar, sadəcə, atamın xatirəsini əks etdirsəydi, onları nostalji yazıları kimi qəbul etmək olardı. Amma o yazıların fəlsəfi, ictimai-siyasi məzmunu var. Yəni mən dünya, həyat, cəmiyyət, hətta siyasət haqda bəzi ideyalarımı, düşüncələrimi o yazılarda ifadə etmişəm. Ola bilsin, fərqli dəyərləndirmələr, tənqidlər buradan doğur. Bəlkə də sırf Ağa Laçınlının təbliğ olunmasını heç kim tənqidlə qarşılamaz. Mənim qənaətimə görə, Ağa Laçınlı Azərbaycan cəmiyyətində çox təbliğ olunmamış bir insandır. Ona görə sırf bu təbliğə yönəlmiş tənqid varsa, olduqca cüzidir, hiss olunmur. Güclü tənqid güclü təbliğat olsa olardı. Ola bilsin, yüz ildən, min ildən sonra belə tənqidlər olacaq.

- Azər bəy, maraqlıdır, qardaşların, ümumiyyətlə, övladların içində ən çox Ağa müəllimə bənzəyən kimdir? Sizi daha çox səsinizə görə ona bənzədirlər... Bəs xarakter baxımdan?

- Zahiri baxımdan götürəndə hamımız atama oxşayırıq. Ancaq atam bizim hamımızdan yaraşıqlı olub. Xaraktercə də atamıza oxşarlığımız çoxdur. Amma düşünürəm ki, xarakterdə biz ondan da yaxşıyıq. Məncə, atamın da xarakterində yaxşı cəhətlər öz ata-babasının xarakterindəki müsbət keyfiyyətlərdən çox olub. İnşallah, bizim nəslin davamçıları da bizdən üstün olarlar. Onların arasındakı kişi nümayəndələrin zahiri cəhətdən atama, xaraktercə daha çox bizə oxşamasını istərdim.

- Heç qardaşlar “sağlığında atamızı hansımız daha çox istəyib və ya daha çox incidib” tipli “mühasibat” aparırmı indi?

- Buna oxşar hallar olur. Ancaq biz daha çox atamızın həyat yolunu araşdırırıq. Yəni özümüzün ona münasibətindən çox onun bizə, insanlara, dünyaya münasibətini təhlil edirik.

- Bəs o, beş uşağını necə xarakterizə edərdi? Hər biri üçün qoyduğu bir əzizləmə ad, yazdığı bir şeir, əlyazma vardı yəqin ki...

- Bəli, atam hamımıza şeir yazıb. Başqa doğmalarına yazdığı şeirləri də var. Əzizləməyə gəlincə, bu məsələdə bəlkə də yer kürəsində atam kimi insan olmayıb. Atam heç bir əzizinin adını heç vaxt əzizləmədən çəkməzdi. Təsəvvür edirsinizmi? Mənə və qardaşlarıma əsasən “ata”, bacılarıma “anam” deyərdi - “anam Sayalı”, “anam Narıngül”. Öz anasından, Rəhimə nənəmdən danışanda mütləq “anama qurban olum” deyərdi. Mütləq. Bunu deməmiş keçməzdi. Əgər bu cümlədə “anam” deyəndə “anama qurban olum” deyirdisə, o biri cümlədə “anam” deyəndə yenə “anama qurban olum” deyərdi. O biri cümlədə “anam” deyirdisə, yenə mütləq “anama qurban olum” deyirdi. Bir dəfə də olsun mən eşitmədim ki, nənəmdən danışanda “qurban olum” deməsin. Atam nənəmdən ilyarım sonra vəfat etdi. Əliqəmə babamızdan danışanda (atam öz atasını cavanlığında itirib, biz Əliqəmə babamızı görməmişik) mütləq “can, dədə”, dünyadan köçmüş əmilərindən danışanda isə mütləq “can, əmi” deyərdi. Yenə də istisnasız olaraq hamısında. Bütün cümlələrdə. Təsəvvür edirsinizmi, min, yüz min dəfə anandan, atandan, əmilərindən danışasan və birində də “anama qurban olum”, “can, dədə”, “can, əmi” deməmiş keçməyəsən.

- Tanıyanlar üçün Ağa Laçınlı gözəl pedaqoq, yaxşı insan kimi yadda qalıb. Ata kimi onu necə xarakterizə etmək olar?

- Nigaran insan kimi. Övladları sarıdan çox nigaran idi. O, bir ata kimi bu dünyadan nigaran köçdü.

- Ən çox kimdən nigaran idi? Və niyə?

- Hamımızdan nigaran idi. O hesab edirdi ki, biz çox fağır, ürəyitəmiz, sadəlövhük və zəmanənin fırıldaqları bizə böyük ziyan vura bilər. O, bizim hiyləgərliklərdən xəbərdar olmağımızı, adamları yaxşı tanımağımızı istəyirdi. Bir nigaranlığı da dolanışığımız sarıdan idi. Digər tərəfdən, aydın məsələdir ki, torpaqlarımızın, eləcə də atamın doğulub boya-başa çatdığı Laçın rayonunun işğal altında olması onun nigaranlığını lap artırmışdı. O, ata olmasaydı da bundan hədsiz nigaran qalacaqdı. Amma ata olduğuna görə nigaranlığının heç bir hədd-hüdudu qalmamışdı.

- Qərarlarınıza hansı anlarda qarışıb? Nə zaman müdaxilə edib? Nə vaxt səssiz qalmağı tərcih edib?

- Taleyüklü məsələlərdə həmişə bizə məsləhət verib. Biz uşaqlıq, cavanlıq edib bu məsləhətlərə qulaq asmaq istəməyəndə də cəhdini dayandırmayıb, müdaxilə edib. O, bizim zamanla hər şeyi başa düşəcəyimizə inanırdı və demək olar ki, səssiz qaldığı an olmurdu.

- İnanmaq olmur ki, hər biri individ olan qardaşlar atalarının dediyi bütün məsləhətlərlə sözsüz-söhbətsiz razılaşırdılar. Yəni fikir ayrılığı, mübahisə-filan olmurdu?

- Fikir ayrılığı, mübahisə çox olurdu. Biz atamızın neçə-neçə məsləhətinə qulaq asmamışıq. Yəni atamızın dediyinə sözsüz-söhbətsiz razılaşdığımıza inanmamaqda tam haqlısınız, çünki belə razılaşma nadir hallarda olub.

- Sözü yerə düşdüyünə görə incimirdi?

- Oğullar belə günahları çox edir. Daha bundan keçib. Əlbəttə, incidiyi anlar az olmayıb. Həm də o bizim bir gün hər şeyi anlayacağımıza ümid edirdi.

- Hansı mərhələdən sonra Ağa Laçınlını “Azərin atası” kimi tanımağa başladılar?

- Ağa Laçınlını övladlarına görə tanıyanların arasında onu “Oqtayın atası”, “Azərin atası” kimi tanıyanlar da var. Amma övladına görə tanıyanlar onu əsasən “Fəxrinin atası” kimi tanıyırlar. Mənə elə gəlir, min ildən, iki min, üç min ildən sonra Ağa Laçınlını əsasən “Fəxri Uğurlunun atası” kimi tanıyacaqlar. Ümumiyyətlə, gələn minilliklərdə bizim hamımızın adının əsasən Fəxrinin adı ətrafında dövr edəcəyini düşünürəm. Mən hesab edirəm ki, bu gün yer kürəsinin heç bir nöqtəsində Fəxri Uğurlu qədər dərin bir insan yoxdur. Və qətiyyən şübhə etmirəm ki, min illər keçəcək, yer kürəsində yenidən Ağa Laçınlı kimi bir ata, Fəxri Uğurlu kimi bir oğul doğulacaq.

- Bir sözlə, sizə gerçək varis deyəkmi?

- Ağa Laçınlının əsl varisi ailəmizin böyük övladı Fəxridir. Ondan sonra Oqtay, sonra mənəm. Yəni mən də varisəm, amma yerim üçüncüdür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR