İnsanlara hürriyət, millətlərə istiqlal!

Adın nədir? Daşdəmir... – ABŞ-ın Azərbaycana qarşı mövqeyi necə yumşaldı...

2526 28.11.2023 14:25 Dünya A A

Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında baş tutan telefon danışığı barədə yayılmış informasiya, nə qədər korrekt təqdim olunsa da, bir çox mətləbləri açıq-aydın üzə çıxarır.

Birincisi, bəlli olur ki, özünü dünya hegemonu sayan, planetin bütün nöqtələrində öz iradəsini haqlı-haqsız yeritməyə çalışan superdövlət heç də həmişə, xüsusilə də haqsız olduğu situasiyada ötkəm ola bilmir və ziyanın yarısından qayıtmağı üstün tutur.

Azərbaycanla durduq yerdə “atı daşlığa sürməsi”, yox yerdən gərginlik yaratması nə ABŞ-ın milli maraqlarına cavab verirdi, nə də beynəlxalq hüququn tələblərinə uyğun idi. Çünki Azərbaycan beynəlxalq birlik qarşısında hər hansı bir qəbahətə yol verməmiş, beynəlxalq qanunları və konvensiyaları pozmamışdı. Bu dövlət sadəcə öz daxilindəki separatizm yuvasına, mütəşəkkil cinayətkar dəstələrə 23 saatlıq antiterror əməliyyatı ilə qəti və həlledici zərbə endirmiş, bu zaman mülki tikililərin və əhalinin zərər çəkməməsi üçün dünyada analoqu olmayan bir şəkildə diqqətli davranmışdı.

Xankəndi və onun həndvərindəki yaşayış məntəqələrindən erməni əsilli sakinlərin başqa dövlətin ərazisinə köçürülməsi təşəbbüsü isə sırf “başqa dövlət”ə, yəni Ermənistana və yerli özünüidarəetmə qurumlarına aid idi. Hətta bu addım Azərbaycan tərəfi üçün çox gözlənilməz olmuşdu. Ona görə də heç bir zorakı deportasiyadan söhbət gedə bilməzdi. Bunun belə olmadığını dünyaya görk edən yüzlərlə videomaterial mövcuddur.

ABŞ tərəfi isə bütün bu gerçəkliklərə etina etmədən Azərbaycana ittihamlar yağdırır, onu “insanları zorla yaşayış yerlərindən çıxarmaq”da suçlayır, başqa dövlətin ərazisinə təcavüz planları tərtib etməkdə qınayır və sair əsassız iddialar irəli sürürdü.

Təbii ki, bunlar cavabsız qoyula bilməzdi. Ona görə ki, qüdrətli dövlət olmaq hələ haqlı olmaq demək deyildi.

İkincisi, Blinkenlə Əliyevin telefonla danışaraq qarşılıqlı anlaşma əldə etməsi ilə ortaya çıxdı ki, bir kiçik dövlətin qarşıdurma yaşadığı böyük dövlətin dünya hegemonu olmasından, hərbi, siyasi, iqtisadi qüdrətindən çəkinməyərək sona qədər öz mövqeyini müdafiə etməsi vacibdir və burada əsas məsələ kiçik dövlətin haqlı olmasıdır. Azərbaycan haqsız olsaydı, ABŞ-ın təzyiqləri qarşısında tab gətirə bilməzdi. Azərbaycanın öz mövqeyində ardıcıl olması, ABŞ-ın isə mövqeyindən geri çəkilməsi ilə təsdiq olundu ki, heç bir qüvvə kefi istəyəndə Azərbaycana təzyiq göstərə, onunla təhdidkar ritorika ilə danışa bilməz.

Üçüncüsü, o da aydın oldu ki, böyük dövləti idarə etmələrinə baxmayaraq, ABŞ dövlətinin başbilənləri yanlış informasiya əsasında yanlış qənaətlərə gələ bilirlər. Məsələn, bu, son iki ayda Entoni Blinkenin Azərbaycanın qarşısında ikinci manevridir. Birincidə o, Azərbaycanı Ermənistana real hücumdan çəkindirmək üçün tədbir görəcəklərini bəyan etmiş və elə qələmə vermişdi ki, bu təhlükə son dərəcə ciddidir. Halbuki nə Ermənistan-Azərbaycan sərhədində elə bir gərginlik vardı, nə Azərbaycan rəsmilərindən kimsə Ermənistanı təhdid etmişdi. Bu bəyanatın ertəsi günü Blinkenin komandası “barıtı çox qoyduqları”nı görərək əvvəlki fikirlərini malaladılar, üzə çıxarılacaq hala gətirdilər.

Dördüncüsü, məlum olur ki, erməni yalanları bir yerə qədər effektli olur, beynəlxalq fikri müəyyən diapozonda çaşdıra bilir, onun qarşısından qaçmayanda, əsl həqiqətin nədən ibarət olduğuna dair mübarizə aparanda və təzyiqlərə lazımi cavab verəndə, nəhayət, gerçəklik üzə çıxır və hücum edən tərəflər öz hərəkətlərində düzəlişlər edirlər.

Bundan başqa, ABŞ tərəfinin tutduğu yanlış yoldan dönməsi ilə aydın oldu ki, bu dövlətin daimi çəkişmədə olduğu Rusiya ilə intriqası bir çox hallarda onun gözünü tutur və bu, Ağ Evin obyektivliyinə ciddi mənfi təsir göstərir. ABŞ administrasiyası hesab edir ki, Rusiya ilə normal münasibəti olan istənilən dövlət haqsızdır və əksinə, hansı dövlət Rusiya ilə ziddiyyətdədirsə, onu müdafiə etmək lazımdır. Fəqət bu meyar 4-5 il əvvəl indiki kimi işləmirdi. ABŞ Rusiyanın ağuşunda olan Ermənistanı dəstəkləyir, Kremllə maraqları toqquşan Azərbaycana lazımi dəstək verməkdən çəkinirdi.

Ona görə də hadisələrin bu istiqamətdə inkişafı ABŞ-a və onun Cənubi Qafqaz siyasətinə ciddi zərbələr vurub. Vaxtilə Gürcüstan və Azərbaycanla daha yaxın, daha yaxşı münasibətləri olan ABŞ-ın regionda mövqeləri zəifləyib və bu nəhəng dövlət kiçik Ermənistanın ümidinə qalıb.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR