İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyinin qərəzi və ya sovqatla yola saldığımız Kazaryanı Xocavənddə necə xilas etməli?

2072 09.01.2023 14:03 Yazarlar A A

Xocavənd rayonunun Çartar kənd sakini Toros Kazaryanın Laçın yolundakı aksiya iştirakçılarına dəfələrlə təşəkkür etdikdən sonra Xankəndiyə yeni il sovqatı əlində yol alması ötən bazarın unikal kadrlarından oldu. Bu, həm də “azərbaycanlılar 12 dekabrdan Laçın yolunu bağlayıb, erməniləri genosid edirlər”-şivəni qoparan hay və küyçülərə tərs şapalaq oldu.

Azərbaycanlı hərbçilərdən siqaret və yemək istəyən Toros qarnını doyuzdurandan sonra məmnun qayıtdı. Amma şübhə etmirik ki, erməni separatçılar yediyi azərbaycanlı çörəyini onun burnundan gətirəcəklər. Budur, erməni tərəf yenə də xəbis mövqeyini ortaya qoyub, iddia olunub ki, guya Toros çobanmış, ruhi xəstəymiş, azıbmış, daha necə nağıllar…Ruhi xəstəyə donuzmu etibar edirlər? Nə oldu, Azərbaycan tərəfə keçən bütün ermənilər ruhi xəstə oldu?

Bircəciyinin vicdanı yoxdur ki, çıxıb belə insani münasibətə görə Azərbaycan hərbçilərinə və dinc aksiya keçirən ekofəallara təşəkkür etsin. Deyək ki, erməniçilik xəstəliyi ədalətli mövqeyə imkan vermir, bəs bunun Amerikası, Fransası, ATƏT-matəti?! 29 gündür Azərbaycanı ittiham edirlər, yorulmurlar, amma bu cür gündəm hadisəsini görməzdən gəlirlər. Azərbaycanın 4 mindən artıq vətəndaşı əsir, girov və itkindir. Amma bu günədək onların taleyi ilə bağlı Ermənistanı sorğulamayıb özünü hakimi-mütləq aparanlar. Yaxud indiyədək erməni girovluğundan hansı azərbaycanlı Torossayağı, kefi kök, damağı çağ qayıdıb? Dilqəm və Şahbazın Kəlbəcərdə başına gətirilənlər dünənin söhbətidir, olmazın işgəncələrə məruz qaldılar Şuşa həbsxanasında… Erməni əsirliyində, girovbluğunda olan azərbaycanlıların damarına kerosin yeridilməsindən tutmuş, orqanlarının çıxarılmasınadək, o qədər dəhşətlər olub ki…Erməni cinayətlərini dilə gətirməyənlər, Torosa göstərilən humanist münasibəti də görməz olublar. Çünki onların niyyəti ortada: “Azərbaycanı Laçın yolunu bağlamaqda, humanitar fəlakət yaratmaqda suçlamaq”, vəssalam!

Gözləmək olardı ki, nəhayət, kimsə ədalətli görünmək üçün sükutu pozacaq. Amma ...Budur, İrəvandakı ABŞ səfirliyinin mövqeyi: “Rəsmi Vaşinqtonun fikrincə, Laçın dəhlizinin bağlanması sülh prosesinə mane olur və beynəlxalq etimadı pozur”. Səfirlikdən “Azadlıq” radiosunun sualına cavab olaraq bildirilib. Qeyd olunub ki, ABŞ “Laçın dəhlizinin əlçatanlığının pozulmasından və mövcud vəziyyətin humanitar nəticələrindən narahatdır”. Ardınca da “Biz dəhliz boyu nəqliyyatın hərəkətini tam bərpa etməyə çağırırıq. Bütün məsələlərdə irəliləyişin yeganə yolu danışıqlardan keçir”, - səfirlik qeyd edib. Eyni hava, eyni iddia, həqiqəti görməzdən gəlmək cəhdi...

Özlərinə sual etmirlər ki, biz yarım milyon erməninin yaşadığı Los-Ancelesə “Laçın dəhlizi” sayağı toxunulmaz sayılan dəhliz verərikmi, istədikləri kimi gedib-gəlsinlər? Azərbaycanın sərhəd bütövlüyünü təmin etməsini ABŞ-da niyə “qəbahət” hesab edirlər ki? O ölkədə ki, oraya səfər vizası almaq üçün aylarla səfirliyə ayaq döyməli oluruq. Amma ABŞ-ın İrəvandakı səfirliyi Azərbaycana çağırış edir ki, Laşın yolu ilə İran, Suriya, Liviya, Ermənistandan gələn terrorçuların sərbəst giriş-çıxışına imkan yaradılsın, burada talanan sərvətin aparılmasına maneə törədilməsin! Bu, nə məntiqdir belə?! Demirsiniz erməni əhalinin vəziyyəti, humanitar məsələ-filan, Torosun durumu real vəziyyəti əks etdirir. Hansı ki, Azərbaycan əsgəri onun kəşfiyyatçı olduğunu elan edib, başına bir güllə sıxar, quyulayardı. Azmı vətəndaşımızı qətlə yetirib erməni canilər. Amma Azərbaycan əsgəri heç müharibədə mülki əhaliyə atəş açmayıb, kişi kimi döyüşüb! Fərqə baxın, azərbaycanlıların aclıqdan və soyuqdan xilas edib, evinə göndərdiyi Kazaryanı erməni radikallar öldürməklə hədələyiblər, sosial şəbəkələrdə bu barədə müzakirə açıblar. İndi baxın, kimdir genosid etməyə meyilli, kimdir qaniçən, vandal, yolkəsən, başkəsən?! Bütün bunları görmək üçün kor olmamaq lazımdır!

Torosun əhvalatı vaqe olan gün ABŞ-da yaşayan bir jurnalist-ekspert Xaqar Çemalinin anti-Azərbaycan fikirləri tirajlanmışdı erməni mediasınada. O da iddia edirdi ki, Laçın yolunun “bağlanması” səbəbindən Qarabağ erməniləri “tədrici genosidə” (?!) məruz qalırlar. İddiaya, sərsəmləməyə baxın da! Hətta erməni separatçı, milyarder Ruben Vardanyan sosial şəbəkədəki səhifəsindən paylaşdığı ermənicə müraciətində Laçın yolunun blokadada olmadığını etiraf edib. Deyib ki, onlar Laçın yolu vasitəsilə qida, dərman əldə edə bilirlər: Sitat: “Bəli, bu vəziyyət 100 faizlik bir vəziyyət deyil. (blokada nəzərdə tutulur) Bizim “həyat yolumuz” var ki, onlar bizə imkan verir ki, az miqdarda dərman əldə edək, az miqdarda qida əldə edək. Bu yaradılmış imkandan çox incə formada istifadə etməliyik. Bu imkanın şəxsi maraqlar üçün istifadə edilməsini qəbuledilməz hesab edirəm”. Bu, erməni separatçı-terrorçu rejimin başında duran və radikallığı ilə digərlərini kölgədə qoyan birisinin etirafıdır. Amma amerikalı hansısa Çemali, ya ABŞ səfirliyi iddia edir ki, Azərbaycan Qarabağdakı erməniləri acından öldürür. Azərbaycanın belə bir qəsdi olsa, humanitar dəstək təklif etməz, Qarabağ erməniləri üçün “Qaynar Xətt” elan edib, telefon nömrəsini tirajlamazdı. Görün bir beynəlxalq təşkilat Bakının bu addımlarını təqdir etdimi? Yox, etməzlər! Azərbaycan istəsə, Vardanyanın dediyi “həyat yolu”nu bir həmlə ilə qapayar, istəmir, çünki məqsəd-məram erməni əhaliyə qəsd ertmək deyil, erməni separatçı-terrorçu, ekoloji talançı rejimi torpaqlarımızdan rədd etməkdir! Sadəcə, Ruben Vardanyan ermənilərin Laçın yolu ilə gedib-gəlməsinə imkan vermir ki, beynəlxalq səviyyəyə tamaşa göstərmək imkanı qalsın.

Ermənistandakı ABŞ səfirliyi məgər gerçəklikdən bu qədərmi məlumatsızdır? İrəvandakı səfirlikdə 2 mindən çox amerikalı çalışır və Rusiya oranı labaratoriya hesab edir. O labaratoriyada kimsə yoxdurmu Laçın yolunun bağlı, ya açıq olduğunu “tədqiq edib”, səfirə də desinlər?!

Bu arada, Qarabağ separatçılarının barəsində araşdırmalara başlatdıqları Toros Kazaryanın başından bir tük əskik olsa, cavabını kim verəcək? Söhbət Azərbaycan vətəndaşı olan, Xocavənd ermənisindən gedir. Dövlətimiz millətindən asılı olmayaraq, hər kəsin təhlükəsiz yaşamasına təminat verir, bu təminata maneə isə Laçın yolu deyil, Vardanyan-Arutunyan rejimidir, ABŞ, Fransa və digərlərinin dolayı, yaxud açıq müdafiə etdikləri, bəslədikləri rejim...

Kazaryan kimi miskin durumda olanlar az deyil, lakin hamısının imkanı yoxdur Azərbaycan əsgərinə pənah aparsınlar. Günün birində Toros və digər mülki vətəndaşlarımızın girovluqdan xilası üçün Azərbaycan əməliyyata başlasa, yenədəmi qarşımızı kəsməyə çalışacaqlar?!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR